“NİDA”çı Şahin Novruzlu da prezidentdən əfv istədi (yenilənib)

Məhbusun atası ona təzyiq edilmədiyini, vəkili isə əks fikirdə olduğunu deyir

Source:

Məhbusun atası ona təzyiq edilmədiyini, vəkili isə əks fikirdə olduğunu deyir

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti NİDA-çı məhbus Şahin Novruzlunun Prezidentə əfv müraciətini yayıb. NİDA-çı ərizəsində törətdiyi əməldən peşmançılığını ifadə edib.

Musavat.com-un yaydığı müraciətdə deyilir: “Möhtərəm cənab Prezident, mən Novruzlu Şahin İbrahim oğlu 1995-ci il 16 sentyabr tarixində anadan olmuşam. Orta məktəbi əla qiymətlərlə bitirmiş və Odlar Yurdu Universitetinin maliyyə-kredit fakültəsində davam etmişəm. Ötən bir il ərzində keçdiyim qısa gənc həyatıma nəzər salmağa imkanlarım çox olmuşdur. Düşünürəm ki, məhkum olmağım həyatımda ən böyük səhvdir. Mən bu səhvi düzəltmək üçün yenidən bir şans verməyi sizdən xahiş edir, daim göstərdiyiniz insanpərvərlik və humanizm prinsirlərinə söykənərək məni əfv etmənizi rica edirəm. Qeyd etmək istəyirəm ki, indiyə qədər heç bir siyasi təşkilatın üzvü olmamışam və bundan sonra heç bir siyasi təşkilatın üzvü olmayacağam”.

Şahin Novruzlu müraciətini bu fikirlərlə bitirib: “Möhtərəm cənab Prezident, şəxsim adına söz verirəm ki, həyatımı dövlətimizin layiqli vətəndaşı kimi yaşayacağam”.

Şahin Novruzlunun atası İbrahim Novruzlu oğlunun  prezidentə müraciətindən xəbərsiz olduğunu deyib.

O, “Turan İA”ın müxbirinə bildirib ki, bu barədə söhbət  uzun müddətdir  gedib. Axır belə bir şey olacaqdı.

“İnanmıram  ki, oğluma fiziki təzyiq ediblər. Bəzi şeyləri indi deyə bilmirəm. Çox şeyi nəzərə almaq olar. Mən belə bir şeyi bəyənmirəm, amma hər halda olub. Şahin ərizəsində siyasi kursunun dəyişməsi ilə bağlı  heç nə yazmayıb. Şahin qabaqlar mənimlə danışmışdı. Mövqeyi belə idi ki əfv yazmayacaq. Deyirdi ki, mənim heç bir  günahım yoxdur. Ola bilsin ki, təsir və ya təklif  olunub” – deyə siyasi məhbusun atası bildirib.

Lakin o, oğlu  həbs olunanda mənzildən götürülən 94 min manatın hələ də qaytarılmadığını deyib.

Ş.Novruzlunun vəkili  Nemət Kərimli isə müdafiə etdiyi şəxsə qarşı  təzyiqlərin olduğunu düşünür.

Bununla belə, o, Ş. Novruzlunun əfv ərizəsi yazmasından təəccüblənmədiyini  və təəssüflənmədiyini bildirib. Onun fikrincə, bu cür siyasi sifarişli işlərdə hakimiyyət qanunsuz olaraq təzyiq edir və buna görə də məhkəmə hökmü çıxandan sonra hər gün əfv ərizəsi yazaraq adiləşdirmək lazımdır.

“NİDA”nın həbs olunan 7 üzvü Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə azadlıqdan məhrum olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Qurbanlı 8, İlkin Rüstəmzadə 8, Rəşadət Axundov 8, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev 7, Məmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaq dövründə onlara qarşı Cinayət Məcəlləsinin 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan olunub.

Ötən ay isə “NİDA”-çılar Bəxtiyar Quliyev və Elsevər Rüstəmli oxşar müraciətlər yazmışdılar.

“Amnesty İnternational” beynəlxalq hüquq-müdafiə  təşkilatı onları vicdan məhbusu elan edib.

Ana səhifəXəbərlər“NİDA”çı Şahin Novruzlu da prezidentdən əfv istədi (yenilənib)