Source: Meydan Tv

Hərbçi olmağa gedən yol rüşvətdən keçir

“Rüşvətlə xidmətə gələn MAXE və gizirlər Azərbaycan ordusunun ən böyük problemidir”

"Vətənə xidmət etmək üçün pul istəyirlər!”, "Aprel döyüşlərində yaralanmışam, imthanları uğurla vermişəm, ancaq imtahanı keçənlər isə rüşvət verənlərdir", bunlar mart ayının 5-də Azərbaycan Respublikası Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin (TTM) qarşısında etiraz edən əsgərlərin dedikləridir. Onların istədikləri gizir və MAXE kurslarına qatılıb hərbçi olmaqdır. Etiraza gələnlərin böyük hissəsi əsgərlik xidmətini başa vuranlardır. Gizirlik və MAXE kurslarına qəbul imtahanları ildə dörd dəfə keçirilir.

Qəbul edilən MAXE və gizirlərin sayı isə ordunun birbaşa ehtiyacına görə dəyişir. MAXE-lərin aylıq əmək haqları minimal olaraq 700 manat, gizirlərin isə minimum 600 manatdır. Bir il və ya ilyarım əsgərlik çəkənlərə verilən aylıq məvacib cəbhə xəttinə yaxın bölgələrdə 26, arxa cəbhədə isə bu məbləğ cəmi 13 manatdır.

Mart ayının 2 və 3-də keçirilən imtahanlarda iştirak edən 1200 iştirakçıdan yalnız 221-i gizirlik kurslarına qəbul edilib. İdman normativləri, hərbi, tarix və riyaziyyat imtahanlarını uğurla verən əsgərlər adlarını kursu qazanmışlar arasında tapmadıqlarını, imtahanın nəticələrində rüşvətin rol oynadığını bildirirlər. Etirazçılar aksiya zamanı imtahanların rüşvətsiz keçirilməsini tələb ediblər. Etirazçılar Cəmşid Naxçıvanski adına hərbi məktəbin müdiri Bəkir Orucovun maşınının qarşısını kəsərək məsələyə aydınlıq gətirilməsini tələb ediblər. Lakin Orucov bildirib ki, bu məsələlərə görə, o, məsuliyyət daşımır, ancaq bu haqda Azərbaycan Müdafiə Nazirliyini məlumatlandıracağına söz verib. Ədalət Abbasov bildirir ki, o, 2016-cı ilin aprel ayında Lələtəpə uğrunda gedən döyüşlərdə iştirak edib və başından aldığı yaradan, eşitmə qabiliyyətini itirərək bir həftə xəstəxanada yatmalı olub. Abbasovun sözlərinə görə, o da ən azı 51 bal topla- maqla imtahandan uğurla keçən, lakin siyahıdan kənarda qalanlardandır. Abbasov və digər etirazçılar bildirirlər ki, imtahanı verə bilmədiklərini öz gözləri ilə gördükləri halda, yenə də həmin şəxslərin adlarını qəbul edilənlərin siyahısında tapıblar. Ə.Abbasov deyir ki, hərbçi olmaq onun uşaqlıq arzusu olub:

“Bütün imtahanları vermişəm, idman normativlərini artıqlamasıyla ödəmişəm, ancaq qəbul edilməmişəm. Nə ailəmdə, nə də məndə pul yoxdur ki, verib, mən də keçim”.

“General-leytenant Nizam Osmanov və general-mayor Ənvər Əfəndiyev bizə dedi ki, narahat olmayın, imtahan verənlər keçəcəklər. İndi o generallar hanı? Niyə verdikləri sözün üstündə durmurlar?” “Evin tək oğluyam. Aprel döyüşlərində Lələtəpə uğrunda döyüşmüşəm. Qulağımdan yaralanmışdım. Yaralıları, şəhidləri (həlak olan əsgərlər) ərazidən çıxarmışam. İmtahanların hamısından uğurla keçmişəm, ancaq nə mənim, nə də ailəmin pulu yoxdur deyə, kənarda qalıram”, - Abbasov bildirir.

Bir çox əsgər deyir ki, rüşvət TMM zabitlərinə ya birbaşa, ya da vasitəçi yolu ilə verilir. Abbasov bildirir ki, etirazdan bir həftə sonra müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev və Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov ona və digər aksiya iştirakçılarına zəng edərək üz-üzə görüşə dəvət edib və aksiyanın səbəbləri haqda maraqlanıblar:

“Görüşdə aksiyanın səbəbi haqda soruşdular. Cavabında bildirdim ki, aprel döyüşlərində yaralanmışam, bir polkovnik leytenant yaralanmışdı, onu üç nəfərlə döyüş meydanından çıxarmışam, imtahandan və idman normativlərindən uğurla keçsəm də, qəbul edilənlərin siyahısından kənarda qalmışam. Kərim Vəliyev də Elçin Xəlilovdan soruşdu ki, bu faktları niyə nəzərə almayıblar? Sonda dedilər ki, növbəti seçimlərə yenidən qatılım. Orada dedim ki, bir daha hərbiyə yazılmayacağam. Rüşvətxor generallar uşaqlıq arzumu puç etdilər!”

Ayət Quliyev 27 yaşlı oğlu Vüqar Quliyevin gizirlik kursuna qatıla bilməməsini ədaləsizlik adlandırır.

