Hәm cәmiyyәt olaraq, hәm müxalif düşәrgә olaraq dәfәlәrlә Ramiz Mehdiyevin iyrәnc mexanizm üsulu ilә üzlәşirik vә tәlәyә düşürük. Amma dәrs çıxartmaq kimi bir sәriştәmiz, bacarığımız vә istәyimiz olmur. Bu dәfә bu mexanizmin sirrini sizinlә bölüşmәk qәrarına gәldim:
Hәmkarlar İttifaqının sәdri Sәttar Mehbalıyev әvvәlcә II qrup Qarabağ əlili Zaur Hәsәnovun obyektini әlindәn alıb, dağıdır. Zaur dinc durmur. İntihara cәhd edәcәyәm deyir. Sәttar da deyir ki, kişi elәdәyini demәz, edәr. Zaur ora-bura şikayәt, xeyri olmur. Sәttar adamlarını göndәrir, başına çuval keçirib, villalarının birindә Zauru şül-küt edirlәr, hәdәlәyirlәr. Zaur yenә dinc durmur vә son olaraq balalarını götürüb, şәhәrin mәrkәzindә özünә od vurur. Sonra Sәttar çıxıb onu qanunsuzluqda ittiham edir, “şərçi, şantajçı” adlandırır.
Müxalif düşәrgә bir neçә gün sonraya aksiya tәyin edir. Hakimiyyәt susur, gözlәyir, xalqın nәbzini yoxlayır. Bu qәdәr hadisәdәn sonra ANS-dәn başqa heç bir TV mәlumat vermir. Hakimiyyәtә yaxın media orqanları, agentliklәr bir kәlmә dә yazmır. Sosial şәbәkәlәrdә virtual qәhrәmanlar Sәttara od püskürür, ictimaiyyәt narazıdır, Qarabağ qazilәri xәstәxana önündә nifrәt saçır. Zaurun vәziyyәti getdikcә ağırlaşır, yaşamaq şansı 1-2 faizә düşür. Vә kuliminasiya nöqtәsi; bundan sonra YAPçı deputatlar Zaura baş çәkirlәr. Prezident Administrasiyası Zaurun bütün xәrclәrini ödәyәcәyini bәyan edir. Dünәn Zauru söyәn Sәttar bu gün onun ailәsinә hәr ay 1500 manat ödәyәcәyini deyir.
Bundan sonra nә olacaq? Deyim dә: toydan sonra nağara – icazәsiz aksiya olacaq. 50-100 nәfәr Fәvvarәlәr Meydanına çıxacaq. Polis tәrәfindәn döyülüb, saxlanılacaq. 5-10 nәfәr hәbs edilәcәk. Sosial şәbәkәlәrdә Sәttarı söyәn igidlәrin özü elә o saxlananlara “vәtәn xaini” damğası vuracaqlar. Bәzilәrini xaricә mühacir qaçmaqda ittiham edәcәklәr. TV-lәr aksiya keçirәnlәr әleyhinә reportajlar göstәrib; İlham Әliyevin Qarabağ qazilәrinә qayğısından ağız dolusu danışacaqlar.
Bax indidәn deyirәm, Allah uzaq etsin, әgәr Zaur vәfat etsә, birinci yapçılar ağlayacaqlar. Hәtta bәlkә İlham Әliyev dә onun cәnazәsini dövlәt sәviyyәsindә yola verdi, bir-iki timsah göz yaşı töküb, Qarabağı almaqdan dәm vurdu. Vә söhbәt belәcә bağlanacaq, unudulub gedәcәk. Olan elә qazilәrә, onları müdafiә edәn gәnclәrә olacaq. İyrәnc mәhkәmә şouları, kölә hakimlәr, әlacsız vәkillәr, çarәsiz iştirakçılar, İlham Әliyevin dostu olan jurnalistlәr vә hiylәgәr rejimlә qarşı-qarşıya qalacağıq.
Mәnsә deyirәm, tәlәsmә Zaur, tәlәsmә. Mәn bu filmin ilk seriyalarını dәfәlәrlә izlәmişәm. 90-larda bu rejimin banisi Heydәr Әliyevin Qarabağ qazilәrinә, veteranlara tutduğu divan mәnim yadımdan çıxmayıb. Polisin onları necә döydüyü, necә yerdә sürüdüyü hәlә dә gözümün önündәdir.
Seriyanın bir bölümünü elә bu ilin әvvәlindә izlәdik. “Әsgәr Ölümünә Son” aksiyaları yadınızdadır? Övladı ölәn anaya nәlәr vәd etdilәrsә, ana az qala öz oğlundan imtina belә edәcәkdi. Cәmiyyәt, hakimiyyәt tәrәfindәn pislənən, vәtәn xaini çıxarılan elә bu gün hәbsxanada yatan “N!DA”çı gәnclәrimiz oldu.
Bütün bu olanlardan sonra ümid edirәm hәr kәs bu rejimin, onun murdar siyasәtinin fәrqinә varar vә atılması gәrәkәn addımlar vaxtında atılar. Çünki gözlәmәk, baş altına yastıq qoymaq ancaq Ramiz Mehdiyevin әlinә işlәyir. Alәt olmamaq vә sәmimi inanan, bu rejimә nifrәt edәnlәri alәt etmәmәk, ümidlәrini, inamlarını sarsıtmamaq ümidi ilә…