Yüksələrkən alçalan nazir

Bu ölkədə hər şey inhisardadır. Hətta idmanın, idmançıların özü də. Bu dəfə hakimiyyətin şəxsi qəzəbinə tuş gələn Azərbaycan Alpinizm Federasiyasının üzvləridir.

Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, bir başa Hüseynqulu Bağırov AAF üzvləri ilə şəxsi qərəzlik, vəzifəsindən sui-istifadə edərək qanun pozuntusuna, məmur özbaşınalığına şərait yaradır.

AAF üzvləri Qusarın Ləzə kəndində yarış keçirmək istədikləri halda həm Ekologiya nazirliyi, həm Gənclər və İdman nazirliyi əməkdaşları, həmçinin polisin zorakılığına məruz qalıblar.

Sonunda idmançılara yarışlar keçirilməsi üçün sadəcə FAIREX-ə – Ekstremal İdman Növləri Federasiyasına (ekologiya naziri Hüseynqulu Bağırov rəhbərlik edir) icazə verdiyi haqda məlumat verilib və AAF üzvləri kənddən qovulub.

Azərbaycan Alpinizm Federasiyası 1963-cü ildən, 50 ildir ki, mövcuddur, Fairex isə Bağırov tərəfindən bir neçə il əvvəl deltaplanlarla uçuşlar üçün yaradılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə mətbuata açıqlamasında Azərbaycan Alpinizm Federasiyasını (AAF) “xarici dövlətələrin “isti ocağına” sığınıb saxta və çirkin yollarla ölkəmiz əleyhinə əks təbliğat aparmaqda” ittiham edib.

310 min dollara Antarktikaya gedib Wilson dağına qalxan, yüzminlər xərcləyib daha sonra Kilimanjaro zirvəsinə dırmaşan nazir Hüseynqulu Bağırov görəsən kimin qucağına sığınmaqla bu qədər sərvəti əldə edib? Kimlərə güvənərək çirkin yollara əl atıb, öz ölkəsinin vətəndaşlarına qarşı qanunsuzluqlar edir, qadağalar qoyur?

Əlbəttə ki, dövlətbaşı İlham Əliyevə. Dünən Qusarın“Şahdağ” qış-yay turizm kompleksini ziyarət edən, xizəklə sürüşən İlham Əliyevə. Prezident.az saytında yazılıb: İlham Əliyev əvvəlcə ikinci liftin yamacından sürüşüb dördüncü liftin yanına gəldi. Sonra dördüncü liftlə yuxarı qalxaraq həmin liftin yamacı ilə üçüncü liftə qədər sürüşdü. Daha sonra dövlətimizin başçısı üçüncü liftlə yuxarı qalxaraq yeni açılan yamacla sürüşdü.

Əslində bir balaca da sürüşsəydi Azərbaycan Alpinizm Federasiyasının üzvlərinin yarış keçirmək istədiyi əraziyə gələcəkdi. Sürüşməyinə sözüm yox amma elə həmin kompleksin yerləşdiyi Ləzə kəndində baş verən qanunsuzluq, özbaşınalıqlardan xəbəri varmı İlham Əliyevin? Yoxsa AzTVdən başqa kanal, “Azərbaycan”dan başqa qəzet oxumur? 12 illik nazirinin etdiyi özbaşınalıqlardan məlumatı yoxdursa, 10 ildir zəbt etdiyi vəzifədən sürüşüb getsin o zaman.

Ana səhifəVideoYüksələrkən alçalan nazir