İlham Şaban: “Qiymətlərin düşməsi İrn amili ilə bağlı deyil”
Dünya Bankının ən son proqnozuna görə, İran üzərindən ABŞ-ın başçılığı ilə qoyulmuş sanksiyaların qaldırılması nəticəsində neftin bir barrelinin qiyməti 10 dollar da ucuzlaşacaq.
Bankın ekspertləri bildirirlər ki, Hindistan, Çin və Britaniya kimi kimi ölkələrin sanksiyaların ləğvinin ardınca Tehranla ticarət əlaqələri xeyli intensivləşəcək.
Ekspertlərin fikrincə, beynəlxalq sanksiyaların qaldırılması nəticəsində 2016-cı ildə İranda iqtisadi artım 5 faizdən çox olacaq. Hazırda bu rəqəm 3 faizdir.
Dünya Bankının xüsusi bəyanatında deyilir ki, İranla iyulun 14-də imzalanmış nüvə sazişi ratifikasiya olunarsa, İran üzərindəki ABŞ və Avropa İttifaqının sanksiyaları qaldırılacaq.
Dünya Bankının açıqlamasını Meydan TV-yə şərh edən neft sahəsi mütəxəssisi İlham Şaban deyir ki, bank dekabrda və gələn ilin əvvəlində növbəti açıqlama yayacaq və qiymətlərlə bağlı korrektə edilmiş rəqəm ortaya çıxacaq: “Ancaq söhbət ondan gedir ki, ilin ikinci yarısı başlayandan cari ilin əvvəlində olduğu kimi dünya neft bazarında çox neqativ atmosfer hökm sürür. Heç kəsin gözləmədiyi halda yanvarda “Brent” markalı nefrtin qiyməti 45 dollara qədər endi. Məsələ ondadır ki, ciddi təhlilçilər, mərkəzlər, banklar 2014-cü ilin sonunda bu barədə heç nə deməmişdilər. Ona görə həmin təhlilçilər və banklar bu ilin fevralında cari il üçün öz proqnozlarını korrektə etməyə başladılar. Halbuki, onlar orta qiyməti təqribən 60 dollar civarında vermişdilər və bu qiyməti 52-54 dollara qədər endirdilər. Ancaq gözlənilməz hadisələr yaşandı ki, bu, fevraldan neftin qiymətinin artması ilə bağlıydı. Mayın əvvəlində 68 dollara, cari ildə özünün pik nöqtəsinə çatdı. Bundan sonra İran-“Altılıq” danışıqları haqqında mətbuata informasiya sızıntısı neftin enməsinə səbəb oldu. Ancaq qiymətlərin düşməsi yalnız İran amili ilə bağlı deyildi. Artıq birinci rübün yekunları, ikinci rüblə bağlı proqnozlarda neftin qiymətinin formalaşması məsələsində siyasət arxaya keçirdi”.
İlham Şaban fikrini əsaslandırmaq üçün İŞID, Yaxın Şərqdəki əməliyyatlar, Türkiyə daxilində və sərhədlərindəki hadisələri xatırlayaraq bildirdi ki, bu olaylar birjada neftin qiymətində sabitləşdirici rola malik olmadı: “Halbuki, onilliklər dövründə birjalara neqativ informasiyaların çox əhəmiyyətli rola malik olduğu təsdiqlənib. Bu gün neqativ informasiyalar neftin qiymətinin enməsinin qarşısına sədd çəkə bilmir. Bazara təsir edən amillərdən biri Amerika Enerji Agentliyinin ölkəsinin neft ehtiyatları haqda açıqlamalarıydı. Başqa bir amil Avropa iqtisadi templərinin azalmasıydı, həmçinin Çin iqtisadiyyatının illərdir yerində qalan 8 faizin birdən-birə 5 faiz ətrafında bərqərar olmasıydı ki, bu da Çinin neft istehlakına çox böyük təsir etdi. Bütün bu iqtisadi informasiyanın fonunda neftə olan tələbat azaldı. Artıq iyulun 14 -də İranla “Altılıq”ın danışıqları müsbət həllini tapanda məlum oldu ki, dekabrdan Tehran öz neftini dünya bazarına çıxardır. Gələn il İran 1 milyon barrel əlavə neft həcmini bazara çıxartmaqla 2,3 milyon barrel ixrac imkanını öz əlində saxlayacaq. Beləliklə, bazarda tələbin təklifi üstələdiyi bir dövrdə Dünya Bankı (DB) neft qiymətlərinin 20 faizdən çox ucuzlaşacağını açıqlamışdı”.
Amma ekspert DB-nın proqnozuna bir qədər şübhə ilə yanaşdığını da gizlətmir: “Çünki cari ilin orta qiymətini götürsək, ilin birinci yarısında neftin qiyməti 59 dollar olub. Bu templə davam etsə, yəni qiymət 50 dollar ətrafında qalsa və daha 10 dollar ucuzlaşma ixracatı neftdən asılı ölkələrə çox böyük zərbə olacaq. OPEC-in avqust hesabatında qeyd olunur ki, Körfəz ölkələri cari ilin birinci hissəsində neftin qiymət enməsindən ötən ilin müvafiq dövrü ilə müqayisədə 62 milyard dollar itkiyə məruz qalıblar. Təsəvvür edin, gələn il neftin qiymətində daha 20 faiz ucuzlaşma olsa, itki 80 milyarda qədər arta bilər. Bu baxımdan şirkətlər komfortlu rəqəmi 60-65 arasında götürürlər, söhbət istehsalçılardan gedir. Bu gün iqtisadiyyatları neftdən asılı olan istehsalçılar ehtiyatlarından istifadə edirlər. Həm də bu proses uzun müddətli gedə bilməz. Əgər Dünya Bankının 2020-2025-ci illər üçün proqnozlarına baxsaq, neftin qiymətinin artdığı müşahidə olunur. Ona görə 10 il sonrakı qiyməti 90 dollar göstərib, qiymətin 100 dollara çatmayacağını qeyd edirlər. Bu məsələdə bazarda alternativ enerji mənbələrinə marağın çox olduğunu da nəzərə almalıyıq”.