Müsavat Partiyası Başqanının müşaviri. 27 iyun, 2013-cü ildə, Cinayət Məcəlləsinin 127.2.3 və 221.1 (xuliqanlıq) maddələri ilə həbs edilib. Cəza müddəti 3 il 6 aydır. Təqdim etdiyimiz yazı, Yadigar Sadıqovun Azərbaycanda keçirilən Avropa Oyunları ilə bağlı Meydan.Tv-yə yazdığı fikirləridir.
Pentensiar xidmətin son illərdə istifadəyə verdiyi 2 müəssisəsini istisna etməklə, digərləri müasir standartlardan çox uzaqdır. Onların da içində ən bərbadı mənim saxlandığım 14 saylı cəzaçəkmə müəssisəsidir. Səhra kimi yerdə, daş karxanalarının əhatəsində yerləşən bu müəssisə 50 ildən də çox öncə istifadəyə verilib. Təkcə onun yaşını, xüsusən də totalitar sovet hakimiyyəti dövründən qalmasını nəzərə alsaq, məncə, ətraflı təsvirə ehtiyac yoxdur. Digər tərəfdən, külək əsən kimi, daş karxanalarından qalxan toz ətrafı bürüyür. Bu mənzərəni də təsvir etməyə çətinlik çəkirəm, onu yalnız görmək lazımdır.
Qısaca onu yazım ki, burada saxlanılmaq insan sağlamlığı üçün təhlükəlidir. Belə müəssisədə saxlanılmaq, əslində, işgəncədir.
Mənim buraya göndərilməyim əlavə cəza tədbiridir. Qanunvericiliyə görə (cəzaların icrası Məcəlləsinin 65.1 maddəsi), mən başqa, yaşayış yerinə daha yaxın olan həbsxanaya göndərilməli idim. Lakin görünür, ölkə hakimiyyəti məni təkcə həbs etməklə təsəlli tapmayıb, buraya göndərməyi də bonus kimi əlavə edib.
Bu günlərdə paytaxtda Avropa Oyunları keçirilir. Qeyri-demokratik rejimlər bu kimi tədbirlərdən daim öz təbliğatları üçün istifadə edirlər. Təəssüf ki, beynəlxalq idman qurumları bunu nəzərə almırlar və 1936-cı ildə nasist Almaniyasında Olimpiada keçirməyi gerçəkləşdirən təfəkkürdən çox da uzaqlaşmayıblar. (Yeri gəlmişkən, Avropa Oyunlarını “alqışlamayanlar” haqda rejimin “satqın” yarlıqlarını oxuduqda, 1936-cı il olimpiadası zamanı Gebbelsin “ Əfsuslar olsun, bizim cəmiyətimizdə hələ ki, satqınlar az deyil və biz belələrini ifşa edib, cəzalandırmalıyq” təbliğatını xatırlamamaq olmur.) Belə halın səbəblərinə son günlərdə FİFA ətrafındakı qalmaqal işıq salır. Korrupsioner idman məmurlarına görünür, qeyri-demokratik, qeyri-şəffaf ölkələrin rəhbərləri ilə əməkdaşlıq daha sərfəlidir.
Problem təkcə mənim həbsimdə deyil. Mənə qarşı olanlar bir istisna deyil. Bu, artıq dövlət siyasətidir, hansısa məmurun, polisin, hakimin özbaşınalığı da deyil. Təəssüf. Bu gün mənim ölkəmdə insan hüquqları total şəkildə pozulur, siyasi məhbusların sayı üçrəqəmli ədədə yaxınlaşır. Azərbaycan Avropanın ən qeyri-azad ölkəsinə çevrilib və bu ölkə hakimiyətinin rəsmi siyasəti, ölkə başçısının siyasi iradəsidir. Avropa buna biganə qalmamalıdır.
Müəyyən səbəblərdən yazım sizə gec çatacaq. Oyunların iştirakçı idmançılar tərəfindən boykot olmayacağı dəqiqləşəndən sonra… Əslində, bu, gözlənilən idi. Lakin xüsusilə qeyd etmək istəyirəm ki, mənsub olduğum və rəhbərliyində təmsil olunduğum Müsavat Partiyası 1 ildən artıqdır, siyasi məhbusların azad edilməyəcəyi təqdirdə Avropa Oyunlarını boykot etmək çağırışı ilə çıxış edəcəyini bəyan etmişdi. Müsavat partiyasının aprel 2015 Məclis sessiyası bu haqda qərar qəbul etdi və məlumatlıyam ki, partiyanın yetkililəri müvafiq idman və insan haqları qurumları, bir sıra demokratik ölkələrlə bu haqda yazışmalar aparıb, 02 iyunda Müsavat Partiyası siyasi məhbusların azad edilmədiyi, insan haqlarının total ayaqlandığı şəraitdə Avropa ölkələrinin dövlət başçılarını Bakıda keçirilən “ İlk Avropa Oyunlarının açılış törənində iştirakdan imtinaya” çağırıb. Faktiki boykot çağırışını edib. Ardıcılıq olaraq da Avropa dövlətlərinin tam əksəriyyəti açılış törənində iştirak etməyəcəyini bəyan edib və törənə qatılmayıblar. Əslində, bu oyunlar adı Avropa, amma Avropa liderlərinin boykot etdiyi, Asiya liderlərinin qatıldığı oyundur.
