Futbol

Источник: Meydan TV

Başlıq: Futbol

Yəqin Tahir Kərimlinin səsi gedib FİFA-ya, UEFA-ya qədər çatar

Bakıdan ibarət çempionat

Milli Məclisin deputatı Tahir Kərimli parlamentin son plenar iclasında ölkədə futbolun vəziyyətindən danışıb. Gün hayandan doğub ki, Azərbaycan futbolu Milli Məclisdə gündəmə çevrilib? - bu barədə ancaq təxminlərimizi yaza bilərik. Ola bilsin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbəri, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “qələminin qırılacağı” haqda dolaşan xəbərlər Kərimliyə də çatıb. Yoxsa Azərbaycan futbolunun ağlar günə qalması son bir-iki ilin işi deyil ki, illərdir yas içindədir.

Nə isə...

“Futbol elə Bakıdan ibarətdir?”

Tahir Kərimlinin parlamentdəkı çıxışı zamanı dediklərinə gəlincə, millət vəkili futbol üzrə Azərbaycan Premyer Liqasında iştirak edən klubların əksəriyyətinin paytaxt Bakının payına düşməsinə diqqət çəkib və tənqid edib:

“Futbol elə Bakıdan ibarətdir? Güclülər dəstəsindəki 9 klubdan 8-i Bakının payına düşür. Cəmi bir klub Qəbələni təmsil edir. Bəs başqa bölgələr? Futbol və futbol klubları ancaq Bakıdan ibarətdir? Deyirlər ki, Azərbaycan çempionatı keçirildi. Bu, elə Bakı çempionatı olub.

Bunların çoxunu da SOCAR maliyyələşdirir. Hanı bizim böyük şirkətlərimiz? Yuxarı liqalara bir komanda belə, çıxmır. Uduzan da, udan da yerində sayır. Yuxarı liqa, aşağı liqa məsələsi bizim futbolda yoxdur.

Niyə ölkə futbolu yerində sayır? Niyə yerlərdə futbol, uşaq idmanı, uşaq futbolu inkişaf etdirilmir?”

Bir dəqiqə... Hörmətli deputat səhvə yol verir: Azərbaycan Premyer Liqasında 9 yox, 8 klub mübarizə aparır. Bu, son illərdə daim belə olub. Tahir Kərimlinin nəzərdə tutduğu 9-cu komanda hansıdır, bilmirik, amma hazırda Premyer Liqada çıxış edən klublar bunlardır:

  1. Neftçi (Bakı)
  2. Qarabağ (Ağdamı təmsil edir, Bakıda məskunlaşıb)
  3. Zirə (Bakı)
  4. Sumqayıt (Sumqayıt)
  5. Qəbələ (Qəbələ)
  6. Sabah (Bakı)
  7. Keşlə (Bakı)
  8. Səbail (Bakı)

Kərimlinin bu yanlışını “texniki səhv” kimi qəbul edib, keçək digər məsələlərə.

Bəli, futbol elə Bakıdan ibarətdir!

Tahir Kərimli indi Azərbaycan Premyer Liqasında çıxış edən klubların çoxunun Bakıda məskunlaşmasını yada salıb, şikayətlənir, futbol azarkeşləri, idman mətbuatı isə illərdir buna görə üsyan edir. Ancaq nə eşidən var, nə görən. Hanı Lənkəranın “Xəzər Lənkəran”ı, İmişlinin “MKT-Araz”ı, Yevlaxın “Karvan”ı? Hardadır Tovuzun “Turan”ı, Gəncənin “Kəpəz”i, Zaqatalanın “Simurq”u? Hara yoxa çıxdı Masallının “Viləş”i?, Şəmkirin “Şəmkir”i, Qusarın “Şahdağ”ı? Bəs bütün bu klublar dağıdılarkən, təmsil etdikləri rayonlar, şəhərlər futbolsuzluğa məhkum edilərkən Tahir Kərimli və onun kimi başqa deputatlar harda idilər? İmişlidə mərhum prezident Heydər Əliyevin adını daşıyan stadionda indi qoyun-quzu otlayır. Masallıda Azərbaycan futbolunun əfsanəsi sayılan Anatoli Banişevskinin adı verilən arena yerlə-yeksan olub, mal-qara otlağına çevrilib. Bütün bunlar baş verərkən, Azərbaycanın futbol infrastrukturu göz görə-görə dağıdılarkən deputatlar hara baxırdılar? Bu adamlar millət vəkili adını daşıyır, guya hərəsi bir şəhərin, rayonun, qəsəbənin Milli Məclisdəki səsidir.

