Gülbikə nənə deyir ki, yaşı artıq olsa da, yaddaşı çox yaxşıdır

Source: meydan tv

Caption: Gülbikə nənə deyir ki, yaşı artıq olsa da, yaddaşı çox yaxşıdır

Əvvəlcə xana, sonra ruslara, indi isə azərbaycanlılara ev sahibliyi edən kənd

Sakinlər deyir ki, Cəfərxanlı kəndində vaxtilə alman əsirləri də saxlanılıb

Bura ötən əsrlərdə əhalisinin 90 faizini rusların təşkil etdiyi, İkinci Dünya Müharibəsi ərəfəsində alman əsirlərinin saxlandığı və alman məzarlığının olduğu, köhnə binaları ilə məşhur Saatlının Cəfərxanlı kəndidir.

Kənd həm də Sovet dövründə torpaqşünaslıq elmi ilə məşğul olan alimlərə ev sahibliyi edib. Sakinlərinin deməsinə görə, Azərbaycanın ən böyük qarpızı burada yetişdirilib. Hətta həmin qarpızın müqabilində bir qoç veriblər, sahibi razı olmayıb. Sonra həmin qarpızı Moskvaya, kənd təsərrüfatı sərgisinə göndəriblər.

“Əsirlərin yeməyinə duz vurmurdular, yeyəndə ürəkləri bulanırdı”

Sakinləri kənd barəsində çox maraqlı əhvalatlar danışırlar. Burada saxlanan 200 alman zabitini xatırlayanlar da var. Kimi deyir, sonradan həmin zabitləri alman hökumətinə təhvil verdilər, kimi də onların hamısının güllələndiyini söyləyir:

“Hətta müharibə vaxtı bura çoxlu yetim uşaqlar da gətirilmişdi. Onların böyük əksəriyyəti Rusiyadan gəlmələr idi. Elə alman əsirlərini də müharibə dövründə görmüşük. Burada, binalardan birində saxlanırdılar. Başqa bir binanı isə yeməkxanaya çevirmişdilər. Gündə 3 dəfə ora, yemək yeməyə aparılırdılar. Biz də maraqla onları seyr edərdik. Çoxu yeməyi sonacan yeyə bilmirdi, hətta qaytaranlar da olurdu. Valideynlərim danışanda eşitmişdim ki, onların yeməyinə duz vurmurmuşlar, ona görə ürəkləri bulanırmış. Görünür, zülmün bir növü idi”.

Cəfərxanlı sakini, 1934-cü il doğumlu Gülbikə Abdullayeva belə deyir. Gülbikə xanım bu kəndə sonradanköçmə olduqlarını söyləyir. Deyir, əsilləri Sabirabadın Qalağayın kəndindən olub. Aclıq, işsizlik ücbatından Cəfərxanlıya köçməli olublar:

Cəfərxanlı kəndi

Cəfərxanlı kəndi

Source: meydan.tv

“Burada uzaq bir qohumumuz yaşayırdı. Atamın bir dəfə bu tərəfə yolu düşüb. Bir gecə onlarda qalıb. Bu kənddəki yaşayışı görüb, heyran olub. Həmişə deyərdilər ki, rusların olduğu yerdə heç kim acından ölməz. Belə yerlərdə iş-güc, yaşayış yüksək səviyyədə olurdu. Qohumunun da məsləhəti ilə atam bizi götürüb Cəfərxanlıya gəlib. Mən onda körpə olmuşam. Xatirimdə olan yeganə evimiz elə Cəfərxanlıdakıdır”.

“Bu kənddə müharibə bir ayrı hiss edilirdi”

Gülbikə Abdullayeva deyir ki, Cəfərxanlıda ailəsinin həyatı dəyişib. Uşaqların hamısı rus dilində təhsil alıb. Özü də yüksək səviyyədə. Atası işə düzəlib, ev sahibi olublar:

“Güzəranımız yerində idi. Sonra da müharibə başladı. Müharibə bu kənddə bir ayrı hiss edilirdi. Təsəvvür edin, 2-3 azərbaycanlı ailə idi, qalanı hamısı ruslar. Onların savaşı idi. Bəlkə də əhalisinin çoxu ruslar olduğu üçün yetim uşaqları da etibar edib bu kəndə gətirdilər, əsirləri də. Çünki onlara özlərindən başqa heç kim bu qədər yaxşı nəzarət edə bilməzdi”.

