Kəlbəcərli köçkünün yaşadığı ev

Source: Foto: Meydan TV

Caption: Kəlbəcərli köçkünün yaşadığı ev

Kəlbəcərli köçkün: Belə yaşamaqdansa, ölüm daha yaxşıdı

''Oğlum ''ailəmi burada çürüdə bilmərəm'' deyib, getdi''

"Bir otağın içində həm yatır, həm yemək yeyir, həm də çimirik. Sağ olsunlar, hələ buranı veriblər, çöldə qalmırıq. Yoxsa necə olardı bizim halımız?"

Kəlbəcərin Nəcəfalılar kəndindən köçkün düşmüş Gülşən Məmmədova belə deyir. O, Yevlaxın Mal Binəsi kəndində məktəbin həyətindəki kiçik tikilidə yaşayır. Deyir, bu balaca daxmada 3 övlad böyüdüb. Bu gün çəkdiyi çətinliklərdən danışmaq, həmin günləri xatırlamaq istəmir. Amma bundan sonrakı həyatını rahat yaşamağı arzulayır.

"Qızım ailə qurdu, köçdü. Oğlum isə evləndi, getdi. Dedi: “Ailəmi burada çürüdə bilmərəm”. Bakıda fəhləlik edir, kirayədə qalır. Qızım da ki, məktəblidir. Deyirəm, heç olmasa onun gəncliyi normal bir evdə keçsin. Yazıq uşaq, gözünü dünyaya açandan normal ev, şərait görməyib. Heç olmasa, bundan sonra bir ev verələr, normal şəraitdə yaşadam. İnanın, üzlərinə baxanda utanıram" - deyir, G. Məmmədova.

Köçkün evi

Köçkün evi

Source: meydan.tv

"Deyirəm, belə yaşayışdansa, ölmək daha yaxşıdır"

Gülşən Məmmədova deyir ki, normal şəraitləri olsaydı, oğlu Bakıya gedib, orada fəhləlik etməzdi. Rayonda da iş tapıb görə bilərdi. Ailənin ən böyük problemi evdir. Evləri olsa, qalan hər şeyi yoluna qoya biləcəyini deyir:

"Baxın də, bir otağın içində yatırıq, dururuq, yeyirik, içirik. Hər şeyimizi bir otağın içində etməkdən canımızdan bezmişik. Zülmdü e, qəbiristanlıq buradan genişdi, rahatdı. İnanın, gələndən rahatlıq tapa bilməmişik. Birdən həyatımdan elə bezirəm ki, deyirəm, belə yaşayışdansa, ölmək daha yaxşıdır".

"Yay-qış odun işlədirik"

Ailə 1994-cü ildən burada yaşayır. G.Məmmədova deyir ki, Prezident İlham Əliyev tez-tez çıxışlarında köçkünlərə hər bir şərait yaradıldığını söyləyir. Ancaq o, yaşayışında heç bir yaxşı şərait görmür:

"Prezident gəlib görə bizim bu yaşayışımızı. Bəlkə onda bizə bir gün ağlayar. İmkanımız da yoxdur ki, nəsə edək. Ayda 60 manat pul girir bu evə - çörəkpulu. Bir yerdə işləmirəm, 2 dəfə əməliyyat olmuşam, xəstə adamam. Belimdə yırtıq, böyrəyimdə daş var. İş qüvvəmi itirmişəm. Həmin 60 manatla dolanırıq. Ev-eşik, imkan, iş yox. İlham Əliyevin xəbəri yoxdur bizim nə vəziyyətdə yaşadığımızdan. Deyir, köçünlərə ev-eşit tikmişəm. Düzdür, bəlkə də bəzilərinə verib, ancaq bizim kimilər də qalıb ortalıqda. Məktəbin köhnə qarovulxanasıdır. Qaz, işıq yox. Güclə ordan-burdan bir xətt çəkmişik. Odun işlədirik yay- qış. Suyu isə daşıyırıq".

mətbəx

mətbəx

Source: meydan.tv

"Şəraitsizlik ücbatından uşaqlarımın üzünə həsrət qalmışam"

Gülşən Məmmədova deyir ki, həyətdə gecələr ocaq qalayır, su isidir, çimirlər. Sual edir: İndi hansı dövrdür ki, ocaq qalayıb, su isidərlər?

