Jurnalist Natiq Cavadlı, Jurnalistlərin Müdafiə Liqasının sədri Yadigar Məmmədli və “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli

Source: Meydan.TV

Caption: Jurnalist Natiq Cavadlı, Jurnalistlərin Müdafiə Liqasının sədri Yadigar Məmmədli və “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli

“Bu gün müstəqil ölkənin mətbuatı heç bir kəndə getmir”

Article was updated on :  22 July 2019

“Bu gün müstəqil ölkənin mətbuatı heç bir kəndə getmir”

22 iyul Azərbaycan Milli Mətbuatının 144 illiyidir. 1875-ci ilin bu günü böyük maarifçi Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin nəşrinə başlamaqla Milli Mətbuatın əsasını qoydu. Ötən 144 ildə Azərbaycan mətbuatı bir neçə mərhələni arxada qoyub, Çar Rusiyası dövrü, 1918-1920-ci illər Cümhuriyyət, Sovet Rusiyası və ötən əsrin 80-ci illərinin sonunda xalq hərəkatının başlamasıyla əsası qoyulan mətbuat. Həmsöhbətlərim Jurnalistlərin Müdafiə Liqasının sədri Yadigar Məmmədli və fəaliyyəti dayandırılan və yalnız onlayn fəaliyyət göstərən “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli ilə mətbuatın hazırkı vəziyyətini müzakirə etmişik.

- Hökumətin mətbuata münasibətini, mətbuat siyasətini necə qiymətləndirirsiniz?

Yadigar Məmmədli:

- Ümumi sual oldu, amma məsələ budur ki, hökumətin yardımlarından sonra mətbuatın inkişafı hansı səviyyədədir?! Dövlətin mediaya, medianın inkişafın diqqəti vacibdir. Amma mətbuatın aktivliyi, cəmiyyətin inkişafına xidməti baxımından götürəndə, şəxsən mənim fikrim odur ki, vəziyyət istədiyim səviyyədə deyil. Mətbuatımız daha çox gücə malik olmalıdır, çox təəssüf ki, Azərbaycanda mətbuat özünə verilən dördüncü hakimiyyət gücünə malik deyil.

Rövşən Hacıbəyli:

- Mətbuatın bugünkü durumdan danışmaq çox çətindir. O qədər ağır vəziyyətdir ki... dəfələrlə bu barədə danışmışıq. 2009-cu ildən mətbuata dövlət dəstəyi proqramı həyata keçirilir, bu il 10 il olur. Bu, mətbuatın sıradan çıxarılmasıdır. Baxmayaraq ki, dövlət dəstəyi sayəsində mətbuatın müstəqilliyi təmin olunmalıydı, inkişafına böyük yardım olmalıydı, amma biz əksini gördük. Məsələnin başqa tərəfi də var: mətbuata dövlət dəstəyi lazımdırmı? Biz düşünürük ki, mətbuata dövlət dəstəyi gərək deyil. Dövlətin dəstəyi mətbuatın müstəqilliyinin alınmamasına yönəlməlidir, söz azadlığına hörmətlə yanaşmalıdır, reklam bazarına müdaxilə etməməlidir, bütün bunların sayəsində mətbuat özü-özünü yaşada və dolandıra bilər. Amma çox təəssüf ki, 10 ildir KİV-ə Yardım Fondunu təbliğ edirlər, mətbuata dövlət dəstəyindən, jurnalistlərə ev paylanmasından danışılır, amma bunlar mətbuatın sonunu gətirir. Təsəvvür edin, fond yarananda nə qədər qəzet vardı, indi nə qədərdir?!

- Adətən hökumət təbliğatçıları AXC hakimiyyəti ilə son 25 ili müqayisə etməyi xoşlayırlar. Ancaq sabiq prezident Heydər Əliyevin 10 illik hakimiyyəti zamanı mətbuatın vəziyyəti ilə 15 il hakimiyyətdə olan İlham Əliyevin dövründəki mətbuata baxaq. Yadigar bəy, siz o zaman “Cümhuriyyət” qəzetinin baş redaktoru idiniz, qəzetlərin tirajı nə qədər idi və bu gün nə qədərdir?

Yadigar Məmmədli:

- Yalnız dövrü götürüb müqayisə etməyək, dünyanın bir çox ölkəsində qəzet tirajı azalır, qəzetçilik yerini yeni mediaya verib. Hətta yeni medianın özünü belə sosial şəbəkələr sıxışdırıb. Amma bütün bunlarla bərabər müqayisə aparanda mətbuatın təsirindən danışmaq lazımdır. O illərdə mətbuatın yazdığı təsir edirdimi, cəmiyyətdə fikri dəyişirdimi, rezonans, gündəm yaradırdımı? Bəli, bunlar var idi. Bu gün çox təəssüf ki, qəzet mətbuatı cəmiyyətdə gözlədiyimiz gündəm yarada bilmir, yəni insanlar informasiyanı qəzetdən almır, hətta yazıları da. Bəzən deyirlər ki, bu normaldır. Amma hadisə ilə bağlı xəbəri hardansa eşitməlisən, məzmunu, yorumunu, analizlərini başqa yerdə oxumalısan, o da qəzet olmalıdır.

