“
Müəyyən maraqlara hesablanmış açıqlamalar, müsahibələr, hüququn aliliyinə hörmətsizlik kimi qiymətləndirilə bilər”
Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın
Böyük
Britaniyanın nüfuzlu “The Guardian” qəzetindəki məqaləsinə Azərbaycan hakimiyyəti reaksiya verib.
“Azərbaycanda insan haqları: Bıçaq sümüyə dirənib. Birləşmiş Krallıq biganə qalmamalıdır” başlıqlı məqalədə Avropa Şurasının Nazirlər Kabinetinə sədrlik edən rəsmi Bakı sərt tənqid olunur. Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov baş katibin Azərbaycanın 6 aylıq sədrlik dövrünü mənfi qiymətləndirməsini “müəyyən anti-Azərbaycan qüvvələrin təsirinin nəticəsi” adlandırıb.
Əli Həsənov AzərTAC-a müsahibəsində bildirib ki, Azərbaycan üzv olduğu bütün beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Şurasında aktiv fəaliyyəti, təşəbbüskarlığı, prinsipial mövqeyi ilə seçilir, qarşısında duran bütün vəzifələri, öhdəlikləri yerinə yetirir: “Haqlı olaraq həm Avropa Şurasının rəhbərliyindən, həm də üzv dövlətlərdən Azərbaycana qarşı adekvat münasibət gözləyirik. Nə qədər məyusedici olsa da, bildirməliyəm ki, bir sıra hallarda Avropa Şurası da daxil olmaqla bəzi nüfuzlu beynəlxalq qurumlar ayrı-ayrı qüvvələrin üzv ölkələrə təsir və təzyiq mexanizmi funksiyasını yerinə yetirirlər. Qondarma “siyasi məhbus” məsələsinin süni şəkildə qabardılması, əsassız, qeyri-obyektiv iddialarla Azərbaycanı ləkələmək cəhdləri həm Avropa Şurası çərçivəsində əməkdaşlıq mühitinə zərbə vurur, onu öz missiyasının icrasından yayındırır, həm də bu təşkilata olan etimadı sarsıdır”.
Əli Həsənov hesab edir ki, Avropa Şurasının baş katibi Tarbyorn Yaqlandın məqaləsində əks olunmuş bəzi iddialar müəyyən anti-Azərbaycan qüvvələrin təsirinin nəticəsidir və heç bir əsası olmayan subyektiv mülahizələrdən başqa bir şey deyildir.
“Xatırlatmaq istərdim ki, nə Azərbaycan qanunlarında, nə də beynəlxalq qanunvericilikdə konkret cinayət əməli törətmiş hər hansı peşə sahibi ilə bağlı xüsusi imtiyaz nəzərdə tutulmamışdır. Hər bir demokratik ölkədə olduğu kimi, Azərbaycanda da məhkəmələr qərar çıxararkən ayrı-ayrı siyasi dairələrin, fərdlərin iddialarını, arzu və istəklərini deyil, qanunun aliliyini əsas götürürlər. Buna görə də müəyyən maraqlara hesablanmış bəyanatlar, açıqlamalar, müsahibələr, habelə müxtəlif təsir və təzyiq metodları, ilk növbədə, hüququn aliliyinə hörmətsizlik kimi qiymətləndirilə bilər”,- deyə Əli Həsənov bildirib.
Administrasiya rəsmisi cənab Yaqlanda məsləhət görüb ki, Böyük Britaniyanın Avropa İnsan Haqları Məhkəməsindən çıxmaq istəməsi problemini ya Avropa Məhkəməsində, ya da Böyük Britaniyanın özündə axtarsın: “Görünür kənar qüvvələrin təzyiqi altında ayrı-ayrı üzvlərə təşkil olunan əsassız hücumlar, bütün çərçivələri aşan ikili standartlar, qərəzli iddialar Böyük Britaniya kimi demokratik ənənəyə malik bir ölkənin də Avropa Şurasına və Avropa Məhkəməsinə etimadını azaltmışdır ki, o, belə radikal addım atmaq niyyətini ortaya qoymuşdur. Cənab Yaqland haqlı şəkildə bildirir ki, Avropada milli azlıqların hüquqlarının, ifadə azadlığının və məhkəmə sisteminin eroziyası müşahidə olunur. Həqiqətən də, Azərbaycan bir çox Avropa ölkələri ilə müqayisədə milli, dini və insan hüquqlarının müdafiəsi baxımından kifayət qədər tolerant ölkədir və bir növ model rolunda çıxış edə bilər”.
Əli Həsənov sonda bildirib ki, Avropada mövcud durumun səbəblərini ciddi araşdırmaq əvəzinə, günahı gənc demokratik ölkələrin üzərinə atmağa çalışmaq çox bəsit və vəziyyəti daha da mürəkkəbləşdirən yanaşmadır.
“Cənab Yaqlandı bu problem üzərində daha dərindən düşünməyə dəvət edirik”,- deyə o, fikrini yekunlaşdırıb.