Gizirlik kurslarının davam etidyi iki ay ərzində hərbçilərin xidmət göstərdiyi spesifik sahələr üzrə təlimlər aparılır. “Oğlum həm imtahanı, həm də idman normativlərini verib, ancaq kursa qatılanlar yalnız rüşvət verənlərdir,” deyə Ayat Quliyev onu da əlavə edir ki, əsgərlər haqlarını tələb etdikləri üçün hərbçilər onların üstünə polis göndəriblər: “Ayıb deyil? Polis də haqqını tələb edənlərə deyir ki, aparacağıq sizi içəri, təxribat törədirsiniz. Təxribatı törədənlər içəridə pul alanlardır, polisi göndəriblər kasıbın balalarının üzərinə! Sabah Vətən deyəndə ki, dardayam, övladını göndər, mən də deyəcəm, istirahətdəyəm”.

Vüqar Quliyevin sözlərinə görə, orduda ədalətsizlik baş alıb gedir:

“Orduda bu qədər çirkab olduğun eşitmişdim, ancaq indi bunun açıq şahidi oldum. Əli cibində gəlib-gedənlər qəbul edilir, kursun bütün tələblərni yerinə yetirənlər isə kənarda qalır. Bir neçə gün sonra bizi söhbət üçün dəvət etdilər, ancaq mən getmədim. Gedib, çirkaba bulaşmaq istəmirəm”. Etirazçılara növbəti imtahandan keçəcəkləri, baş verən nüansların nəzərə alınacağı bildirilsə də, onlar imtahana yenidən qatılmaq niyyətlərinin olmadığını bildiriblər.

Etiraz edənlər

Etiraz edənlər

Source: Meydan Tv

Gizirlik kursundan kəsilənlərdən və hazırda Silahlı Qüvvələrdə xidmət edən adlarının açıqlanmasını istəməyən üç zabitin sözlərinə görə, gizir olmaq üçün 4-7 min manatarası rüşvət vermək lazımdır. Gizirlik kursuna qatılmaq istəyənlər bildirir ki, bu il hətta üç min manat verənlər də kənarda qalıblar.

Belə şəxslərdən biri Orxan Əhədovdur. Onun sözlərinə görə, onun 3500 manat xərci çıxsa da, o da kənarda qalıb:

"Mənə poliklinikada dedilər ki, 500 manat verməsəm, xəstəlik yazacaqlar, imtahanlara girə bilməyəcəyəm. Mən də məcbur 500 manat pul verdim. Atam da üç min manat pul vermişdi ki, gizir kurslarına keçim, ancaq bu məbləğ azlıq etdi".

Hazırda xidmətdə olan və adının açıqlanmasını istəməyən yüksək rütbəli zabit deyir ki, rüşvətlə xidmətə gələn MAXE və gizirlər Azərbaycan ordusunun ən böyük problemidir:

"Bir neçə ay əvvəl bir gizir tabeliyimdə olan bölüyə təyin edilmişdi. Həmin gizir mənə bildirdi ki, buraya gəlməyə üç-dörd min manat xərci çıxıb. Ona görə də, ondan xidmət tələb etməyim. Buna etirazımızı bildirdikdə isə pul verdikləri yüksək vəzifəlilər üzərimizə gəlir. Ordunu bu cür çirkabdan təmizləmək lazımdır".

“Təsəvvür edin ki, 200 nəfərdən çox şəxs pul verərək gizir olur. Kim zəmanət verə bilər ki, o gizirlərdən neçəsinin pulu haradan alınıb? Bəlkə qarşı tərəf yenə istədikləri yerlərə pulla adamlarını yerləşdirirlər? Müdafiə Nazirliyində yüksək rütbə tutan şəxlər bunu heç düşünürmü?”- mənbə deyir.

Hazırda hərbi xidmətdə olan və zabit kursuna qatılan ali təhsilli əsgərlər bu sahədə rüşvətin daha çox olduğunu deyirlər.

Adının açıqlanmasını istəməyən leytenant bildirir ki, zabit olmaq üçün 8-10 min manat tələb edilir:

“Kimlər ki, o məbləği verir, keçirlər, pulu olmayanlar isə kənarda qalırlar. Pul zabitin hansı vəzifəyə gedəcəyindən tutmuş, hərbi hissəsini, alacağı maaşı da müəyyən edir”.

Zabitləriin ortalama aylıq əmək haqları 700-800 manat arasında dəyişir. Əgər zabit sərhədyanı ərazidə işləyirsə, əmək haqqı iki dəfə artıq olur.

Adının açıqlanmasını istəməyən digər yüksək rütbəli zabit isə əlavə edir ki, hər kurs dönəmində MAXE, gizir, zabit kursları zamanı 1 milyon manatdan artıq pul qazanılır.

Müsahibimiz Vüqar Quliyev deyir ki, gizirliyə gəlmək üçün polis işindən çıxıb, ancaq burada da belə bir halla qarşılaşıb:

“Bundan sonra qətiyyən hərbiyə getmərəm, hələ ki, işsizəm və ancaq mülki sahədə iş axtarıram”.

Ədalət Abbasov isə heyvandarlıqla məşğul olduğunu bildirir: “Bir də hərbiyə tərəfə üz tutmayacağam. Bizimlə görüş zamanı Kərim Vəliyev və Elçin Xəlilovun özlərinə birbaşa dedim ki, bir daha hərbiyə getməyəcəyəm. Döyüşlər olsa da, məni axtarmasınlar. Rüvət verib güllə qabağında durmaqdansa, gedib o pulla iş quracam”.

Ağdam ərazisindən gələn məcburi köçkünəm, ailəmin pulu olsa, niyə hərbiyə gedirdim? Ailəmizin bir az heyvanı var, onlarla məşğulam”.

Etiraz edənlər

Etiraz edənlər

Source: Meydan Tv

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/bfquad

Most Viewed