-Yəni obyektiv gerçəklikdən irəli gəlir bunlar?

Yadigar Məmmədli:

- Obyektiv amillər də var, amma dünyaya baxsaq, mətbuatın qaldığını görərik. Avropa ölkələrində, Türkiyədə, Rusiyada... Şimal qonşumuzda mətbuata təsir var, mətbuat idarə olunur, ancaq tirajlı, oxunaqlı qəzetlər də var. Onlar bunu necə edirlər, bizdə niyə belə deyil? Mən 10 il əvvəl KİV-ə Dövlət Dəstək Fondunun yaranması üçün təşəbbüs göstərənlərdən biriyəm. Həmin dövrdə Elçin Şıxlı, Mehman Əliyev, Arif Əliyev bu təşəbbüsdə bulunmuşdular. Biz neft gəlirlərinin bütün spektrə paylanmasını təklif etmişdik, o cümlədən mediaya, niyə də yox?! Biz təklifi irəli sürməzdən əvvəl Avropa ölkələrində dövlətin mətbuata dəstək təcrübəsini öyrəndik, məsələn, Avstriyada belə oxşar qurum var, ordakı fond ən yüksək tirajı olan qəzetə, yaxud ən yüksək oxunaqlı sayta yox, ikinci-üçüncü olan mətbuata dəstək verir ki, rəqabətdə qala bilsin, sıradan çıxmasın. Biz o zaman təklifi irəli sürəndə oturuşmuş mətbuatımız yox idi, bu gün də yoxdur. Oturuşmuş media nə deməkdir? Məsələn, Türkiyədə media holdinqdir. Biz APA holdinqin də adını çəkə bilərik, amma oturuşmuş deyil, məlumdur da necə oldu...

- Bir gündə bağladılar.

- Bəli, holdinqin həm qəzeti, yayım firmaları, mətbəəsi, televiziyası, radiosu olanda bir yerdə dayana bilirlər. Qəzet subsidiya tələb edir, televiziyanın daha çox reklam əldə etmək şansı olduğundan aldığı vəsaiti həm də qəzetə yönəltsin, holdinq olanda belə olur. Çox təəssüf ki, 28 ildir müstəqil olsaq da, holdinq səviyyəsinə çıxan, media kimi tanınan qurum yarada bilmədik.

- Rövşən bəy, Yadigar bəyin sosial şəbəkələrin qəzetçiliyə təsiri barədə dediklərini bölüşürsünüzmü?

Rövşən Hacıbəyli:

- Şübhəsiz, təsiri var, amma o qədər də yox. Dünyanın hər yerində tanınmış qəzetlər yenə fəaliyyətlərini davam etdirir, tiraj da qalır. 1998-ci ildən Azərbaycanda mətbuatın ələ alınması prosesi başlandı. Bu proses 2010-cu ilə qədər davam etdi, baxmayaraq ki, dövlət həmin vaxta qədər mətbuatı nəzarətdə saxlamağa çalışırdı, qeyri-rəsmi yollarla maliyyələşdirdiyi qəzetlər var idi. Amma prosesi elə gətirdi ki, qəzetləri, yaxud da ayrı-ayrı jurnalistləri satın almaqla mətbuata çox ciddi zərbə vurdu. Bunun nəticəsi olaraq İlham Əliyevin dövründə KİV-ə Dövlət Dəstək Fondu yarandı və elə bu fond vasitəsilə qeyri-rəsmi maliyyələşdirdiyi qəzetləri rəsmi şəkildə maliyyələşdirdilər. Nəticə göz önündədir, bu gün Azərbaycanda mətbuat adına nəsə tapmaq çətindir, müxtəlif qəzet köşklərində sorğular aparmışam, satış sıfırdır, səyyar satış yoxdur. Satıcılardan filan qəzeti soruşuram, deyirlər ki, gətirilən 3 qəzetdən biri alınır, yaxud 20 qəpiklik qəzetlərin yaxşı satıldığını bildirirlər. Səbəbini soruşursan, istifadə olunduğu üçün satıldığını deyirlər, 50 qəpiklik qəzeti almırlar. Bunun bir səbəbi də qəzetlərin, jurnalistikanın satın alınmasıdır. Əlbəttə, sosial şəbəkələr mətbuatın yerini verə bilməz, qəzetlərdə müxtəlif araşdırmalar, hadisələrin təhlili yazılır, sosial şəbəkələrdə belə şeylər yoxdur. Amma bu gün qəzetlər araşdırma və təhlilləri yazmaq gücündə deyil, yazsa, “Azadlıq” və “Zerkalo” kimi sıradan çıxarılacaq. Vaxtilə tirajı yüksək olan saysız qəzetlər var idi ki, hazırda yoxdur, tamamilə sıradan çıxarılıb. Yalnız hakimiyyətin diktəsi ilə işləyən, hakimiyyətin dediyini yazan Az.TV-lərin pulsuz evimizə gəlib verdiyi xəbərləri öz səhifələrində tirajlayan qəzetlərdir ki, onları niyə oxumalıdırlar, əgər havayı şəkildə həmin informasiyanı alırsa?! Həmin qəzetlərdə cəmiyyətin istər sosial, istər siyasi problemlərlə bağlı marağında olan yazılar yoxdur. Məlum fond hər il müxtəlif nazirliklərlə müsabiqələr keçirir, hamısı da guya araşdırma yazıları, halbuki, hamısı da həmin qurumun təbliğinə həsr olunmuş materiallardır. Bu və ya başqa şəkildə büdcə vəsaitləri mənimsənilir. Məsələn, ötən ilin yayında “Azərenerji” ölkəni işıqsız qoydu, həmin vaxt KİV-ə Dövlət Dəstək Fondunun bu qurumla enerji sahəsinin inkişafı ilə bağlı layihəsi vardı. Hansı inkişafdan danışırdılar ki, o cür yeyintilər olmuşdu, ucuz avadanlıqlar alınmışdı, nəticədə qəza baş verdi?! Amma qəzanın nəticələri, baş verən hadisənin səbəbləri mətbuata çıxdımı, xeyr. Əksinə, KİV-ə Dövlət Dəstək Fondu ilə “Azərenerji”nin birgə layihəsində inkişafdan danışılırdı. Nəticə olaraq böyük pullar alırlar, qəzetlərin tirajı yoxdur. Baxmayaraq ki, 5 min tiraj qoyulub, ancaq saxta rəqəmdir. Mətbəələrlə maraqlanmışam, ən yaxşı halda 1500 və 2000 min civarında tiraj olur.

- Bütün bunlarla bərabər prezident İlham Əliyev 2015-ci ildə Azərbaycan mətbuatını “artıq tam şəkildə azad mətbuat” deyə adlandırmışdı. Bu mənada mətbuatı tam şəkildə azad adlandırmaq mümkündürmü?

Yadigar Məmmədli:

- İki yöndən yanaşmaq olar: Azərbaycanda sərbəst fikir söyləmək, məqalələr yazmaq qadağan deyil. Hər hansı şəxs hər hansı mövzunu işləyə bilər, yazar da. Bəs bizim ilkin mənbədən informasiya almaq imkanımız nə yerdədir, informasiya ala bilirikmi? Bax, problem burdadır. Mən çox hadisə barədə yazım, amma ilkin mənbəyə çıxa bilmirəm. İkinci, tam müstəqillik və sərbəstlik yoxdur, nisbətdə var. Biz özümüzü Avropa ölkələri ilə müqayisə edək, orda KİV haqqında qanunlar nə dərəcədə işləyir, bizdə isə qanunlar gözəl yazılıb, amma şərait necə yaradılıb, istədiyimiz səviyyədə deyil. Söhbət hər şeyi yaza bilməyim deyil, yazmağım üçün bir neçə institut lazımdır, məqalə yazmalısan, çox geniş yayılmalıdır, bu mexanizmlər yoxdur. Danışırıq, amma bunların kökü odur ki, mətbuat müstəqil olmalıdır, bunun üçün iqtisadi cəhətdən müstəqil olmalıdır, yəni liberal bazar münasibətləri yaradılmalıdır, bazarda monopoliyalar olmamalıdır, hər kəs bazara çıxmalıdır. Media da bazar subyektidir, bizim öz məhsulumuz var, informasiya satırıq. Bizim müstəqil olmağımız üçün dediyim şərtlər çox zəifdur, yoxdur, olanı da məni qane etmir. Amma mən söz deyə bilərəm, nə olsun, axı bununla iş bitmir, əsas yazmağım üçün mənbələrə çıxmaq imkanım olmalıdır, çıxa bilmirəm. Qəzet çap olunandan sonra tiraj qazanmalıdır, tiraj üçün reklam bazarı olmalıdır, bunlar çətindir. Bəzən bunların özümüzdən asılı olduğunu deyirlər, xeyr, belə deyil. Bazar münasibətləri liberallaşmalıdır ki, hər kəs öz qabiliyyətinə uyğun fəaliyyət göstərsin. Bu, olmayacaqsa, biz istəyimizə çatmayacağıq. Başqa məqam, mətbuat həmişə müxalif mövqedə olmalıdır, yaranışından belədir, sabah da belə olacaq. Mətbuat mədh etmək üçün deyil. Rövşən bəy çox doğru deyir, təşkil olunan müsabiqələrdə elə yazılar var ki, doğrudan da, ağıllı fikirlər səslənir, amma böyük əksəriyyət “copy paste”la məşğuldur. Vaxt vardı “Yeni nəsil” Jurnalistlər Birliyi, Jurnalistləri Müdafiə Liqası, “Turan” İA, Jurnalistlər İttifaqı “Media açarı” müsabiqəsi keçirirdi. Kim idi münsiflər? Müəllimlərimiz Nəsir Əhmədli, Zeynal Məmmədli, Qulu Məhərrəmli və digərləri. Onlar yazıların müəllifinin kim olduğunu da bilmirdi. Ona görə söz-söhbət yaranırdı, təbii idi. Düzgün qurulmuşdu deyə hamı şərtlər uyğun çalışırdı. Şəxsən məni fondun keçirdiyi müsabiqələr qane etmir, nə qədər ki, Azərbaycanda media olmayacaq, inkişaf etmiş, demokratik Azərbaycana çatmayacağıq, bunu bilmək lazımdır.