“Biz onlara çörək, onlar bizə paltar sabunu verirdi”

Gülbikə Abdullayeva deyir ki, əsirlər gələndə onun 6 yaşı olub. Bu gün kimi xatirindədir. Səhərlər sıraya düzüb yeməyə aparmaqları, bağda-baxçada, ağır işlərdə çalışdırdıqları, hər şey:

“Bir-iki dəfə mərkəzdəki binaya qaçıb, barmaqlıqlar arasından onlara konfet uzatmışam. Səhərlər onları işlətməyə aparanda özləri ilə paltar sabunu götürürdülər. Biz yolda onlara gizlincə evdə bişmiş qara çörək uzadırdıq, onlar da əvəzində bizə sabun verirdilər. Qara da olsa, içində duz olurdu, dadı əla idi. Kənd əhalisinin isə müharibə vaxtı sabuna ehtiyacı olurdu. Qarşılıqlı yaxşılıq edirdik bir-birimizə”.

Gülbikə Abdullayeva keçmişi xatırlayır

Gülbikə Abdullayeva keçmişi xatırlayır

Source: meydan.tv

“Az qala hər həftə biri ölürdü, qalmırdılar çox”

Kənd sakinləri sonradan həmin alman zabitlərinin necə olduğunu bilmirlər. Deyirlər, arada həmin zabitlərdən ikisi qaçıb. İndiki Şirvan şəhəri yaxınlığından tutub, geriyə qaytarıblar. Kimi də söyləyir ki, elə bu hadisədən sonra onların hamısını güllələyib, topa qəbir qazıb, basdırıblar. Gülbikə Abdullayeva isə deyir ki, atası həmin zabitlərin Almaniyaya təhvil verildiyini söyləyirdi:

“Bəlkə də biz uşaqlar pis olmayaq deyə belə bir şey uydurmuşdular. Çünki az qala hər gün soruşurduq. Amma həqiqətən də onların bizim kənddə məzarlıqları var. Xəstələnib öləni də burada basdırırdılar. Qəribədir ki, az qala hər həftə biri ölürdü, qalmırdılar çox. Əgər güllələnmə olubsa, deməli, onları da burada dəfn ediblər. Sonradan həmin sahə unuduldu”.

“Ruslar köçdü, azərbaycanlılar gəldi, qəbristanlıq unuduldu”

Gülbikə nənə deyir ki, sonradan kənddən ruslar köçdü, azərbaycanlılar gəldi, həmin qəbristanlıq da beləcə unuduldu. Hətta müstəqillik dövründə o ərazilər kəndlilərə pay torpağı kimi verilib:

“Əkin yeri kimi istifadə olunurdu. Son illər Almaniya Səfirliyi həmin ərazini təxmini təsbit etdi. Bir kəndlinin həyətinə düşürdü. Nə isə kəndlinin də razılığı ilə əraziyə abidə qoydular, çəpərlədilər. Elə həmin kəndli o əraziyə müəyyən əməkhaqqı qarşılığında nəzarət edir. Beləsi hamı üçün yaxşıdır”.

Almanların yeməkxanasının indiki durumu

Almanların yeməkxanasının indiki durumu

Source: meydan tv

“Hansı kənddə bu qədər maraqlı binalar var?”

Veytulla Tahirov isə müharibədən xeyli vaxt sonra 1959-cu ildə köçüb Cəfərxanlıya. Əslən axıska türküdür, artıq Cəfərxanlını vətəni bilir:

“Biz gələndə kənddə bu qədər yaşayış yox idi. Əsas 5 böyük bina vardı ki, deyilənə görə Cəfər xanın vaxtından qalıb. Onun əyanları üçün tikdirdiyi binadır. Bunu sonradan bildik. Ancaq adətən rusdanqalma bina kimi tanınır. Həmin binaların hər birində 16-18 ailə yaşayırdı. Kəndin tarixi böyükdür. Bir baxın, hansı kənddə bu qədər maraqlı binalar var?”

