Source: Meydan TV

İdealistin səhvi

Article was updated on :  13 December 2019

Təəssüflə qeyd etməliyəm ki, savadlı İlqar Məmmədov bu məsələdə səhv edir

Siyasətdə uğur qazanmağın birinci şərti vəziyyəti düzgün təhlil edib, düzgün qərar çıxarmaqdır.

Azərbaycanda parlament seçkilərinə start verilib. ReAL düzgün qərar verib: seçkilərdə iştirak edəcək.

Seçki şəraitini təhlil edən İlqar Məmmədov onu dinləyənlərə bilidirib ki, Ermənistandakı son demokratik seçkidən sonra Qarabağ naminə mücadilədə uduzmamaq üçün İlham Əliyev Azərbaycanda da demokratik seçki keçirməyə məcburdur. Onun sözlərindən belə çıxır ki, gələcək seçkilərimiz demokratik olmasa, danışıqlarda Ermənistan şəksiz üstünlük qazanacaq.

Bunu dinləyib öz 30 il əvvəlki sadəlövhlüyümü xatırladım. Yadıma düşdü ki, mən də eyni səhvi etmişdim. Mən də AXC adı ilə siyasətə qoşulmuş adamların məqsədinin Qarabağ və xalqın azadlığı olduğunu zənn etmişdim. Və yanılmışdım.

Elə bilmişdim ki, insanlar işini-gücünü atıb AXC-yə gəliblər ki, Qarabağı qorusunlar, siyasi sistemi islah edib partokratların xalqdan aldığı hakimiyyəti qanuni sahibinə qaytarsınlar.

Gerçək hadisələr və tarix mənə sübut etdi ki, nə qədər yanılmışam. AXC adı ilə siyasətə atılmış adamların mütləq əksəriyyəti Vətən və Azadlıq naminə deyil, vəzifə və sərvət naminə, öz dar, şəxsi mənafeləri naminə işlərini atıb siyasətə girişmişdilər.

Heyrətlə müşahidə edirdim ki, tarix bu adamların qarşısına “Ya Qarabağ, ya vəzifə” seçimini qoyanda onlar daima vəzifəyə üstünlük verirdilər. Sözdə “millət, millət” bağıraraq onlar millətin maraqlarını bada verərkən bir an belə tərəddüd etmirdilər.

Əvvəl elə bilirdim ki, bu davranışlarının səbəbi onların siyasi cəhalətidir. Sonra anladım ki, siyasi cəhalətlə yanaşı öz mənafelərini dünyada hər şeydən, ilk növbədə Qarabağdan və xalqdan üstün tutmalarıdır.

Anladım ki, onların dünyagörüşündə ən önəmli olan onların cibi, şəxsi və ailə maraqlarıdır. Dəfələrlə müşahidə etdim ki, onlar qəsdən, şüurlu şəkildə milli maraqlara xəyanət edirlər ki, öz şəxsi maraqlarını təmin etsinlər.

Onların ümumi cəhaləti və savadsızlıqları onlara öz mənafelərini Vətən və xalq hesabına qorumağa əsla mane olmurdu.

Hadisələrin gedişi sübut etdi ki, həmin zümrədə yeganə vəzifə və sərvət istəməyən zavallı məxluq sizin bəndeyi-həqiriniz olmuşdu ki, buna görə hamı ona heyrət və təəssüflə baxırmış, onu səfeh və əfəl sayırmış.

Özlərini isə zirək, ağıllı və mərd insan, qəhrəman sayırdılar. Zira onların meyarlarının əsasında şəxsi mənafe ölçüsü dururdu.

“Qarabağ və xalq” şüarları onların siyasi aləti idi, əsl məqsəd isə vəzifə və sərvət idi.

Belə adamlarla eyni sırada, bir səngərdə durmağın məntiqsizliyini anladığımdan 1990-cı ilin yanvar ayının 7-də gələcək məşum hadisələrin gətirəcəyi fəlakətlərin xəbərdarlığını edib AXC-ni tərk etdim.

Sübhanə-l-lah, adım törədilmiş xəyanət və cinayətlərə bulaşmadı.

Öz yolumu xeyli təhlil edib siyasi məğlubiyyətimin səbəbini vəziyyəti düzgün qiymətləndirməməyimdə gördüm. Anladım ki, yol yoldaşlarımın həqiqi məqsədlərini bilməmişəm. Elə bilmişəm ki, onlar da mənim kimi siyasətə Qarabağ və Azadlıq naminə gəliblər. Xeyr, məlum oldu ki, onlar siyasətə vəzifə və sərvət naminə gəliblər.

İndi də görəndə ki, İlqar Məmmədov Azərbaycanın Qarabağla bağlı danışıqlarda üstün mövqe qazanması naminə İlham Əliyevdən gələcək parlament seçkilərində şəffaf və ədalətli rəqabət mühitinin yaradılmasını gözləyir, anladım: xeyirxah və idealistik insanlar başqalarının səhvindən ibrət götürmürlər, zira siyasət meydanına atılmış insanlardan elə özlərinin güddüyü məqsədləri güdəcəklərini gözləyirlər.

İlqar Məmmədov elə hesab edir ki, İlham Əliyevi Qarabağ müşkülü o qədər qayğılandırır ki, onun naminə gələcək seçkiləri abırlı və ədalətli keçirəcək.

Təəssüflə qeyd etməliyəm ki, savadlı İlqar Məmmədov bu məsələdə səhv edir. Zira İlham Əliyev nümunəvi Azərbaycan siyasətçisi kimi ilk nəvbədə siyasi hakimiyyət və onun doğurduğu maddi imtiyazlar barədə düşünür, Qarabağ isə onun üçün bu ali məqsədə çatmaq üçün sadəcə alət və vasitədir.

Gələcək seçkilərə hazırlıq üçün hakimiyyətin içində qızğın və sürətli iş gedir. Nəhəng pullar ayrılıb, əhali qruplarının qeyri-rəsmi liderləri ilə sövdələşmələr gedir, nisbətən “təmiz” nəticələr müqabilində əldə edəcəkləri xəyali məbləğlər onların diqqətinə çatdırılır. Hakimiyyət gözəl bilir ki, Ramiz Mehdiyevin “üsulları” ilə formalaşacaq parlamentin beynəlxalq aləmdə qara qəpiklik hörməti olmayacaq, odur ki, seçkidə də “bazar iqtisadiyyatı“na keçib deputat mandatlarının maliyyə tutumunu şişirtməklə məşğuldur.

Bəllidir ki, maliyyə meydanında heç bir nüxalifət bu sahədə hakimiyyətlə rəqabət apara bilməz.

Gələcək seçkidə zəka, vicdan, bacarıq, cəsarət və sədaqət deyil, xərclənəcək pulların həcmi əsas rol oynayacaq. Bu sahədə də hakimiyyət çalışacaq ki, xərclənən pullar üzərində sərt nəzarəti özü üçün təmin etsin.

Öz aramızdır, 30 il bundan əvvəl bazar iqtisadiyyatına keçidə kim hamıdan uca səslə çağırırdı?

Di alın gəlsin...

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  13 December 2019
Featured in:  
Shortlink:   http://mtv.re/d6wn2w

Most Viewed