Gəncəli deputatdan Rəsulzadəyə təhqiramiz ifadələr

Müsavat Partiyası Milli Məclisə və Baş Prokurorluğa müraciət edəcək

Source:


Müsavat Partiyası Milli Məclisə və Baş Prokurorluğa müraciət edəcək

Gəncə şəhərindən Milli Məclisə mandat alan 32 yaşlı Naqif Həmzəyev Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə haqda təhqiramiz ifadələr işlədib.

O, bu barədə “Yeni Müsavat” qəzetinə bildirib.

“Rəsulzadənın büstünə torba keçirilməsi ilə bağlı son durum haqda nə deyərdiz?” sualından diksinən deputat bir qədər də üz-gözünü turşudub, Azərbaycan Cumhuriyyətinin, milli istiqlal hərəkatının lideri, “Bir kərə yüksələn bayraq, bir daha enməz” şüarının banisi Məmməd əmin Rəsulzadəyə olan nifrətini izhar etdi.

Naqif Həmzəyevin qəzetin jurnalisti ilə dialoqu bu şəkildə olub:

– Niyə Rəsulzadının büstü və ya heykəli qoyulmalıdır ki?! Mən bu cür tarixi şəxsiyyət tanımıram, mənim üçün bircə lider var, o da ümummilli lider. Gəncəli gənclər də mənim bu fikrim ilə razıdırlar.

– Şərqdə ilk demokratik…

-Tarixi məndən yaxşı biləcəksiz? Heç bilirsiz o Rəsulzadə respublika yaratmaq üçün nələr edib? Yaxşı şəxsiyyət olsaydı qurduğu respublikanı qoruyub saxlayardı.

Bu zaman kənardan da müdaxilələr olur:

– Rəsulzadə yaxşı kişi olsaydı, arvadına sahib çıxardı…

– O, bizim nə qədər sərvətimizi talayıb…

– Bunlar (mən nəzərdə tutuluram) Rəsulzadə fanatıdırlar.

Deputat canfəşanlıqla Rəzulzadəyə qara yaxmaqda, jurnalistləri şoka salaraq, mürtəce fikirlərini söyləməkdə davam edirdi:

– Rəsulzadə satqın olub, o bizim İrəvanı və digər torpaqlarımızı satıb. Azərbaycanda qarşı xarici qüvvələrlə sıx əlaqədə olub. Onun barəsində dəqiq məlumat bilmək üçün tarixçilərə müraciət edin. Onlar kimin nə olduğunu yaxşı bilir. Bir də ki, cumhuriyyətin qurulmasında təkcə Rəsulzadə deyil, başqalarının da xidmətləri olub. Siz niyə onlar barəsində sual vermirsiz? Cumhuriyyət məgər təkcə Rəsulzadədən ibarətdir?!

Hazırda Gəncədə Nizami Gəncəvinin və digər tarixi şəxsiyyətlərimizin həyat və yaradıcılığı ilə bağlı işlər görülür, onlara aid abidələr qoyulur.

Cumhuriyyətin ildönümü ilə əlaqədar şəhərimizin Gülüstan qəsəbəsində “İstiqlal” parkı açılıb.

– Gələn qonaqlara, xarici turistlərə parkı necə təqdim edirsiz- satqın Rəzulzadənin qurduğu istiqlaliyyətə aid “İstiqlal” parkı?

– Axı niyə fikirləşirsiz ki, Gəncədə Rəsulzadənin heykəli olmalıdır?! Rəsulzadə republikanı Gəncədə deyil, Tiflisdə qurub… Qoy bu barədə Müsavat Partiyasının üzvləri məşğul olub, onunla bağlı məsələləri həll etsinlər. Bir dəfə də olsun müsavatçılardan kimsə onun büstünün qoyulduğu quruma zəng edib başına torba keçirilməsinin səbəbini soruşub?…

Açıqlama ilə bağlı Meydan TV Müsavat başqanı Arif Hacılıya müraciət etdi.

Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan dövlətinin qurucusu hesab edən Arif Hacılı bildirdi ki, Rəsulzadənin təhqir olunması əslində Azərbaycan xalqının təhqir olunmasıdır: “Bu ifadələrin sahibi layiqli cavabını almalıdır. Şübhə etmirəm ki, Azərbaycan ictimaiyyəti onun layiqli cavabını verəcək. Ancaq yalnız bununla kifayətlənmək olmaz. Müsavat Partiyası olaraq biz bu adamın hüquqi müstəvidə cəzalandırılmasına nail olmağa çalışacağıq. Mən hüquqşünasları dəvət etmişəm, onlarla məsləhətləşəndən sonra açıqlama yayacağıq. Yəqin ki, biz Azərbaycan Milli Məc lisinə və Baş Prokurorluğa müraciət edib onun deputatlıq səlahiyyətlərinin alınması və cinayət məsuliyyətinə cəlb olunması məsələsini qaldırcağıq. Yaxın saatlarda partiyamız bununla bağlı qərarlar qəbul edəcək”.

Arif Hacılı Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevin də Məhəmməd Əmin Rəsulzadəyə münasibətinin yaxşı olmadığı qənaətindədir: “Ancaq hesab etmirəm ki, bu hadisələr yalnız bir ərazinin icra başçısının siyasəti ilə bağlıdır. Bötüvlükdə Məhəmməd Əmin Rəsulzadə başda olmaqda dövlətin qurucularına, həm də 1991-ci ildə cümhuriyyəti bərpa edənlərə mövcud hakimiyyətin ümumi münasibətinin nəticəsidir”.

Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadənin yeni deputatın açıqlamasına münasibəti isə kəskin olub.

O, modern.az-a açıqlamasında deputatla məhkəmədə görüşəcəyini deyib: “Dediyi sözlərin hamısı onun özünə aiddir. Belə fikir səsləndirməsi həmin adamın tarixi bilməməsindən irəli gəlir.

Təəssüf edirəm ki, belə savadsızlar deputat seçilib. O, Məhəmməd Əmin Rəsulzadəni təhqir edibsə, məhkəmədə cavab verməli olacaq”.

Deputatın “Rəsulzadə respublikanı Tiflisdə qurub, qoy büstü də Tiflisdə olsun” fikirlərinə Rəis Rəsulzadə belə cavab verib:

“O kimdir?! Prezidentdən çox bilir tariximizi?!

Ona sual etmək lazımdır ki, əldəqayırma deputat ölkə başçısından çox bilir?! Bu savadsız, kimliyi bilinməyən adam Heydər Əliyevə, İlham Əliyevə, alimlərə tarix öyrədəcək?! Dediklərinin hamısı məhkəmə müstəvisində həll ediləcək. Təhqirlərinə hüquqi qiymət veriləcək”.

Ana səhifəXəbərlərGəncəli deputatdan Rəsulzadəyə təhqiramiz ifadələr