“Bədənimə “tok” verirdilər, “bita” ilə döyürdülər, başımı ağır ayaqqabı ilə əzirdilər…”

Vəkil deyir ki, cinayət işinin materiallarında Səxavətin dekabrın 27-də həbs olunduğu yazılsa da, əslində, onu ayın 21-dən tutub, 6 gün qeyri-rəsmi saxlayıblar.

Source: Specify Source


Alimə Həsənova: “İstəyirəm, prezidentin ayaqlarına yıxılım ki, məni bu zülmdən qurtarsın…”

“İstəyirəm ki, prezident hansısa rayona gəlsə, gedim onu görüm, dərdimi danışım. Ayaqlarına yıxılım ki, məni bu zülmdən qurtarsın…”, – Tərtərin Səhləbad kəndinin sakini, 40 ildən çoxdur müəllimlik edən Alimə Həsənova ağlaya-ağlaya danışır.

Oğlu Şaiq həbsdədir. O, Tərtər sakini Səxavət Musayevi öldürməkdə ittiham olunur.

Hadisə 2016-cı ilin sentyabrında baş verib. Evdən çıxıb geri qayıtmayan 33 yaşlı S.Musayevin meyiti dörd gün sonra tapılıb. İddia olunur ki, Şaiq Həsənov, Aqil Aslanov və Səxavət Orucov birləşib onu öldürüblər.

Gəncə Ağır Cinayətlər Məhkəməsi bu üç nəfərdən ikisinə – Şaiq Həsənov və Səxavət Orucova bəraət verib. Elmin Rüstəmovun sədrlik etdiyi hakimlər kollegiyası belə nəticəyə gəlib ki, bu iki nəfərin qətl hadisəsində günahı yoxdur. Onların istintaqdakı etiraf ifadələri də özlərinin məhkəmədə dedikləri kimi, məruz qaldıqları işgəncələrin nəticəsində imzalanıb, həqiqətə uyğun deyil.

Prokurorluq bu hökmdən protesti verib. Gəncə Apelyasiya Məhkəməsi hökmü ləğv edib. Şaiq Həsənova 17 il həbs cəzası verilib. Digər iki nəfərdən Aqil Aslanov 16, Səxavət Orucov isə 20 il azadlıqdan məhrum edilib. İddia olunur ki, Səxavət Orucov həbs olunandan sonra 2014-cü ildə rayonda baş vermiş, amma üç ilə yaxın üstü açılmamış başqa bir ölüm işini də üzərinə götürüb.

Həm Şaiq Həsənov və Səxavət Orucovun vəkilləri, həm də prokurorluq bu qərardan şikayət verib. Vəkillər bu adamların günahsız olmasını əsas gətirib, apelyasiya məhkəməsinin hökmünün ləğvini, onlara bəraət verilməsini, prokuror isə cəzaların ağırlaşmasını istəyib.

Ötən ilin dekabrın 24-də Ali Məhkəmə prokurorluğun protesti əsasında hökmü ləğv edib – iş yenidən baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə qaytarılıb.

image_from_ios (4).jpg
Alimə Həsənova


“Sübut olundu ki, günahsızdır”

Tərtərdə valyutadəyişmə ilə məşğul olan Səxavət Musayev 2016-cı il sentyabrın 26-da öldürülüb. Alimə Həsənova yada salır ki, həmin gün ölkədə Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar referendum keçirilirdi. Onun sözlərinə görə, suvarma sistemləri idarəsində işləyən oğlu Şaiq bir neçə başqa iş yoldaşı kimi, seçki məntəqəsində müşahidəçi olub:

“Oğluma bəraət verən Gəncə Ağır Cinayətlər Məhkəməsi o adamların hamısını bir-bir dindirdi, telefon anten dairələrilə bağlı araşdırma aparıldı. Orada 40-dan çox məhkəmə iclası oldu. Tam sübuta yetirildi ki, mənim oğlum da, Səxavət Orucov da günahsızdır. O Səxavət də yetimdir, bundan əvvəl başqa bir işə görə kiçik məhkumluğu olub deyə, onu da şərlədilər. Oğlumdan da tələb edirdilər ki, onun üzünə dayansın. Oğlumla sinif yoldaşı olublar. Mənim balam belə Allahsızlığı necə eləsin?”


