Source: Meydan.TV

Qarabağda döyüşüb, şəhid statusu verilən əsgərin milliyyətcə erməni olan anası

Qarabağda döyüşüb, şəhid statusu verilən əsgərin milliyyətcə erməni olan anası

“O vaxt Xalq Cəbhəsinin üzvləri gəlmişdilər, gecə 1-in yarısı idi. Hamı yatmış vaxtda gəlib çıxmışdılar. Girdilər, oturdular, söz-söhbət elədilər. Mən özüm Maştağaya ərə gedəndə mənə dedilər, dini qəbul edim. Mən dini qəbul eləmişdim, hər şeyi də bilirdim. Ona görə mən onlarla elə danışdım, pərt oldular ki, mən bunların hamısını bilirəm. Dedilər hə, işimiz yoxdur sizinlə”.

Azərbaycan vətəndaşı, milliyyətcə erməni olan Mariya xanımın adı Rusiya mətbuatında hallandıqdan sonra sosial şəbəkələrin Azərbaycan seqmentində də müzakirə mövzusuna çevrildi. O vaxta çoxu bilmirdi ki, bu xanımın oğlu Birinci Qarabağ Müharibəsində həlak olub. Şəhid anası statusunu daşıyan 72 yaşlı Mariya Əliyeva Rusiyanın Altay vilayətində dünyaya gəlib. Əslən Ermənistandandır. 7 yaşı olanda Mariya və ailəsi Rusiyadan Bakıya köçüb. Sonradan o, azərbaycanlı ilə ailə qurub:

“Sadəcə araya millət davasını saldılar, yoxsa belə yaşayırdılar da. 70 il yaşamırdılar ki, məgər Sovetin dövründə?”

Mariya Əliyevanın oğlu Samir vaxtilə Naxçıvanski adına hərbi liseydə oxuyub. Birinci Qarabağ müharibəsi başlayanda o, əsgər yollanıb. 1994-cü ilin yanvarında 19 yaşlı Samir həlak olub.

“Bu müharibə çox adamı ağlar qoydu, çox şəhidimiz gəldi. Çox pis zəmanə idi”, - Mariya Əliyeva deyir.

Mariya xanım deyir ki, qohumlarının hamısı, demək olar Rusiyada yaşayır. Ermənistanda qalan əmiləri isə çoxdan vəfat ediblər. Deyir ki, ora ilə heç bir əlaqəsi qalmayıb:

“Düzdür, bacılarım Rusiyadadır, Stavropolda, Özbəkistanda da var. Əmilərimin də hamısı ordadır. Ora gedirəm hərdən, 3-5 ildən bir lazım olanda. Amma o tərəfə (Ermənistanı nəzərdə tutur-red) yox. O tərəflə işimiz yoxdur”.

Müharibə, Qarabağ ətrafında müzakirə oğlunu itirən ananı çox narahat edib. İkinci Qarabağ Müharibəsi başlayandan Mariya xanım ağ saçlarını boyamır. Deyir, orada gənc uşaqlar ölüb, mənə rəng yaraşmaz:

“Düzdür, müharibə olanda iki tərəfdən də itki olur. Bizdə də olur, onlarda da olur. Amma onların da anaları anadır. Onlar başa düşməlidirlər ki, nəyə görə buraxırlar uşaqlarını axı?”

Mariya Əliyeva əvvəllər aqronom kimi çalışıb. İndi şəkərli diabetdən əziyyət çəkməsinə baxmayaraq, vaxtını bağ-bağçaya, iti Çappiyə qulluq etməklə, qonşu uşaqlarına tibbi yardım göstərməklə keçirir. Elə qonşular da Mariya xanımı çox sevir.

“Dil adamı yaxşı yola da çəkər, pis yola da. O vaxt müharibələrdə yaşlı adamlar yaylıqlarını çıxarıb atırdılar ayaq altına ki, qan dayansın. Böyük-kiçik sayırdılar. İndi də şirin dillə, hərəkətlə camaatı yola gətirmək olar”, - şəhid anası deyir.

Mariya Əliyeva Azərbaycanı vətəni sayır. O inanır ki, dinindən və millətindən asılı olmayaraq, insanlar mehriban və birgə yaşaya bilərlər.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/g5fcbt

Most Viewed