Yunis Səfərov

Source: Meydan TV

Caption: Yunis Səfərov

“Nə deyəsən 3 yaşlı uşağın paltar şkafına qumbara atıb çıxaran adamlara?”

Yunis Səfərov çıxışının mətninin əlindən alındığını deyir

Gəncədə keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdə görə həbs olunanlardan biri də ixtisasca hüquqşünas olan Mahir Əzizovdur. Amma o, təqsirsiz olduğunu deyir. Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verən M.Əzizov icra başçısını güllələməkdə ittiham olunan Yunis Səfərovla tanışlığından, özünün necə həbs olunmasından, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində işgəncələrə məruz qalmasından danışıb.

M.Əzizov ifadəsinə başlayarkən bildirib ki, 1998-ci ildən Rusiyaya köçüblər, 5-ci sinifdən sonra orta məktəbi də orada oxuyub. Son illərdə Azərbaycana qayıtdığını deyən M.Əzizov inanclı olduğunu, məscidə getdiyini, sülhsevər, sakit, haqq-ədalət tərəfdarı kimi yetişdiyini vurğulayıb. Onun sözlərinə görə, Moskvada Y.Səfərovun bacısı ilə eyni sinifdə oxuyub: “Məktəb beynəlmiləl idi. Azərbaycanlılar çox idi. Direktoru da azərbaycanlı idi. Yunisin anası Leyla xanım da kitabxanaçı işləyirdi. Rusiyada qəribçilikdə öz millətindən olan insanlarla isti münasibət olur. Sonra dövlət xəttilə Volqoqradda universitetə daxil oldum, iki il orada oxudum, davam edə bilmədim. Səfirliyin əməkdaşlarının yaratdığı bürokratik əngəllər vardı, ona görə. 2006-cı ildə Moskvaya qayıtdım. Universitetdə qiyabi hüquqşünas təhsili alırdım, paralel olaraq da işləyirdim. O ərəfədə də Yunislə görüşürdük, məscidə gedirdik. İnsanlar bir-birilə necə münasibət saxlayarsa, biz də elə”.

M.Əzizov deyir ki, radikal dindar olması barədə cinayət işində yazılanlar yalandır. Kənddə hətta toyuq başı kəsə bilmədiyini söyləyən təqsirləndirilən şəxsin sözlərinə görə, onların terror, dövlət çevrilişi törətmək məqsədilə təlim keçməsi, topoqrafik xəritələri öyrənməsi barədə iddialar da cəfəngiyyatdır: “Guya biz toplaşıb müzakirələr aparmışıq, hamısı cəfəng söhbətlərdir. İşimlə əlaqədar Rusiyanın bölgələrində olurdum. Həftə sonları gələndə də dost-tanış, qohum-əqrəba ilə görüşüb gedirdim. Mənim vaxtım da yox idi ki, əlavə nə iləsə məşğul olum. Yunis və digər tanışlarla görüşlərimizdəki söhbətlərdə əlbəttə, tənqidi fikirlər olub. Dediyim kimi, adi səfirliyin bürokratik əngəlləri. Amma o demək deyil ki, “oranı partladaq”, “terror eləyək” söhbəti eləmişik”.

M.Əzizovun dediyinə görə, Azərbaycandan çoxdan getdiyinə görə onu heç hərbi xidmətə çağırmamışdılar. Özü könüllü gəlib, hərbi xidmətə gedib. O müddətdə və sonradan xeyli vaxt Yunislə əlaqəsi olmadığını vurğulayan M.Əzizov bildirib ki, 2017-ci ildə onunla görüşüb. Onda bilib ki, polisin silahını alıb qaçdığına görə Y.Səfərov axtarışdadır: “Dedi ki, bəzi adamlar onu pis vəziyyətə qoyublar. Xahiş elədi ki, Moskvadakı tanışlara deyim, ona yaşamaq üçün kömək eləsinlər. Onun sənədi yox idi deyə, mənim adıma ona 500 manat pul göndərdilər. Bir dostum vardı, heç nəyə aidiyyəti olmadığı halda, onu da buna görə həbs elədilər, işgəncəyə məruz qaldı. Yunisin heç harada qaldığını da bilmirdim”.

