Vəkillər Kollegiyası ailəyə təmənnasız vəkil xidməti təklif edib
162 saylı məktəbin şagirdi Elina Hacıyevanın ölümü ilə əlaqədar başlanmış cinayət işində zərərçəkən tərəf kimi onun ailəsinin hüquqlarını müdafiə etmək üçün hələlik vəkili yoxdur. Bugünlərdə sosial şəbəkələrdə E.Hacıyevanın anası Sevil Hüseynovanın vəkil üçün pul toplanması barədə müraciəti yayıldı.
Vəkillər Kollegiyasının rəhbəri Anar Bağırov bir neçə vəkilin bu işə qoşulub, ailəyə könüllü şəkildə hüquqi yardım göstərməyə hazır olduğunu bildirib. A.Bağırov həmin vəkillərin adlarını da açıqlayıb – Sevinc Əliyeva, Azər Nağıyev, Emin İsayev.
A.Bağırov bildirir ki, ailənin vəkil üçün maddi dəstəyə ehtiyacı haqda məqaləni oxuyandan dərhal sonra özü Sevil Hüseynovanın telefonunu axtarıb tapıb, onunla əlaqə saxlayıb, onları vəkillə təmin etməyə hazır olduqlarını çatdırıb.
Sevil Hüseynova Meydan TV-yə bildirib ki, vəkil seçimində hələlik qəti qərara gəlməyiblər. Amma bu gün ailə arasında müzakirə aparıb, konkret qərar verəcəklər. S.Hüseynovanın sözlərinə görə, A.Bağırovun adlarını çəkdiyi vəkillərlə yanaşı, Təranə Əliyeva adlı daha bir vəkil də onlara təmənnasız hüquqi yardım təklif edib: “Dünən Təranə Əliyeva və daha bir nəfər özləri bizə gəlib hüquqi yardım təklif elədilər. Hələ dəqiq olmasa da, çox güman ki, vəkilimiz elə Təranə Əliyeva olacaq”.
Vəkil üçün pul toplanması məsələsinə gəlincə, S.Hüseynova bildirib ki, onlar əvvəl bir vəkillə danışmışdılar. Həmin vəkil əvvəlcə təmənnasız hüquqi yardım göstərəcəyini desə də, sonradan pul istəyib: “Dedi ki, iki minə qədər pul lazım ola bilər. Birincisi, vəkilə vermək üçün bu qədər pulumuz yoxdur. İkincisi də bu, dövlət rəhbərliyinin nəzarətində olan işdir. Ona görə imtina etdik”.
Aprelin 4-də 14 yaşlı Elina Hacıyeva oxuduğu 162 saylı məktəbin 3-cü mərtəbəsindən özünü atıb. O, 1 saylı Mərkəzi Klinik Xəstəxanasında həyatını itirib. Faktla bağlı cinayət işi açılıb, məktəbin direktoru Sevinc Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.