“Azərbaycan neftinin hər barelinin qiymətinin 1 dollar ucuzlaşması il ərzində 138 milyon dollar vəsaitin itirilməsi deməkdir”
Noyabrın 4-nə olan məlumata görə, neftin qiyməti 83 dollara yaxınlaşır. Bu barədə öz Facebook səhifəsində şərh verən iqtisadçı Qubad İbadoğlu neftin qiymətinin enməsindən Azərbaycanın ciddi itkilərə məruz qaldığını bildirib.
Qubad İbadoğlu qeyd edib ki, brent markalı xam neftin hər barelinin dünya bazar qiymeti 84 dollar qədər ucuzlaşıb. Hesablamalar göstərir ki, neftin qiymətinin 110 dollardan 84 dollaradək ucuzlaşmasından Azərbaycan gündə 10 milyon dollar, ayda 300 milyon dollar, ildə 3,6 milyard dollar vəsait itirir.
Onun sözlərinə görə, əgər ucuzlaşma proqnozlaşdırıldığı kimi 60 dollaradək davam edərsə və 60 dollarda qərarlaşarsa, o halda itkilər gündə 18,5 milyon dollaradək, ayda 550 milyon dollaradək və ildə 6 milyarda 600 milyon dollaradək arta bilər.
“Digər hesablamalara görə, Azərbaycan neftinin hər barelinin qiymətinin 1 dollar ucuzlaşması il ərzində 138 milyon dollar vəsaitin itirilməsi deməkdir”,- iqtisadçı belə yazıb.