“Oğluma deyiblər ki, gözünün qabağında ana-bacının başına oyun açacağıq”

Alimə Həsənova danışır ki, Tərtər Rayon Polis Şöbəsində oğluna ağır işgəncələr veriblər. Deyir, işgəncə nəticəsində Şaiqin daxili orqanları zədələnib, qan qusurmuş:

“Görüblər ki, oğlum ölümcül vəziyyətdədir, şöbəyə təcili yardım çağırıblar. Bununla da ürəkləri soyumayıb, oğluma deyiblər ki, “indi ananı, bacını bura gətirib, gözünün qarşısında başına oyun açarıq, onda ağlın başına gələr”. Oğlum dözməyib, deyib ki, “mənim anam 40 ildən çoxdur müəllimlik edir, ona qarşı belə şey eləməyin, gətirin, nəyə istəyirsiz, qol çəkirəm”. Yoldaşım da bu dəhşətlərə dözmədi, iki ay sonra vəfat etdi…”

Ana deyir ki, işgəncələr Tərtər Rayon Polis Şöbəsinin o vaxtkı rəisi Rauf Məcidovun birbaşa rəhbərliyi ilə olub. İşgəncələrdə polis şöbəsinin başqa əməkdaşlarıyla yanaşı, rayon prokuroru Azər Hətəmov, onun köməkçisi, müstəntiq Rəşid Bayramov da şahidlik edib.

image_from_ios (6).jpg
Rauf Məcidov


“Bizim kimi yazıqları əzənləri mükafatlandırırlar”

Adları çəkilən şəxslər artıq Tərtərdə işləmirlər. Məsələn, Rauf Məcidov Daxil İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə şöbə rəisi vəzifəsinə gətirilib. Azər Hətəmov isə Tərtərdən Şəmkirə eyni vəzifəyə göndərilib.

“Rəşid Bayramova da Baş Prokurorluqda vəzifə veriblər. Halbuki, bu adamlar cinayəti açmaqla yox, əksinə, ört-basdır eləməklə məşğul olublar. Yetim-yesiri tutub basırlar içəri, görüntü yaradıblar ki, guya cinayətin üstünü açdılar. Belə çıxır ki, bizim kimi yazıqları əzənlər mükafatlandırılır? Polis şöbəsində işgəncə verəndə oğlum deyib ki, prezidentə şikayət göndərəcəm. Rauf Məcidov deyib ki, “burada prezidentin yox, mənim sözüm keçir”. Mən heç vaxt dövlətimdən incik düşməmişəm. Bu gün də dövlətimə arxalanıram. İstəyirəm ki, prezident, onun xanımı səsimi eşitsin. İki körpə bala atasız qalıb. Bilsəm ki, oğlumun günahı var, ona belə tərbiyə verdiyimə görə özüm də cəza çəkməyə hazıram. Amma günahı yoxdur axı. Bunu da hisslərə qapılıb demirəm, ortada sübutlar, faktlar var…”, – Alimə Həsənova yenə ağlayır.

Ana ümid edir ki, prezident, vitse-prezident göstəriş versə, bu iş obyektiv araşdırılar, günahsız insanlar həbsdən qurtular.

Təkcə Alimə Həsənova yox, vəkillər də həm Şaiq Həsənovun, həm də Səxavət Orucovun günahsız olduğunu deyir.


“Dözə bilmədim, dedim ki, nə istəyirsiz, eləyirəm, açılmayan ölümü də boynuma qoydular”

Şaiq Həsənovun vəkili Zabil Qəhrəmanov bildirir ki, bu adamların işgəncəyə məruz qalması barədə deyilənlər sadəcə söz deyil, sənədlərlə də təsdiq olunur. Məsələn, onlar istintaq təcridxanasına gətiriləndə bədənlərində xəsarətlər olub. Təcridxanada onları müayinə edən həkim də rəydə xəsarətləri göstərib. Vəkilin sözlərinə görə, telefon anten dairələri haqda məlumatların çıxarışı da istər Şaiqin, istərsə də Səxavətin günahsız olduğunu göstərir. Vəkilin sözlərinə görə, hadisə ərəfəsində mərhumun təqsirləndirilən şəxslərdən yalnız Aqil Aslanovla eyni əhatə dairəsində olduğu sübuta yetirilib. Digər iki nəfər isə tamamilə başqa yerlərdə olub:

“Cinayət işinin materiallarında bu adamların günahsız olduğunu təsdiqləyən onlarla başqa sübutlar var. Məsələn, iş materiallarından məlum olur ki, bir bıçağı Şaiq Həsənova təqdim ediblər, o da tanıyıb ki, cinayətdə istifadə etdikləri bıçaqdır. Sonradan o bıçaq məsələsi ssenariyə uyğun gəlməyib, maddi sübutlar sıyahısından çıxarılıb. Belə olan halda, sual yaranır, Şaiq özbaşına niyə tanımadığı, görmədiyi bıçaqdan danışmalıydı, deməliydi ki, həmin bıçaqdır? Deməli, bu adama təzyiq olunub və təzyiq altında da istənilən sənədə qol çəkdiriblər. Gəncə Ağır

Cinayətlər Məhkəməsi bütün bu sübutları nəzərə alıb onlara bəraət vermişdi. Çox təəssüf ki, apelyasiya məhkəməsi həmin sübutlara əhəmiyyət vermədi”.