“Azərbaycanda yeganə torpaq elmi ilə məşğul olan stansiya burada olub”

Veytulla Tahirov deyir ki, İrandan gəlmiş Cəfər xanın saldırdığı bu kənddə, sonradan ruslar yaşayıb. Daha sonra torpaqşünaslıq elminin ixtiyarına verilib:

“Azərbaycanda yeganə torpaq elmi ilə məşğul olan stansiya burada olub. Hər yay nə qədər tələbə gəlirdi, elmi tədqiqatlar aparırdılar. Axırda da axıska türklərinə və azərbaycanlılara ev oldu”.

Kənd sakini Veytulla Tahirov

Kənd sakini Veytulla Tahirov

Source: meydan.tv

“Qarpız vardı, yetişən vaxtı yanında səs olan kimi partlayırdı”

Veytulla Tahirov deyir ki, hətta akademik, bioloq Cəlal Əliyev də Cəfərxanlıda təcrübə keçib:

“Dediyim kimi hər yaz minlərlə tələbə gəlirdi kəndə. Cəlal Əliyev də bura ilk gələndə 2-ci kurs tələbəsi idi. Torpağı yuyub, böyük meyvə tərəvəzlər yetişdirirdilər. Böyük qarpızları iə məşhur idi kəndimiz. Hətta bir qarpız vardı ki, yetişən vaxtı yanında səs olan kimi partlayırdı. Onları uzaq sahələrdə əkirdilər ki, səs olmasın. Bütün bunlar alimlərin zəhmətinin bəhrəsi idi. Onlar torpağı elə qəşəng təmizləmişdilər ki, məhsuldar olurdu. Əkinə yaralı hala gətirmişdilər”.

Sakinlər deyirlər ki, Sovet dövründə binalar belə uçub-dağılmamışdı

Sakinlər deyirlər ki, Sovet dövründə binalar belə uçub-dağılmamışdı

Source: google.az

Kəndin tarixinə gəlincə, sakinləri deyirlər ki, ötən əsrin əvvəllərində İrandan gəlmiş Cəfər xan adlı bir varlı alıb bu əraziləri. Özünə və əyanlarına evlər tikdirib. Beləliklə, kəndin əsası qoyulub. Sonradan Sovet hakimiyyəti mal-dövlətini alıb, özünü isə həbs etmək istəyəndə Cəfər xan atını minərək, İrana tərəf qaçıb. Ondan sonra başına nə gəldiyini bilən olmayıb. Cəfər xanın özünə və xidmətçilərinə tikdirdiyi binalardan kənd sakinləri bu gün də istifadə edir. Elə kəndin adı da xanın adı ilə bağlıdır.

Əkin sahəsinin içindəki alman əsirləri qəbiristanlığı

Əkin sahəsinin içindəki alman əsirləri qəbiristanlığı

Source: meydan tv

Almaniya hökumətinin alman əsirlərinin xatirəsinə qoyduğu abidə

Almaniya hökumətinin alman əsirlərinin xatirəsinə qoyduğu abidə

Source: meydan.tv

Alman hökuməti abidəyə nəzarət üçün kənd sakinlərindən biri ilə anlaşıb

Alman hökuməti abidəyə nəzarət üçün kənd sakinlərindən biri ilə anlaşıb

Source: meydan tv

İkinci Dünya Müharibəsi zamanı əsir düşmüşlərin qəbristanlığı

İkinci Dünya Müharibəsi zamanı əsir düşmüşlərin qəbristanlığı

Source: meydan.tv

Məzarlıq kənd sakinlərindən birinin həyətinin içindədir

Məzarlıq kənd sakinlərindən birinin həyətinin içindədir

Source: meydan.tv

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/cxn3r4

Most Viewed