Natiq Cəfərli: Ən maraqlısı odur ki, Efiopiya BMT-dən ən çox ərzaq alan ölkələrdən biridir
Cənub-Cənub mükafatı BMT-nin Ərzaq və Kənd Təşərrüfatı Təşkilatı, Davamlı İnkişaf üçün Cənub-Cənub İdarəedici Komitəsi, Beynəlxalq Telelkommunikasiya İttifaqı, Cənub-Cənub Əməkdaşlığı üzrə Beynəlxalq Təşkilatı və bir sıra BMT-yə üzv dövlətlər, agentliklər və fondlar tərəfindən təsis olunub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sözügedən mükafat BMT-nin hesabatlarına əsasən kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, Minilliyin İnkişaf məqsədlərində əsaslı irəliləyişlərə nail olmuş ölkələrə verilir.
Qeyd olunmalıdır ki, Azərbaycan 2015-ci il üzrə sözügedən mükafata layiq görülüb.
Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyinin siyasi iradəsi, bununla əlaqədar həyata keçirilmiş dövlət proqramları, savadsızlığın və yoxsulluğun minimuma endirilməsi və Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi istiqamətində görülmüş tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Cənub-Cənub mükafatı ilə təltif olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim olunmuş mükafatı cənab Prezidentin adından nazir Elmar Məmmədyarov qəbul edib.
Ancaq Azərbaycanla birgə Efiopiya, Fici və Latın Amerikası və Qəraib hövzəsi dövlətlərinin birliyi də kənd təsərrüfatı və Ərzaq təhlükəsizliyi proqramında Minilliyin inkişaf məqsədlərinin uğurla həyata keçirilməsi istiqamətində görülmüş tədbirlərə görə bu mükafatı alıblar.
Sual olunur, Azərbaycanın kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi Fici və Efiopiya kimi dövlətlərlə oxşar durumdadırmı?
Bu barədə Meydan TV-yə danışan iqtisadçı Natiq Cəfərli bu tip mükafatların simvolik hesab olunduğunu dedi: “Ən maraqlısı odur ki, Efiopiya BMT-dən ən çox ərzaq alan ölkələrdən biridir. Bu amil Efiopiyada ciddi ərzaq probleminin olduğunu təsdiqləyir. Ona görə həmin mükafat həvəsləndirici bir mükafatdır”.
Azərbaycanın ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının vəziyyətinə gəlincə, iqtisadçı 10 il öncə prezidentin “Ərzaq təhlükəsizliyi proqramı”nın elan etdiyini xatırladaraq bildirdi ki, ötən müddətdə heç bir ciddi nailiyyət əldə olunmadı. Azərbaycanın bugün strateji hesab olunan ərzaq məhsulları növündə xaricdən asılılığı xeyli dərəcədə yüksəkdir.
“Konkret faktlara keçək, çörək üçün istifadə olunan buğda məhsullarının əksəriyyəti Qazaxıstandan, Ukraynadan və Rusiyadan gətirilir. Baxmayaraq ki, hökumət bununla bağlı təşviq proqramları həyata keçirdi, taxıl əkən fermerlərə hər hektara görə 80 manat əlavə vəsait də verdilər, amma problem həll olunmadı. Taxılçılığın keyfiyyətsiz və aşağı məhsuldarlı olması ölkəni xaricdən taxıl almağa məcbur etdi”,-deyə iqtisadçı bildirdi.
Natiq Cəfərli söylədi ki, son illərdə marketlərdə ərzaq məhsullarının artmasını yerli məhsul kimi qələmə versələr də, heç də belə deyil: “Çünki həmin məhsulların istehsalında da xaricdən gətirilmiş komponentlərin xüsusi rolu var. Məsələn, Azərbaycanda nəzərəçarpacaq yerli məhsullardan biri çaydır, ancaq ölkədə bu qədər çayın istehsal olunmadığını hamı bilir. Çayın 90 faizə yaxını xaricdən gətirilir və ölkədə qablaşdırılıb Azərbaycan adı altında satışa çıxarılır. Yaxud süd məhsullarının tozu Hollandiyadan, Ukraynadan və bəzən İrandan da gətirilir. Ona görə də Azərbaycan ərzaq təhlükəsizliyi baxımından xeyli geridədir və indiki şəraitdə özümüzü ərzaqla təmin etməyimiz mümkün də deyil. Anormal durumlardan biri odur ki, yerli alma və armud xaricdən gətirilmişlərdən xeyli baha olur: “Konkret olaraq, Argentinadan gətirilən alma və armud yerli məhsuldan ucuz satılır. Sadaladıqlarım Azərbaycanın ərzaq təhlükəsizliyi ilə bağlı çox işlər görməsinin vacibliyini ortaya qoyur. Bu işləri görmək üçün rəqabətli biznes mühiti yaradılmalıdır. Görünən odur ki, hökumət ritorik çıxışlardan irəli getmir”.