“2005-2015-ci illərdə Azərbaycanda futbolun inkişafına dair dövlət proqramı” qəbul edilmişdi. O proqram çərçivəsində ölkə futboluna milyardlarla manat pullar axdı. Hanı o proqramın nəticəsi, xeyri? Futbol üzrə yüksək liqada sayı 14 komandadan 8 kluba salmaq? Yoxsa Azərbaycan milli komandasının son seçmə mərhələdə yer aldığı qrupu bir xalla başa vurması? Proqram çərçivəsində müxtəlif nazirlər, məmurlar vasitəsi ilə futbol təsərrüfatına, klublara ayrılan ətək-ətək pulların nəyə, kimə, necə, nə üçün xərcləndiyinə nəzarət edən olmadı, indi durub Milli Məclisin kürsüsündən... Hə, arada bizim deputatların avazları yaxşı gəlir, amma oxuduqları “Quran” olsa.

Futbol meydançasından həbsxanaya gedənlər

Azərbaycan Premyer Liqasının “qısır” olması, hər mövsümün sonunda nə birinci diviziona komanda düşməməsi, nə də yüksək liqaya klub çıxmaması mövzusunun üzərindən sükutla keçək. Bu, elə bir dərddir ki, saatlarla, günlərlə danışsan, bitməz. Dünya futbolunda bu cür əcaib praktika yəqin ki, təkcə Azərbaycan futbolunda var.

Tahir Kərimli Premyer Liqadakı klubların çoxunun SOCAR-dan maliyyələşdiyinə, başqa böyük şirkətlərin futbola yaxın durmamasına da toxunub.

Bir vaxtlar Azərbaycan Premyer Liqasında 14 klub mübarizə aparırdı və həmin komandaların əksəriyyəti müxtəlif şəxslər, şirkətlər, banklar tərəfindən maliyyələşdirilirdi. Məsələn, “İnter” klubu (indi “Keşlə” olub) var idi. Sponsoru da “Azərbaycan Beynəlxalq Bankı” idi. O bankın da idarə heyətinin sədri Cahangir Hacıyev idi. Hacıyev hardadır? Odur ey, həbsxanada. “Xəzər Lənkəran”ın yaradıcısı, fəxri prezidenti Mübariz Mənsimov hardadır? O da dəmir barmaqlıqlar arasında. Zaqatalanın “Simurq” klubunun prezidenti olmuş Anar Bəkirov? O da həbsdə. “Bakı”nın prezidenti olmuş Hafiz Məmmədovu soruşsaz, həbsdən birtəhər canını qurtardı. Bir deyil, iki deyil... Sanki Azərbaycanda həbsxanaya gedən yollardan biri də futbol meydançasından keçir. Hə, futbola dövlət tərəfindən hansısa şəkildə ayrılan pulların “istifadə”sindən sonra yolu ya həbsxanaya, ya da müflisləşməyə çıxanların ardından meydan boş qaldı. Meydan boş qalınca da SOCAR eləmədi tənbəllik, bütün klublara özü sponsorluq etməyə başladı. Təkcə Premyer Liqa deyil ki, birinci divizionda bütün komandalar SOCAR-dan maliyyələşir. Və bu, dünya futbolunun ən komik, ən məzəli əhvalatlarından biridir. Futbolda bir neçə klubun eyni maliyyə qaynağından maliyyələşməsi qadağandır, yolverilməzdir! İnşallah ki, Tahir Kərimlinin səsi gedib FİFA-ya, UEFA-ya qədər çatar, AFFA bütün bu qanun, qayda pozuntularına görə cavab verməli olar.

Yas içində azarkeş

Böyük şirkətlərin Azərbaycanda futbola sponsorluq etməsi nümunəsi olub və yazdığımız kimi, sahiblərinin, rəhbərlərinin çoxunun yolu sonradan həbsxanaya düşüb. Azərbaycanlı millət vəkilləri bu faktı görməzdən gəlirlərsə, bu, artıq onların problemidir. Orta, kiçik şirkətlərlə, sahibkarlarla bağlı da unutmadığımız çox şey var. Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin naziri Eldar Mahmudovun, onun köməkçilərindən Akif Çovdarovun sahibkarların başlarına nə oyunlar açdığı yaxın tarixdə olanlardır. Hansısa şirkətə, sahibkara kim zəmanət verəcək ki, get, futbola yatırım et, sonra həbs olunmayacaqsan (haqlı, ya da haqsız yerə, bu, artıq başqa mövzudur)? Hər şey bir yana, Azərbaycanda könlünü futbola verən azarkeşlərə kim zəmanət verə bilər ki, bu gün azarkeşlik etdiyin komanda sabah yox olmayacaq? Azərbaycanda hansısa kluba azarkeşlik edib, bir müddət sonra o kluba yas tutanların sayı hesabı-hesabı yoxdur. Bu ölkənin futbolu klub məzarlığından və həmin məzarlıqda yatan klublara yas tutan azarkeşlərdən ibarətdir! Ağla, futbolum, ağla...

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/cakwgt

Самое читаемое