Milli Şura: İlham Əliyev korrupsiyanı dövlət siyasətinə çevirdiyi üçün istefa verməlidir

“Azərbaycan ictimaiyyəti ölkənin bütün az-çox gəlir gətirən sahələrinə Əliyevlər ailəsinin əl qoyduğu haqda xəbərlərə artıq alışıb”.

Foto: arxiv


“Əliyevlərin qanuni yolla dünyanın ən zəngin ailələrindən birinə çevirilməsi mümkün deyil”

“Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) Londonda aşkara çıxarılmış, Əliyevlərin xalqdan oğurladığı pullar hesabına əldə etdiyi əmlakların üzərinə həbs qoyulması ilə bağlı Böyük Britaniyanın Milli Kriminal Agentliyinə müraciət edəcək”.

Bu barədə Milli Şuranın oktyabrın 7-də yaydığı bəyanatda bildirilir.

Milli Şura “Pandora qutusu” adlı korrupsiya araşdırmasına istinad edərək bildirib ki, İlham Əliyevin ailəsi Londonda təxminən 700 milyon dollar və ya 1.2 milyard manat dəyərində əmlaka malikdir: “17 mülk nağd ödənişlə alınıb. Əliyevlər ailəsi bu əmlakları Böyük Britaniyadakı ofşor şirkətlər vasitəsilə alıb”.

Bəyanatda vurğulanır ki, İlham Əliyev və yaxınlarının adı dəfələrlə irimiqyaslı korrupsiya əməllərində hallanıb: “Bu əməllər barədə bir qayda olaraq ciddi beynəlxalq təşkilatlar və media quruluşları danışıb. Azərbaycan hakimiyyəti isə bunların qarşısında ya susub, ya da qeyri-ciddi açıqlamalarla vəziyyətdən çıxmağa çalışıb. Yeri gəlmişkən, Əliyevlərin Londonda 700 milyon dollarlıq sərvəti barədə açıqlamaya da, üstündən 4 gün keçməsinə və bütün dünyanın bundan danışmasna baxmayaraq, nə İlham Əliyevin özü, nə də hökumətindən kimsə münasibət bildirib. Bütün bu səpkili araşdırmalar göstərir ki, Əliyevlər ailəsi Azərbaycana böyük neft pullarının gəlməyə başladığı ilk illərdən xaricdə öz bizneslərini qurmaq və əmlaklar əldə etmək üçün ölkədən qanunsuz şəkildə iri maliyyə vəsaitləri çıxarıblar. Burada İlham Əliyevin övladlarının Dubay, London, Moskva və bir neçə başqa bahalı şəhərlərdə hər biri 10 milyonlarla dollar dəyərində mülklərə malik olduğu; Əliyevlərin Panamada və Vircin adalarında, Böyük Britaniyada qeydiyyatdan keçən ofşor şirkətlər vasitəsilə nəhəng biznes imperiyası qurduğu; Azərbaycan “pulyuyan maşını” mexanizmi ilə ölkədən 3.9 milyard dollar vəsaitin çıxarıldığı; İlham Əliyevin əmisi qızının Londonda təxminən 45 miylon manat məbləğində “çirkli pul yumaq” ittihamı ilə məsuliyyətə cəlb olunduğu barədə faktları, Avropa Şurasında “kürü diplomatiyası” qalmaqalını – Azərbaycan hökumətinin avropalı deputatları satın almaq üçün 50 milyon avro xərcləməsini yada salmaq olar”.

Milli Şura bəyan edib ki, İlham Əliyev ailəsi ölkə daxilində də iri holdinqlərə, banklara, çoxsaylı biznes obyektlərinə və nəhəng layihələrə sahibdir: “Azərbaycan ictimaiyyəti ölkənin bütün az-çox gəlir gətirən sahələrinə Əliyevlər ailəsinin əl qoyduğu haqda xəbərlərə artıq alışıb. Əliyevləri dünyanın ən zəngin ailələrindən birinə çevirən hər hansı qanuni yol isə mümkün deyil. Bunun necə mümkün olduğunu izah edə biləcək bircə məfhum var: korrupsiya. Həm bu günlərdə yayılan, həm də buna qədər yayılmış məlum beynəlxalq araşdırmalar da sübut edir ki, Azərbaycanda korrupsiya məmur özbaşınalığı deyil, dövlət siyasətidir və bu siyasətin başında şəxsən İlham Əliyevin özü durur. Məhz İlham Əliyevin istəyi və iradəsi ilə korrupsiya bütün dövlət aparatında aşağıdan yuxarı şaxələnmiş və dəqiq işləyən mexanizmə çevrilib”.

Milli Şura hesab edir ki, İlham Əliyev korrupsiyanı dövlət siyasətinə çevirdiyi, tutduğu vəzifəsindən istifadə edərək ailəsinin adına çoxmilyardlıq sərvətlər topladığı üçün ölkəyə rəhbərlik etmək haqqını itirib və istefa verməlidir.

Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (The International Consortium of Investigative Journalists – ICIJ) oktyabrın 3-də "Pandora Sənədləri" araşdırmasını

yayıb

.

Araşdırma 35 indiki və keçmiş dövlət başçısının, eləcə də 300-dən çox məmurun adlarını əhatə edir.

"Pandora Sənədləri" məxfiliyini qorumaq istəyən hər bir kəsə uzaq yurisdiksiyalarda gizli şirkətlər qurmağa kömək edən 14 ofşor xidmət təminatçısından – sızdırılmış milyonlarla faylın araşdırılmasının nəticəsində ortaya çıxıb.

Dünyanın hər yerindən olan media tərəfdaşları, aralarında 30-dan çox dünya liderinin olduğu çox zəngin və güclü şəxslərin məlumatlarını təhlil etmək və onların hekayələrini üzə çıxarmaq üçün aylarla əməkdaşlıq edib.

Araşdırmada Azərbaycan Prezidenti İlham Əliyev və yaxınlarının ofşor şirkətlər vasitəsilə Böyük Britaniyada, əsasən də Londonda təxminən 700 milyon dollarlıq əmlak əldə edildiyi iddia olunur.

Bir sıra şirkət İlham Əliyevin 2003-cü ildə ilk prezidentlik dövrünün başladığı müddətdə qeydiyyata alınıb.

Ana səhifəSiyasətMilli Şura: İlham Əliyev korrupsiyanı dövlət siyasətinə çevirdiyi üçün istefa verməlidir