Səxavət Orucovun vəkili Səadət Seyidli də müvəkkilinin təqsirsiz olmasına əmindir. Deyir ki, bunun cinayət işinin materiallarındakı sübutlara əsaslanıb deyir:

“Cinayət işində videogörüntülər var, guya Səxavət Orucov hadisə yerində olanları təsvir edərkən çəkilib. Aşkar görünür ki, orada Səxavət diqtə ilə danışır, göstərir. Video bir neçə yerdə dayandırılır. Dayandırıb, növbəti təlimatı verirlər ki, o da təkrarlasın. Hətta videoda bu səs də düşüb ki, “indi nəyi deyim?” Videoda onun üzündə xəsarətlər açıq-aşkar döyünür. Bu da onun çəkilişdən bir müddət əvvəl döyülməsini təsdiqləyir”.

image_from_ios (5).jpg
Zabil Qəhrəmanov

Vəkil deyir ki, cinayət işinin materiallarında Səxavətin dekabrın 27-də həbs olunduğu yazılsa da, əslində, onu ayın 21-dən tutub, 6 gün qeyri-rəsmi saxlayıblar. Müdafiəçi bunun sübutu kimi, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəsmi açıqlamasını da məhkəməyə təqdim edib. Nazirliyin dekabrın 22-də yaydığı açıqlamada Səxavət Orucovun tutulduğu göstərilib.

Səxavət Orucov özü də məhkəmədə deyib ki, onu dekabrın 21-də tutub, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriblər: “Ayın 27-nə qədər orada mənə zülm elədilər – dəfələrlə bədənimə “tok” verdilər. “Bita” ilə döyürdülər, başıma qalın papaq keçirib, ağır ayaqqabılarla əzirdilər”.

Onun sözlərinə görə, dekabrın 25-də Tərtərin prokuroru Azər Hətəmov və müstəntiq Rəşid Bayramov da iradəyə gəlib. 2014-cü ildə baş vermiş Sənan Mirzəyevin qətli ilə bağlı cinayət işini də özləri ilə gətiriblər:

“Hər iki ölüm işini boynuma götürməyi tələb edirdilər. Dözə bilmədim, dedim ki, nə istəyirsiz, eləyirəm. Biri ilə kifayətlənmədilər, açılmayan o biri ölüm işini də boynuma qoydular. Bundan sonra məni Tərtərə gətirdilər. Burada yenə dedim ki, mən eləməmişəm. Polis rəisi Rauf Məcidov göstəriş verdi ki, qardaşımın arvadını şöbəyə gətirsinlər. Gördüm ki, başqa çarə yoxdur, razılaşdım”.

Vəkil Səadət Seyidli deyir ki, bu işdə o qədər qanun pozuntusu, ziddiyyət var, saymaqla bitmir: “Sadəcə, onları obyektiv araşdıran, hüquqi qiymət verən lazımdır…”

Bu işə Ali Məhkəmədə baxılanda, dekabrın 10-da Ali Məhkəmədə İmran Hacıqayıbovun sədrlik etdiyi hakimlər kollegiyası qərar qəbul etmək üçün müşavirəyə getdiklərini açıqlayıb. Qanuna görə, müşavirədə olan hakimlər qərarı elan edənə qədər başqa işə çıxa bilməzlər, kənar şəxslərlə ünsiyyətdə olmamalıdırlar. Qərarı bir də dekabrın 24-də elan ediblər. Arada qalan iki həftə ərzində bu tərkibdəki hakimlər xeyli başqa işlərə baxıblar…

image_from_ios (2).jpg
“Polis rəisi Rauf Məcidov göstəriş verdi ki, qardaşımın arvadını şöbəyə gətirsinlər”.
Ana səhifəBölgə“Bədənimə “tok” verirdilər, “bita” ilə döyürdülər, başımı ağır ayaqqabı ilə əzirdilər…”