Minayə Şahgəldiyeva

Source: Foto: Meydan tv

Caption: Minayə Şahgəldiyeva

Məcburi köçkün: Oğlum həbs edilsə, nə yolla olur-olsun gedəcəm Laçına

“Sadəcə ədalətli məhkəmə tələb edirəm”

Laçından olan məcburi köçkün, 37 yaşlı Maarif Şahgəldiyev “Fortis Group” MMC tərəfindən aldadıldığını deyir.

27 ildir Kürdəmir rayonunda Laçın köçkünlərinin məskunlaşdığı yataqxanada yaşayan şikayətçinin sözlərinə görə, 2015-ci ildən “Azbentonit” Zavodu ilə əməkdaşlıq edib. Zavodun sement məhsullarını alıb, üstünə müəyyən məbləğ qoyaraq satırmış. Sonradan zavodun adı “Garant İnşaat Sənaye”, indi isə “Fortis Group” olub.

Ticarət zamanı Maarif Şahgəldiyevin zavoda 30 min manata yaxın borcu yaranıb. Deyir, borc övladının xəstəliyi və zavoddan aldığı yarıyararsız materiallara görə artıb:

“Satılan materiallardan bəzisi geri qayıtdı. İstifadəyə yararsız idi. Burada bir az zərər etdim. Övladım da ağır xəstə idi, ürəyində problem vardı. Onun müalicəsinə də çox xərcim çıxdı. Nəticədə, satılan məhsulun pulunu vaxtında verə bilmədim. 30 min manata yaxın borc yığıldı”.

“Köhnə müdiriyyətlə razılaşmışdıq”

Şikayətçi deyir ki, zavodun əvvəlki müdiriyyəti ilə borcda razılaşıblar. Yenə əvvəlki kimi material götürüb satır, əldə etdiyi bütün vəsaiti zavoda verirmiş:

“Mənə qalan qazancı da götürmürdüm. Allah bilir ki, borcu söz verdiyim kimi qaytarım deyə, həmin vaxt ailəmlə necə çətin günlər yaşamışıq. Yaxşı da qaytarırdım. 1 ilə 8 min manat verdim. Qaldı 22 min. Sonra müdiriyyət dəyişdi. Yeni gələn müdir Elşad Bayramov dedi ki, ya 22 mini tam gətir, ya da səni verirəm məhkəməyə”.

“Məni aldadıb qol çəkdirdi”

Maarif Şahgəldiyev deyir ki, işlədiyi illər ərzində zavoddan dövriyyəsi 1 milyon manata yaxın olub. Material alıb, satıb və pulunu ödəyib. Ancaq zavod sahibinin borcunu tam ödə tələbini yerinə yetirə bilməyib. Çox söz-söhbətdən sonra Elşad Bayramov ona 30 min manat müqabilində limit açmağa razı olub.

“Daha nə edim, 22 mini tam ödəyə bilmirdim deyə, razılaşdım. Mənə 30 minlik mal verəcəkdi, əvvəlki kimi satıb, borcumu qaytaracaqdım. Sənədi gətirdi, imzaladım. Sonradan mənə mal vermədi. Ancaq vermiş kimi göstərib, məni məhkəməyə verdi. Guya 60 min manat borcum var ona”.

“Hakim 22 min borcumun olduğuna qərar verdi”

Maarif Şahgəldiyev deyir ki, o, heç vaxt zavoddan qaimə və fakturasız mal götürməyib. Odur ki, Kürdəmir Rayon Məhkəməsindən xahiş edib ki, Elşad Bayramov ona mal verməsi ilə bağlı sənəd təqdim etsin:

“Hər şeyi açıq dedim. Borcumun necə yaranmasını. Nə qədərini ödədiyimi və s. Hakim mənimlə razılaşdı. Elşad Bayramovdan sənəd tələb etdi. Ancaq 5 məhkəmə iclası boyunca onlar heç bir sənəd təqim edə bilmədilər. Hakim mənim onlara 22 min borcumun olduğuna qərar verdi”.

“Məhkəmə mənim heç bir xahişimi, tələbimi nəzərə almadı”

Maarif Şahgəldiyev deyir ki, Elşad Bayramov bundan sonra da ondan əl çəkməyib. 60 minlik borc tələbi ilə Şirvan Apelyasiya Məhkəməsinə müraciət edib. O, yenə məhkəmədən sənəd verilməsini tələb etsə də, bu dəfə hakim onun dediyini etməyib. 60 minlik borcun olmasına, onun 8 mininin qaytarılıb, 52 mininin qaldığına qərar verib:

“Məhkəmə mənim heç bir xahişimi, tələbimi nəzərə almadı. Zavod sahibinin haqsız iddiası təmin edildi”.

Maarif Şahgəldiyev

Maarif Şahgəldiyev

Source: Foto: Meydan tv

Şikayətçi Ali Məhkəməyə müraciət edib. Eyni zamanda, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya məktub yazıb:

“Onlara yazmaqdan barmaqlarım qabar olub. Gələn cavablarda araşdırılacağını söyləyirlər. Ancaq onlara məktub yazmaq mənim xeyrimə yox, daha da əleyhimə olur. Ona görə Meydan TV vasitəsilə onlara müraciət edirəm. Yalvarıram, məhkəmənin mənim işimi ədalətli araşdırmasına göstəriş versinlər”.

“Laçına gedəcəm, qoy ermənilər məni vurub öldürsünlər”

Maarifin anası Minayə Şahgəldiyeva onkoloji xəstəlikdən əziyyət çəkir. Deyir, bir balası var. Onu şərləyib, həbs edəndən sonra yaşamaq istəmir:

“Oğlum həbs edilsə, nə yolla olur-olsun, dağla, meşəylə keçəcəm Laçına. Qoy ermənilər məni vurub öldürsünlər. İnanın, pul tapıb, xəstəxanaya gedə bilmirəm. Ürəyim də problemlidir, təzyiq də bir tərəfdən. Yemirik-içmirik ki, borcumuzu qaytaraq. Daha nə edək? Borcdan imtina etmirik ki. Şərait yaratsın, ödəyək də. Niyə tutdurmaq istəyir?”

“6 nəfərlik ailəmiz oğlumun öhdəsindədir”

Minayə Şahgəldiyeva deyir ki, Laçından çıxara bildiyi tək varı-dövləti oğlu Maarifdir. Ondan başqa övladı yoxdur. 6 nəfərlik ailə oğlunun öhdəsindədir. O, həbs olunsa, ailə hərtərəfli məhv olacaq:

“İki azyaşlı uşağı var, köçkünük, bizə acısınlar, nolar. Çox şey istəmirik, sadəcə ədalətli məhkəmə araşdırması istəyirik. O pulu bizə hədiyyə etməsinlər. Sübut olunan borcun hissə-hissə ödənməsinə imkan versinlər, bəsimizdir. Oğurluq, quldurluq etsə, deyərəm, tutun. Etməyib axı. Balasının xəstəliyinə görə borcu yaranıb. Ondan da qaçmır, deyir: “ödəyirəm”. Sadəcə bir yola gəlmirlər. Dirəniblər, həbsini istəyirlər. Olmaz axı belə”.

“Fortis Group” MMC-dən Meydan TV-yə bu barədə açıqlama verə bilməyəcəklərini söyləyiblər: “İşimizlə bağlı deyil bu sorğu. Deyirsiz, məhkəmə qərarı var, iş məhkəmədədir. Deməli, lazımi yerdədir və qanun çərçivəsində baxılır. Məhkəmə baxır, məhkəmə qərar verir, onun qərarını şübhə altına almaq olmaz”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/0sh2sm

Most Viewed