M.Əzizov icra başçısının güllələnməsindən iki gün sonra – 2018-ci il iyulun 5-də iş yerində həbs olunduğunu bildirib: “İşdə oturmuşdum, mülki geyimdə iki nəfər müştəri kimi daxil oldu, danışdıq, çıxdılar. Sonra yenə qayıtdılar, özlərini təqdim etmədən, qollarıma qandal vurdular. Bandit kimi, sürüyə-sürüyə apardılar. Mülki maşına mindirdilər. Hara apardıqlarını bilmirdim. Təhqir edirdilər, vururdular. “Banditizm”ə aparıb, bir otağa saldılar. Qandallı əllərlə vurub yıxdılar, yerdə biri təpikləyirdi, biri yumruqlayırdı. Deyirdilər, danış. Halbuki, mən nəyi necə varsa, danışırdım. İşgəncə o vaxta qədər davam etdi ki, mən onların istədiyini təkrarlamağa razılaşdım. Guya Yunisin Elmar Vəliyevi vurmaq istəməsindən xəbərdar idim, bu planı həyata keçirməsinə kömək eləmişəm və s. Onsuz da neyləyəcəkdim, nə vəkil var, nə də başqa biri. Axşama qədər döyüb öldürəcəklər, heç kimin xəbəri olmayacaq. Bunu nəzərə alaraq, istədiklərini dedim”.

M.Əzizov deyir ki, bundan sonra onu maşına mindirib, Sumqayıta – ailəsilə yaşadığı evə aparıblar: “Evə o qədər adam doluşdu. Tamaşanı oynamağa başladılar. Guya evdə silahlar gizlətmişəm, bunlar da yerini soruşur. Evdə iki körpə uşaq, yoldaşım, qayınanam donub qalmışdılar ki, bu nədir belə. Mənim də istəyim o idi ki, nə istəyirlər eləsinlər, tez bitsin bu tamaşa. İkiotaqlı evdə yer tapmayıblar qumbaranı atmağa, uşağın beşiyinə bitişik şkaf var, ora atıblar. Dini məzmunlu materialları – broşür, diski də hara gəldi atıb götürürdülər. Oradan “banditizm”ə qayıtdıq. Müstəntiq gəldi, formal ifadəni yazdı. Əvvəl etiraz elədim, qol çəkmək istəmədim. Vəkil də yox idi, olmayan şeyləri üstünə yıxırdılar. Dedilər ki, elə eləmə, yoldaşını gətirək bura. Fikirləşdim ki, evə qumbara atan adamlar övladlarımı da tutarlar. Ona görə qol çəkdim...”

27 gün Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlandığını deyən M.Əzizovun sözlərinə görə, Bakı İstintaq Təcridxanasına köçürüləndən sonra da ailəsilə telefon danışığı, görüş hüququnu pozmaqda davam ediblər, vəkili ilə görüşməyə imkan verilməyib: “Evdən vəkil tutublar, hər dəfə “banditizm”ə gəlirmiş, mənimlə görüşməyə qoymurlarmış. Avqustun ortalarında biliblər ki, təcridxanadayam. Yanvarın axırında yeni ittiham elan olundu – 27 maddə. Heç birinin də aidiyyəti yoxdur. Bu işdə ötəri baxışla da qanunsuzluqlar, saxtakarlıqları acıq-aşkar görünür. Bu da iki haldan xəbər verir. Ya bunlar o dərəcədə qeyri-peşəkardılar ki, belə ziddiyyətlərə, səhvlərə yol verirlər, ya da öz cəzasızlıqlarına əmindilər, ona görə barmaqarası yanaşıb, belə yola veriblər işi. Mənə qarşı işgəncələr, təhqirlər, hər cür qanunsuz hərəkətlər olub. Müraciət olunası bir yer də yox idi. Ümidimiz məhkəmə prosesinə qalıb”.

M.Əzizov psixoloji işgəncələrdən də danışıb: “İdarədə axşamlar kameranın “qarmoşkasını” açırdılar, aşağıdan gələn qışqırtıları eşitdirirdilər. Bununla da psixoloji təzyiq göstərirdilər. Bir maraqlı faktla da üzləşdim. Yuxarıda “invalid” vəziyyətə salıb aşağı göndərirdilər. Aşağıda hər gün maz çəkirdilər. Qarnım gömgöy idi, sonra üstünə maz vururdular ki, göyərmə keçsin. Oradan istintaq təcridxanasına aparanda yolda yayın istisində başımıza torba keçirdilər. Sanki İŞİD terrorçularıyıq. Kürdəxanıda da şillə-təpiklə qarşıladılar. “Siz dövlətə qarşı çıxarsız” deyib döyürdülər. Nə deyəsən 3 yaşlı uşağın paltar şkafına qumbara atıb çıxaran adamlara?!”

Təqsirləndirilən Y.Səfərov məhkəmədə ifadə vermək üçün əlyazmalar hazırladığını, lakin məhkəməyə gətirilərkən təcridxanada əlindən alındığını bildirib. O, hakimdən istintaq təcridxanası ilə əlaqə saxlanmasını, sənədlərinin qaytarılmasını istəyib.

Məhkəmə prosesi davam edir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/q6aivf

Most Viewed