Şübhəsiz ki, Müsavat Partiyası bu prinsipial siyasi duruşunun bədəlini Avropa oyunlarından sonra “ödəməli” olacaq. Müsavatçılardan yeni həbs edilənlər olacaq. Məhz bu repressiya kabusuna görə digər müxalif təşkilatlar analoji prinsipiallıqla çıxış etməkdən çəkindilər.
Avropanın bır sıra dövlət və hökumət başçıları Oyunların açılışına qatılmaqdan imtina ediblər. Başqa demarşlar da fikirləşmək olar. Texnologiyalar çoxdur, texnoloqlar da həmçinin. Təki istək, prinsipiallıq olsun. Avropa öz dəyərlərinə yüksək sayğı göstərməli, Azərbaycanda heç nə baş vermir kimi, davranmamalıdır. Yoxsa son illərdə biz, Azərbaycan demokratları, Avropa dəyərlərini prinsipsiz Avropa siyasilərindən müdafiə etməklə məşğuluq.
Beynəlxalq ictimai vəziyyət Azərbaycan hakimiyyətinin qaydalarına, şərtlərinə uyğunlaşmaqdan vaz keçməlidir. Son illərdə Qərb ölkələrinin rəsmi şəxsləri Bakıya gələrkən, buradakı səfirliklərin nümayəndələri əyalətə gedərkən, müxalifətçilərlə görüşməkdən belə qorxurlar ki, hakimiyyətin qəzəbi tutar. Dediyim uyğunlaşmanın bir nümunəsidir bu hal. Belə utanverici hallara son qoyulmalıdır. Azadlıq uğrunda mübarizə aparan insanlara daha açıq siyasi-mənəvi dəstək verilməlidir. Sonucda bizim azad Azərbaycan uğrunda apardığımız mübarizə daha azad, daha təhlükəsiz dünya uğrunda mübarizənin bir parçasıdır. Həm də önəmli bir parçası.
Siyasi məhbuslara gəlincə, onların hamısının işlərinə Avropa insan hüquqları məhkəməsində tez, mümkünsə, prioritet qaydada baxılmalıdır. Buradakı fəallar xüsusən son illərdə ağır cəzalar alırlar, illərlə həbsdə sağlamlıqlarını itirərək, öz məhkəmə növbələrini gözləyirlər. AİHM nəzərə almalıdır ki, gecikən ədalət, heç də “mümkün olan” ədalət deyil.
Təbii ki, mən Vətənimin dışlanmış ölkəyə çevrilməsini istəmirəm. Lakin 20 ildən artıq dövrün təcrübəsi göstərir ki, insan hüquq və azadlıqlarının enerji və təhlükəsizlik məsələlərinə qurban verilməsi, yalnız mənfi nəticələr doğurur. Məncə, Avropada hamıya aydındır ki, rəsmi Bakı üçün Avropa yalnız “İNOGATE” müqaviləsidir. Avropa Bakının
“İNOGATE” çərçivəsində özünü boğmamalı, əməkdaşlıq zamanı demokratik islahatlar, insan hüquqlarına hörmət prinsipini prioritetə çevirməlidir.
Nəzərə almaq lazımdır ki, enerji sahəsində əməkdaşlıqda Azərbaycan hakimiyyəti Qərbdən heç də az maraqlı deyil. Qeyri-enerji sektorunun primitiv səviyyədə olduğu ölkədə büdcənin əsas donoru enerji resurslarıdır. Bu səbəbdən də Qərbin guya enerji maraqlarına görə Azərbaycan hakimiyyətinin şıltaqlıqlarına dözməsi versiyası tamamilə əsassızdır. Avropa öz siyasətində bu əsassızlığı qabarıq şəkildə nümayiş etdirməlidir.
Mən bu oyunlara həbsxanada baxacağammı? İlf və Petrovun “12 stul” əsərinin qəhrəmanı Ostap Bender demişkən, biz bu mərasimdə yad adamlarıq.
Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.