“70 il bundan qabaq qalib gəldiyimiz savadsızlıq yenidən qayıdır”
Medianın və sosial şəbəkələrin son iki günkü gündəmi oktyabrın 25-də Prezident yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) 15 illik yubileyində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin çıxışı olub.
DİA-nın rektoru Urxan Ələkbərovun qısa statistik məlumatından sonra çıxış edən Ramiz Mehdiyev bildirib ki, ilin əvvəlindən ölkə iqtisadiyyatına 19 milyard dollar sərmayə qoyulub. Bu müddət ərzində maliyyə resurslarımız 3 milyard 600 milyon dollar artıb. Hazırda bizim 53 milyard dollardan çox valyuta ehtiyatımız var.
Mehdiyevin 55 faizlik ÜDM artımı və sovet varisliyi
“Ümumi daxili məhsulumuzda qeyri-neft sektoru artıq 55 faizdən çoxdur, lakin ixrac potensialımızın böyük əksəriyyəti hələ də neft-qazla bağlıdır. Son on il ərzində 3 minə yaxın məktəb binası tikilərək istifadəyə verilib. Bütün bunlar onu göstərir ki, biz artıq inkişafımızın yeni mərhələsinə qədəm qoymaq ərəfəsindəyik”,-deyə Ramiz Mehdiyev söyləyib.
R.Mehdiyev DİA-nı sovet partiya məktəbinin varisi adlandırıb: “Varislik prinsipinə sadiq qalsaq, etiraf etməliyik ki, siz 1921-ci ildə Bakıda yaranmış Sovet Partiya Məktəbinin, 1928-ci ildə onun əsasında təsis olunmuş Azərbaycan Mərkəzi Sovet Partiya Məktəbinin, 1956-cı ildə həmin Məktəbin bazasında yaradılmış Bakı Ali Partiya Məktəbinin varislərisiniz”.
Administrasiya rəhbərindən kadr böhranı etirafı
Ramiz Mehdiyev çıxışında narazılıqlarını da gizlətməyib: “Açıq etiraf etmək lazımdır ki, həm Prezident Administrasiyası, həm nazirliklər, həm də yerli hakimiyyət strukturları bu gün ciddi kadr böhranı problemi ilə üzləşiblər. Biz hamımız müasir idarəetmənin incəliklərinə bələd olan hazırlıqlı kadrlara ehtiyac duyuruq və etiraf etməliyik ki, yüksək tələblərə uyğun kadr tapmaqda çətinlik çəkirik. Prezident Administrasiyasının kadr ehtiyatı şəxsən məni heç cür qane etmir”.
“Məmurlar hələ də marksist-leninçi nəzəriyyəyə xas düşüncəyə malikdir”
“İnsanlarla söhbət zamanı görürük ki, onların çoxu hələ də cəmiyyət, sosial ədalət, iqtisadi problemlər və digər məsələlərlə bağlı düşünərkən sırf marksist-leninçi nəzəriyyəyə xas platformadan çıxış edir. Bizim məmurlar da bu baxımdan heç də istisna təşkil etmirlər.
Qloballaşma ilə bağlı çox vaxt deyirlər ki, dünyanın müxtəlif guşələri arasında o qədər sıx informasiya mübadiləsi var ki, elə bil biz hamımız qlobal bir kəndin sakinləriyik. Digər tərəfdən, bizim milli dövlətimiz, milli iqtisadiyyatımız və milli mədəniyyətimiz mövcuddur və qloballaşma ilə bağlı gedən proseslər bizi narahat etməyə bilməz.
Çox yaxşı yadımdadır ki, vaxtilə Mərkəzi Komitədə təbliğat və təşviqat şöbəsi respublikada çıxan bütün qəzet və jurnalları oxuyub təhlil edirdi. Bir anlığa təsəvvür edin ki, kimsə bu gün mövcud informasiya axınını təhlil etmək istəyir. Yeni texnologiyalar və innovasiyalar tamamilə yeni bir məkan və ünsiyyət vasitələri yaradıb. Əfsuslar olsun ki, nə bu şəbəkələrin, nə internetin özünün insan psixologiyasına və həyatına təsiri araşdırılmır. Bu gün gənclər həyatlarının, demək olar, çox hissəsini məhz virtual məkanda keçirirlər. Aydındır ki, kimsə nə bu prosesin qarşısını ala, nə də ona müdaxilə edə bilir. Amma bu proseslər ən azı təhlil olunmalıdır”, – R.Mehdiyev belə deyib.
“Məmmədov Məmməd “hərfləri və rəqəmləri tanımır””
Akademik bildirib ki, cəmiyyətdə cərəyan edən müxtəlif proseslər alimlərin diqqətindən yayınır: “Biz böyük qürur hissi ilə daim qeyd edirik ki, XX əsrin ortalarından etibarən Azərbaycanda savadsızlıq ləğv olunub. Amma son illər ərzində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən orta məktəblərdə keçirilən buraxılış imtahanları göstərir ki, ölkəmizdə elə gənclər var ki, imtahan verə bilmir. Yüzlərlə hallarda imtahanın nəticəsinə dair xüsusi protokol tutulur. Protokolda göstərilir ki, məsələn, Məmmədov Məmməd “hərfləri və rəqəmləri tanımır”. Beləliklə, 70 il bundan qabaq qalib gəldiyimiz savadsızlıq elə bil təzədən həyatımıza qayıdır”.
