“Rasim Əliyev Azərbaycanın parlaq, öz işini vicdanlı şəkildə yerinə yetirən gənclərdən biri idi. Onun ölümü Azərbaycan cəmiyyəti üçün itikdir”
13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan siyasi məhbuslar jurnalist, ictimai fəal Rasim Əliyevin ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər.
Siyasi məhbus Anar Məmmədli yaxınları ilə telefon söhbətində bildirib ki, R.Əliyevin ölümü onu və onunla birlikdə 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan siyasi məhbusları sarsıdıb, kədərləndirib.
Məlumatı Meydan TV-yə Anar Məmmədlinin yaxınları çatdırıb.
Bildirilir ki, Rasim Əliyev Azərbaycanın parlaq, öz işini vicdanlı şəkildə yerinə yetirən gənclərdən biri idi. Onun ölümü Azərbaycan cəmiyyəti üçün itikdir”.
A.Məmmədli jurnalistlə belə davranışı – onun öldürülməsini qətiyyətlə pislədiklərini qeyd edib.
A.Məmmədli hesab edir ki, ölkədə jurnalistlərin təhlükəsizliyi təmin edilməlidir, ifadə azadlığına qarşı hörmətlə yanaşılmalıdır.
A.Məmmədli Rasim Əliyevin ölümünə səbəb olmuş hər kəsin qanun qarşısında cavab verməli olduğunu bildirib və hakimiyyəti jurnalistlərin təhlükəsizliyini təmin etməyə çağırıb.
“Biz siyasi məhbuslar olaraq Rasim Əliyevin öldürülməsindən sarsılmışıq. Və jurnalistlərə qarşı belə davranışlar bizi çox narahat edir. Rasim Əliyevin ailə üzvlərinə, yaxınlarına başsağlığı veririk, onlara səbr diləyirik. Rasim bəyin ruhu şad olsun”.
13 saylı cəzaçəkmə müəssisəsində siyasi məhbuslar Tofiq Yaqublu, Əbdül Əbilov, Anar Məmmədli, Pərviz Həşimli, Əli İnsanov, İlkin Rüstəmzadə, Fərəc Kərimli saxlanılır.