Azərbaycanda: Sosial şəbəkədə koronavirusdan yazdı, cəzalandırıldı

Bu maddədə fiziki şəxslər üçün 500 manatdan 1000 manata qədər cərimə, yaxud 1 aya qədər həbs nəzərdə tutulub.

Foto-kollaj: Meydan TV


DİN və Baş Prokurorluq İlqar Atayevlə bağlı birgə məlumat yaydı

“Facebook”un Azərbaycan seqmentinin aktiv istifadəçilərindən olan İlqar Atayev saxlanılıb. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun bu barədə birgə məlumatından məlum olur ki, onun saxlanmasının səbəbi də elə “Facebook”da paylaşdığı yazıdır.

“Sosial şəbəkə istifadəçilərindən biri öz səhifəsində koronavirus infeksiyası ilə bağlı dövlət qurumlarının rəsmi məlumatlarına istinad etmədən, reallığı əks etdirməyən, cəmiyyətdə çaşqınlıq yarada biləcək uydurma məlumatlar yerləşdirib. Həyata keçirilmiş müvafiq tədbirlərlə həmin şəxsin Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü İlqar Əliabbas oğlu Atayev olması müəyyən edilib, O, ərazi aidiyyəti üzrə Nərimanov Rayon Polis İdarəsinə dəvət olunub”, – deyə dövlət orqanlarının birgə məlumatında deyilir.

Polis idarəsində İ.Atayev haqqında inzibati xəta protokolu tərtib edilib. Ona qarşı İnzibati Xətalar Məcəlləsinin 388-1 (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsilə ittiham irəli sürülüb.

İ.Atayev haqqındakı inzibati xəta işinin məhkəməyə göndərildiyi bildirilsə də, ona hansı cəzanın verilməsi məlum deyil.

85155107_627152658043743_72742310609158144_n.jpg
İlqar Atayev

Bu maddədə fiziki şəxslər üçün 500 manatdan 1000 manata qədər cərimə, yaxud 1 aya qədər həbs nəzərdə tutulub. Cərimənin məbləği vəzifəli şəxslər üçün 1000 manatdan 1500 manata, hüquqi şəxslər üçünsə 1500 manatdan 2000 manata qədər müəyyən edilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi İ.Atayevi yalan məlumat yaymaqda ittiham etsə də, konkret hansı yazıdan söhbət getdiyi haqda məlumat verilməyib.

İ.Atayev jurnalist kimi bir çox media qurumarında çalışıb.

Ana səhifəSiyasətAzərbaycanda: Sosial şəbəkədə koronavirusdan yazdı, cəzalandırıldı