Bibiheybət qəsəbəsində yerləşən obyekt bir il öncəyə qədər Qarabağ qazisi Zaur Həsənova məxsus olub. O, 25 dekabrda obyektinin qanunsuz sökülməsinə etiraz olaraq Həmkarlar İttifaqları Konfederasiyasının qarşısında özünü yandırıb. Konfederasiyanın sədri Səttar Mehbalıyev deyib ki, ərazi İttifaqa məxsusdur. Zaur Həsənovun həmin yeri işlətmək üçün bələdiyyə ilə bağladığı müqavilə 2015-ci ilə qədər etibarlıdır. Bir il öncə başlayan məhkəmə çəkişməsində Qarabağ əlilinin bələdiyyə ilə bağladığı müqavilə etibarsız sayılıb. Məhkəmə bələdiyyənin həmin ərazi üzrə qərar vermə səlahiyyətinin olmadığını bildirib.