“Mən bilərəkdən məsələni belə kəskin qoyuram ki…”
Ancaq Ramiz Mehdiyev mövcud vəziyyəti “Mən bunu şərh etmək istəmirəm” deyərək əlavə edir ki, bunun arxasında nə dayanır – əlbəttə ki, ilk növbədə, ailənin, tədrisdə çalışanların və yerli icra hakimiyyətlərinin biganəliyi.
O, bu il ali məktəblərə qəbul imtahanları zamanı Yardımlı və Lerik rayonlarından sənəd verənlər arasında qızların müvafiq olaraq 16 və 21 faiz təşkil etdiyini bildirib: “Masallı, Cəlilabad, Qobustan, Ağsu və Sabirabadda sənəd verən qızların sayı 40 faizdən azdır. Bununla yanaşı, məsələn, Zaqatala rayonunda oğlanların sayı 40 faizdən azdır. Bu, onu göstərir ki, adı çəkilən bölgələrdə kifayət qədər mürəkkəb, gizli və latent proseslər gedir. Mən bilərəkdən məsələni belə kəskin qoyuram ki, qadınları və ümumən cəmiyyətimizi təzədən cəhalətə, mövhumata, aqressiv dindarlığa sürükləmə proseslərinin nə dərəcədə təhlükəli olduğuna diqqətinizi cəlb edim. 1990-cı illərdə Azərbaycana gələn xarici turistlər təəccüblə qeyd edirdilər ki, bura müsəlman ölkəsidir, lakin biz, demək olar, bir nəfər də hicablı qadına rast gəlmədik. Bu gün onlar da, siz də, elə mən də görürük ki, belə xanımların sayı kəskin surətdə artmaqdadır. Hicabla təhsil müəssisələrinə, o cümlədən ali məktəblərə getmək istəyənlərin sayı da gündən-günə artır. Mən əmin deyiləm ki, bu, gənc xanımların özlərinin daxili mənəvi tələbatıdır. Təhlil göstərir ki, bu, əksərən ailədaxili mühitin tələbidir və gənc qızlar da buna tabe olurlar”.
Akademik bir çox regionlarda, xüsusilə də cənub bölgəsində azyaşlı qızların təhsildən yayınaraq qeyri-rəsmi ailə qurmasının artıq adi hala çevrildiyini bildirib. “Onlar nə fiziki, nə də mənəvi cəhətdən hazır olmadıqları halda erkən yaşda ana olurlar. Bu məsələ həm səhiyyə, həm təhsil, həm də hüquq mühafizə orqanlarının diqqətindən necə yayınır? Bəzən böyük ağrı və mənəvi iztirabla özüm-özümə sual verirəm: yəni, bu xalqın Sabiri, Mirzə Cəlili, Cəfər Cabbarlısı olmayıb? Yəni, “Molla Nəsrəddin” jurnalı bu məmləkətdə çap olunmayıb? Doğrudanmı Üzeyir bəyin vaxtilə gülüş hədəfinə çevirdiyi hallar cəmiyyətimizə yenidən qayıdır?”,-deyə Mehdiyev suallar qoyub.
“Gənclərimiz həyatın mənasını əylənməkdə görür”
Ramiz Mehdiyevin sözlərinə görə, heç bir sosioloji sorğu aparmadan qətiyyətlə demək olar ki, orta statistik Azərbaycan gənci bu gün gözəl evinin, bərbəzəkli maşınının və kifayət qədər pulunun olması arzusundadır: “O, həyatın mənasını ancaq əylənməkdə görür. Bütün bunlara nail olmaq üçün o, min bir vasitəyə əl atmağa, o cümlədən qanunu və əxlaq normalarını da aşmağa hazırdır. Zəhmət çəkməyi, çalışmağı, əziyyətə qatlaşmağı o, ümumiyyətlə istəmir.
Mənəvi dəyərlərimizin məruz qaldığı belə bir aşınmanın qarşısını biz nə ilə ala bilərik? Kimsə deyə bilər ki, postmodern dövründə, ümumən, əməyə, əməksevərliyə münasibət dəyişir. Biliklərə əsaslanan iqtisadiyyatda kreativlik əməksevərliyi əvəz edir. Lakin kreativ insan olmaq üçün, ilk növbədə, yüksək təhsil səviyyəsinə malik olmaq lazımdır. Əgər tədris müəssisələrində təhsil mühiti get-gedə belə sürətlə zəifləyirsə, biz buna necə nail olacağıq?
Aydındır ki, bu məsələlər təkcə məni yox, bütün Azərbaycan ziyalılarını narahat edir. Bu narahatlıqdan qurtarmaq üçün lazımi fəaliyyət proqramı işlənib hazırlanmalı və həyata keçirilməlidir”.
“Nə baş verir” – Mehdiyevin sonuncu sualı
O, Azərbaycan cəmiyyətində dinlə bağlı kifayət qədər mürəkkəb proseslərin getdiyindən narahatlığını ifadə edib: “Azərbaycandan bəzi cavanların “islam dövləti” uğrunda mübarizəyə cəlb edilməsi və Suriyaya getməsi bizi çox narahat edir. Aydındır ki, külli miqdarda verilən məvaciblə kimisə şirnikləndirib vətənindən, ailəsindən ayıraraq uzaq Suriyaya göndərmək mümkündür. Lakin bu prosesi təkcə iqtisadi amil ilə əlaqələndirmək də ən azı sadəlövhlük olardı”.
““Nə baş verir” sualına isə biz, ilk növbədə, ona görə cavab tapa bilmirik ki, cəmiyyətdə cərəyan edən proseslər haqqında əlimizdə dolğun elmi məlumat yoxdur”,-deyə Mehdiyev fikrini tamamlayıb (Azər TAc).