“Qadağa olmasaydı indi Tiflisə gedər, onlara dəstək olardım, ən çox da zooparkın yenidən qurulmasında könüllü çalışardım…”
Əslən Gürcüstandan olan REAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli qonşu ölkədə baş verən təbii fəlakətlə bağlı doğma yurduna getmək istəsə də, ona qoyulan qadağa səbəbindən bu imkanını gerçəkləşdirə bilmir. Bu barədə iqtisadçı öz Facebook səhifəsində yazıb:
“Gürcüstanda baş veren faciəyə görə üzüldüm, Allah ölənlərə rəhmət etsin, yaralı olanlara şəfa, gürcü xalqına səbr versin!
Mən əslən Gürcüstanlıyam, amma 8 aydır ölkədən buraxmırlar, 8 aydır orada yaşayan qohumlarımın toyunda, yasında iştirak edə bilmirəm. Baş Prokurorluğa 3 dəfə rəsmən müraciət etsəm də, “ölkədən çıxmağıma niyə qadağa qoyulub” sualına cavab ala bilməmişəm. Ümid edirəm ki, bu absurd qadağa tezliklə götürüləcək. Qadağa olmasaydı indi Tiflisə gedər, onlara dəstək olardım, ən çox da zooparkın yenidən qurulmasında könüllü çalışardım…”.
O, Meydan Tv-yə QHT-lərlə bağlı açılan cinayət işində şahid olması səbəbindən ölkədən çıxışına qadağa qoyulduğunu deyib.
İyunun 13-də Gürcüstanda güclü yağış nəticəsində daşqın baş verib, paytaxt Tiflis dağıntılara məruz qalıb, 12 nəfər həlak olub, onlarla insan evsiz qalıb, şəhər zooparkının dağılması nəticəsində heyvanlar küçələrə axışıb.
İyunun 15-i Gürcüstanda matəm elan olunub.