Source: Meydan TV

Cəbhə bölgəsində: Tək narahatlığımız əsgərlərimizdəndir

Cəbhə bölgəsindən: "Tək narahatlığımız əsgərlərimizdəndir"

Füzulinin sərhədyanı kəndlərinin sakinləri gündəlik atışma səslərinə, müharibəyə öyrəşib. Onlar 27 ildir ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına sərhəddə yaşayırlar.

Sentyabrın 26-dan başlayan müharibə isə onlara 90-cı illəri xatırladır.

“Atışma səslərinə öyrəşmişik, təki itki olmasın”, - deyirlər

Kənd sakini Təranə Qasımova artıq 4 gündür ki, hər gün atışma səslərinə oyandığını deyir. Əlavə edir ki, bu vəziyyət onu həm narahat edir, həm də çoxdandır gözlədiyi qələbə arzusuna yaxınlaşmaq ümidi verir:

“Amma qorxmuruq, ordumuza güvənirik. Görürsünüz, kənddəyik, heç yerə getmirik. Ən böyük arzum isə torpaqlarımızın alınmasıdır. Ümid edirəm ki, bu dəfə arzuma çatacağam”.

Təranə Qasımova

Təranə Qasımova

Source: Meydan.TV

Bu insanların tək narahatlığı əsgərlərdir. Təranə Qasımova deyir ki, könül istərdi münaqişə sülh yolu ilə həll olsun:

“Amma olmadı. Odur ki, tək əsgərlərimizdən narahatıq. Onların pis xəbərini eşitmək istəmirik”.

Bəli, insanlarda narahatlıq var. Buna baxmayaraq, Füzulinin sərhədyanı kəndlərində həyat öz axarı ilə davam edir. Düzdür, kəndlərdəki bəzi əkin sahələrinə getmək mümkün deyil. Nəticədə, əkin-biçin işləri qalanlar var. Amma təhlükəsiz yerlərdə heyvanlarını otaranlar olur.

Kəndə bir neçə dəfə mərmi də düşüb. Sakinlər deyirlər ki, bəxtlərindən hamısı boşluğa, əkin sahəsinə gəlib. Bir-iki uçan ev də var. Amma həmin evlərin içi boş olub, ölüm yoxdur.

Ziyad Süleymanov

Ziyad Süleymanov

Source: Meydan.TV

Sakinlərdən Ziyad Süleymanov deyir ki, bu gün çağırılsa, gedib borcunu yerinə yetirər. Qorxusu yoxdur:

“Hələlik, çağırılmamışam, amma ürəyim əsgərlərimizin yanındadır. Bilmirəm onlara necə kömək edim. O qədər fərəhləndiriblər məni”.

Ziyad Süleymanov hazırda çalışdığı Füzuli Dövlət Dram Teatrına gedə bilmir. Ancaq kənddəki gündəlik təsərrüfat işlərini yerinə yetirir. Deyir, müharibə həyatına gündəlik həyəcanlı xəbərlər və gündəlik atışma səslərini qatıb. Lakin qalan həyatı olduğu kimi davam edir.

Əlibaba Ələkbərov

Əlibaba Ələkbərov

Source: Meydan.TV

Əlibaba Ələkbərov kəndin baytarıdır. Deyir, indicə Şükürbəyli tərəfdən heyvana baxmaqdan gəlir. O insanlarda ruh yüksəkliyinin yaxşı olmasına sevinir. Deyir, 90-cı illərdən bu yana belə müharibə görməyib, həyəcanlıdır, ümidlidir, Azərbaycanın torpaqlarının hamısını azad edəcəyinə inanır:

“İnsanlar yaxşıdır, ümidlidir. Düzdür, tez-tez atırlar. Ancaq onu da adi hal kimi qəbul edirik. Bu səslər bizə bir söz deyir: Qarabağ alınacaq və biz gedib həmin səfalı yerləri bir də gəzəcəyik. Mənimsə tək arzum var. Tezliklə torpaqlarımız azad edilsin, hamımız firavan yaşayaq”.

Gülsənəm Məmmədova

Gülsənəm Məmmədova

Source: Meydan.TV

Gülsənəm Məmmədovanın sözlərinə görə, atışmalar tez-tez olur. Hətta bu gün sahələrinə mərmi də düşüb. Nəticədə o əkin sahəsinə getməyə ürək etmir. Deyir, başlarına bu qədər mərmi yağır, belə durumda sahəyə getməyi təhlükəli sayır:

“Onlara nə var? Mülki insanları da vururlar. Heç veclərinə də deyil. Televiziyada baxırıq, Ağdamda evləri də uçururlar. Düzdür, hələlik, bizim evlərimiz uçmayıb. Tək narahatlığımız cəbhədə olan nəvəmdir. Başqa dərdimiz yoxdur”.

Mətanət Mirzəyeva

Mətanət Mirzəyeva

Source: Meydan.TV

“Atırlar-atırlar, partlayır, bəzən evlərimizin pəncərələri cingildəyir, ev silkələnir. Ancaq qorxmuruq. Görün neçə ildir sərhədyanı ərazilərdə yaşayırıq. Öyrəşmişik. Tək dərdim müharibədəki oğlumdur. Atasız, tək böyütmüşəm, yeganə balamdır. Bu gün onu sağ-salamat görməkdən başqa arzum yoxdur. Gün o gün olsun müharibə bitsin, qalib olaq, bayrağımız Şuşada dalğalansın, balam evinə dönsün - mənim arzum budur”, - bu sözləri isə Mətanət Mirzəyeva deyir.

O, xadimə işləyir. Səhər 6-ya işləmişdən işə gedir. İşə gedəndə onu atışma səsləri müşayiət edir. Ancaq bu, onu bir qram qorxutmur, əksinə, ümidləndirdiyini söyləyir. 

“Malını-heyvanını örüşə aparan, əkin sahəsinə gedənlər də var, buna ürək etməyənlər də. Uğurlarımızın olduğunu eşidirəm, fəxr edirəm balamla, əsgərlərimizlə“, - Mətanət Mirzəyeva sonda bildirir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/624tj4

Most Viewed