Bir neçə il əvvəl rayonda yaşayan qardaşım uzun saç saxlamağa çalışdı. Saçı bir az uzanar-uzanmaz evdə, qonşuda, qohum-əqrəbada hamı narahat olmağa başladı. Əvvəl ata-anam başladılar ki, yekə kişisən, get saçını kəsdir, bizi biyabır eləmə. Gəncdi, həvəslidi, fərqli nəsə eləmək istəyir deyə düşünüb, evdə bir az qardaşıma dəstək verdim. Söhbət elə bil ki, bağlanacaqdı. Amma şər şey belə asan deyilmiş. Uşaq darvazadan bayıra çıxan kimi yaşıdları başladılar onu barmaqla göstərib, lağa qoymağa. «Qoluboysan?», «Qız kimi bu nə saçdı əə?!», «Saçın bacının saçından uzundu…» kimi damara işləyən suallar və qınaqlarla uşağı gözümçıxdıya saldılar. Ona bir az da ürək-dirək verdim ki, əşi yenilik həmişə belə qarşılanır, fikir vermə, sakitləşəcəklər. Amma yox. Belə olmadı. Məsələyə qonşuların ağsaqqalları qarışmağa başladı. Atamı, anamı yolda, küçədə, məhəllədə tutub, başladılar gileylənməyə. «Heç sizə yaraşan hərəkət eləmir», «O nədi, o uşaqdı, qanmır, bəs sizə nə olub?», «Sizin evdə bir ağsaqqal-qarasaqqal yoxdumu o uşağı başa salsın?», «Sənin oğlun doğrudan oğlandı, yoxsa qızdı?» bu tipli axmaq, yekəbaş, düşük suallar səngimək bilmədi.
Məsələ günbəgün qəlizləşdi. Allahın ver günü evdə dörd-beş santimetr artıq saça görə qardaşımın üzünü it üzü kimi danlayır, bəzən hətta üzünə tüpürürdülər. Axırda atam 25 yaşlı oğlanı saldı şillə-təpiyin altına. Və qarşısına şərt qoydu – ya get saçını kəsdir, ya da şələ-küləni yığ, itil cəhənnəmə mənim evimdən!
Vəssalam. Qardaşımın saç həvəsi beləcə Hamletvari «ölüm, ya olum» məsələsinə döndü. Uşaq məcbur olub saçını kəsdirdi. Bu misalı elə-belə gətirmədim. Bu hadisə bəlkə də hamınızın evinizdə bir balaca fərqli geyinnədə, fərqli davrananda, fərqli aksessuar taxanda üzləşdiyiniz vəziyyətdi. Ölkədə bir balaca fərqli geyinən adam o dəqiqə gülüş, məsxərə, lağlağı obyektinə çevrilir. Saçının qırağını daraqla deyil, balta ilə ayırıbmış kimi sərt «probor»lu, qara kurtkalı, qara, laklı, şişburun ayaqqabılı oğlanların, ömründə bir dənə kitab oxumasa da, Sartr, Kamyu, Kortasar kimi daima kostyumda gəzən avaragor kişilərin, zərli, «şapan-şapan» güllü paltar geyinən qadınların, geyimdə ən böyük yaradıcılıqları hər tərəfindən «brelok» asmaq olan qızların ölkəsində fərqli geyinmək sizə asan gəlməsin. Fərqli saç kəsdirmək, bədəninə döymə döydürmək, pirsinq taxmaq, şortik geyinmək sizə asan gəlməsin. Mərkəzdə, Tarqovıda rahat yeriyə bilsəniz də, kənar məhəllələr, əyalətdə belə geyimlə, saç düzümü ilə fırlanmaq demək olar ki, mmükün deyil. Bir oğlanın şortik, bir qızın cırıq cins geyinib, hansısa rayona getməyi qılıncını sıyırıb, dünyanın ən qanlı savaşına atılan sərkərdənin şücaətindən heç də az deyil. Azərbaycanlılar fərqli geyinənləri, fərqli davrananları parçalamağa hazır bir qövmdürlər.
Çox uzağa getmirəm, ömrümdə bircə dəfə cırıq cins şalvarım olub. Hər dəfə onu geyinəndə ətrafdan eşitmədiyim söz, atmaca, rəşxənd qalmırdı. Anam əyinmdə o şalvarı görəndə şəkəri və təzyiqi necə qalxdısa, üç gün burnunun qanı dayanmadı. Fağır bir şalvar az qala ailə faciəsinə gətirib çıxarmışdı. Sizə zarafat gəlməsin, mümkün deyil, izah etmək olmur.
Demək istəyirəm ki, şortik geyinib, qulağına sırğa taxan, saç uzadan, qaşını qırxan oğlanlar, döyməli, pirsinqli qızlar əsl inqilabçıdılar. Və sizə deyim ki, onlar qismən qalib gəliblər. Fərqli geyinən, saçını fərqli darayan, fərqli saç-saqqal-bığ saxlayan oğlanların sayı artır. Şortik geyinən, döyməli, pirsinqli qızların sayı artır. Onlar saçlarını kvadrat darayan oğlanlara, qara kurtkalılara, laklı ayaqqabı geyinənlərə qalib gəlməkdədirlər. Bu az məsələ deyil. Siyasi rejimin, siyasi hakimiyyətin dəyişməyi, məğlub olmağı zaman məsələsidir. Əliyevlər hakimiyyətinin getməyi zaman məsələsidir. Onlar gedəndən sonra bu rejimin keyfiyyətsiz təhsilinin yetişdirdiyi cahil, savadsız, dünyagörüşsüz, vəhşi bir zümrə qalacaq. O zümrəni indidən zərərsizləşdirmək, fərqlilyi onlara indidən qəbul elətdirmək lazımdır.
Burada həssas bir məsələ var. Belə fərqli geyinən, fərqli aksesuarlardan istifadə edən gənclər mütləq savadlı, mütaliəli olmalıdır. Savad, mütaliə olmasa, onlar öz tərzlərinə, geyimlərinə qarşı hörmətə, ehtirama nail ola bilməzlər. Şortikə bəraət qazandırmaq üçün kitab oxumaq lazımdır.
Odur ki, şortikinizi geyinin, qaşınızı qırxın, sırğanızı taxın, döymənizi də vurun…amma əlinizdə də kitab olsun…