"İşığı da çox istifadə edə bilmirik. Ay sonu gələndə altından çıxmaq olmur. Burada 4 nəfər yaşayırdıq. Gəlinimlə oğlum gedəndən sonra qızımla qalmışam. Deyirəm, darıxıram, gəlin. Qızım da qardaşına həsrətdir. Deyir: “Hara gələk, ora nə yerdir, nə şəraitdir ki?” Böyük qızım da ailə qurub. O da köçkünlə evlidir və Mehdiabadda yaşayır. O da ayda, ildə bir gəlir. Şəraitsizlik ücbatından uşaqlarımın üzünə həsrət qalmışam".

"Qızım mənə dedi ki, belə şəraitdə neyləyirdin məni dünyaya gətirib?"

G.Məmmədova deyir ki, belə şəraitdə yaşamaq çox çətindir. Tez-tez oturub ağlayır. Şəraitindən gileylənir:

"Mən kimə, nə pislik etmişəm ki, bu vəziyyətə düşmüşəm? Vallah, daha dözmürəm, yaşaya bilmirəm. Yevlax, yaşadığım kənd pis deyil, ancaq şərait yoxdur. Anamı, atamı, bacımı, qohumlarımızı burada itirmişik. Baxma, ikinci vətəndir. Nolar, heç olmasa, bir ev verələr bizə də. Bundan sonra bir gün görək. Arada deyirəm ki, belə yaşamaqdansa, ölmək yaxşıdır. Sonra deyirəm, birdən Allaha ağır gedər. Susuram, qızım bir dəfə mənə dedi ki, belə şəraitdə neyləyirdin məni dünyaya gətirib? Adamın üzü də utanır. Uşaqdan da, böyükdən də, gələn qonaqdan da... Nə bilim, bizim də alnımıza bu yazılıbmış..."

Gülşən Məmmədova

Gülşən Məmmədova

Source: meydan.tv

" Ən qəzalı, ən təhlükəli şəraitdə yaşayanlar birinci köçürülür"

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev Meydan TV- yə bildirib ki, məcburi köçkünlərin yeni mənzillə təminatı hər zaman Prezident İlham Əliyev və Birinci vitse- prezident xanım Mehriban Əliyevanın diqqət mərkəzindədir. Yeni tikilən mənzillər Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarına əsasən, Dövlət Proqramı və ona edilmiş əlavələrdə göstərilən konkret köçürülmə obyektləri üzrə həyata keçirilir. Bundan başqa, ən qəzalı, həyat üçün təhlükəli şəraitdə yaşayan məcburi köçkün ailələri ilk növbədə yeni mənzillərlə təmin edilir:

“Bu obyektlər Dövlət Komitəsində yaradılmış işçi qrupu və komissiyanın hərtərəfli və şəffaf araşdırması nəticəsində müəyyən olunur. Mənzillə əlaqədar müraciətlər işçi qrupu tərəfindən araşdırılır, nəticələr komissiyaya təqdim edilir. Komissiyanın rəyi Dövlət Komitəsinin sədrinə təqdim edilir və müvəqqəti məskunlaşma obyektlərinin köçürülməsi barədə qərar qəbul edilir”.

"Növbə ilə hamı köçürüləcək"

İ.Mirzəyev əlavə edib ki, regionlarda da məcburi köçkünlər üçün hündürmərtəbəli binalar və fərdi evlərin tikintisi davam edir:

“Yevlax şəhəri ərazisində məcburi köçkünlər üçün yaşayış binaları tikilən zaman qeyd etdiyiniz ünvanda yaşayan ailələrin də köçürülməsi qanunauyğun formada baxılacaq”.

ev

ev

Source: meydan.tv

1990-cı ilin əvvəllərində Qarabağda Azərbaycan və Ermənistan arasında silahlı münaqişə yüz minlərlə insanı evindən köçkün saldı.

BMT-nin Miqrasiya Agentliyinin məlumatına əsasən, 1994-cü ildə atəşkəs imzalanana qədər müharibədə 30000-dən çox insan həyatını itirib, 600 mindən çox insan məcburi köçkün və 250 mindən çox etnik azərbaycanlı isə qaçqın düşüb.

Köçkün düşmüş əhali sığınacaq kimi istifadə edə biləcəkləri hər yerdə məskunlaşıb. Məktəblər, xəstəxanalar, uşaq bağçaları, kitabxanalar, yol kənarları, hətta ilk vaxtlarda çadırlarda qalanlar da var idi. Bu sığınacaqlar müvəqqəti sayılırdı, ancaq insanlar 25 ildən artıqdır ki, bu yerlərdə yaşayırlar. Müvəqqəti sığındıqları bu yerlər onların daimi yaşayış məskənlərinə çevrilib.

Gülşən Məmmədova

Gülşən Məmmədova

Source: meydan.tv

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/93jokr

Most Viewed