Vəkil: “Bu, tam qanunsuzluqdur. İnsanın cəza kamerasına salınması onun müdafiə hüququnu məhdudlaşdıra bilməz”
Hazırda Qobustan qapalı həbsxanasında cəza çəkən Azərbaycan Islam Partiyasının lideri Mövsüm Səmədov cəza kamerasına (karser) salınıb. Ailə üzvləri M.Səmədovun artıq 6 gündür ki, cəza kamerasına salındığını bildirirlər.
Vəkil Anar Qasımlı “Turan İA”a bildirib ki, iyunun 19-da Qobustan həbsxanasına gedərək Səmədovla görüşməyə cəhd edib.
“Məni görüşə buraxmadılar. Həbsxanada dedilər ki, Mövsüm Səmədov iyunun 25-dək cəza kamerasında olacaq, yalnlız iyunun 25-dən sonra görüşə gəlmək olar. Onun cəza kamerasına nə vaxt salınması və hansı səbəbdən salınması barədə mənə məlumat vermədilər”, – vəkil qeyd edib.
AIP sədri Mövsüm Səmədov 2011-ci ilin yanvarında hökuməti kəskin tənqidindən sonra həbs edilib. O, hakiimiyyəti zorla ələ keçirməyə cəhd, qanunsuz silah saxlama və başqa ağır ittihamlarla 12 il müddətinə azadlıqdan məhrum edilib. 2014-ci ilin payızında M.Səmədov Qobustanda qapalı tipli həbsxanaya köçürülüb.
Vəkil M.Səmədovla görüşünə icazə verilməməsini qanun pozuntusu sayır.
“Bu, tam qanunsuzluqdur. İnsanın cəza kamerasına salınması onun müdafiə hüququnu məhdudlaşdıra bilməz. Əksinə, Səmədovun indi müdafiəyə daha çox ehtiyacı var. O, müdafiəçi vasitəsi ilə şikayət verə bilər”, – vəkil qeyd edib.
A.Qasımlı M.Səmədovun cəza kamerasına salınması barədə qərarı aldıqdan sonra şikayət verəcəyini bildirib: “Bu gün qərarın surətini almaq üçün yazılı müraciət edəcəm. Qərarı alan kimi şikayət edəcəm. Əslində Səmədov cəza kamerasından çıxandan sonra şikayət vermək də əhəmiyyətini itirir. Bu səbəbdən də qərarın surətini verməyi yubadırlar”.
Pentinsiar Xidmətin ictimaiyyətlə əlaqədar şöbəsindən Meydan TV-yə bildiriblər ki, Cəzaların icrası məcəlləsinin 116-cı maddəsinə görə bu barədə heç bir məlumat verə bilməzlər.