- Yadigar bəyin söylədiklərindən belə anlaşıldı ki, hər şey idarəetmədən qaynaqlanır, bazar iqtisadiyyatı yaranmadığından media da indiki durumdadır. Rövşən bəy, deyilənləri bölüşürsünüzmü?

Rövşən Hacıbəyli:

- Yəni problemin kökü sistemdədir. Sistem asılı, ona baş əyən, əyilən, onun sözünü deyən mətbuatda maraqlıdır. Bu halda hansı müstəqil mətbuatdan danışmaq olar? Müsabiqələr öncəsi qəzetdə deyirlər ki, bu dəfə sənin yazın qalib olacaq, gələn dəfə o birinin, növbəlilik əsasında, sənin nə yazmağının əhəmiyyəti yoxdur. Müsabiqənin mövzusu nədir, araşdırmanı necə aparacaqsan, bunlar əhəmiyyətli deyil. Belə jurnalistika olmur. Hakimiyyətdən ev uman, onun uğrunda mübarizə aparan jurnalistika fəaliyyətdədir, burda hansı müstəqillikdən danışmaq olar? Belə müstəqil jurnalistika ola bilməz axı.

- Bu qədər mənfi atmosferdə çıxış yolu varmı, ümid varmı gələcəyə?

Yadigar Məmmədli:

- Bütün hallarda çıxış yolu var. Ağıllı adamlar deyirlər ki, hər çıxılmaz vəziyyətin iki çıxış yolu var. Yəni bizim üçün çıxılmaz görünən vəziyyətdə nəinki bir, hətta iki çıxış yolu var. Onları tapıb iş görmək lazımdır. Mən bədbin deyiləm. 144 ildə çox böyük enişlər, yoxuşlar olub, indi elə vəziyyətdədir ki, Azərbaycan mətbuatı iqtisadi, tiraj parametrlərinə görə qonşulardan çox geri qalır. Gürcüstan Azərbaycandan həm kiçikdir, əhalinin sayı azdır, büdcəsi də, amma orda tirajı və maliyyəsi olan mətbuat var. Mən düşünmürəm ki, qəzetçiliyi arxivə atmaq lazımdır, yeni mərhələ, yeni canlanma olacaq. Bunun üçün ciddi dəyişikliklər olmalıdır, xüsusilə bazar iqtisadiyyatında. Beynəlxalq təlimlərdə deyildiyi kimi, bizə balığı yox, tilovu vermək lazımdır ki, balıq tutmağı özümüz bacaraq. Hər bir mətbuat öz qabiliyyətinə görə müvafiq iş görə biləcək, mən buna inanmasaydım, çıxıb başqa işə gedərdim.

Rövşən Hacıbəyli:

- Qətiyyən nikbin deyiləm, çox təəssüf ki, nikbinliyə heç bir əsas yoxdur. Sovet dövründə kənddə yaşayırdım, bütün Rusiya mətbuatına abunəydim və alırdım. Bu gün müstəqil ölkənin mətbuatı heç bir kəndə getmir, rayonlarda belə köşklər yoxdur. Bakının özündə “Qaya”nın, “Qasid”in köşklərini yığışdırdılar, Mətbuat Yayımı firmasının tək-tük köşkü var, qalanları mini-market şəklindədir. Onlardan “525-ci qəzet”i soruşuram, deyirlər o nə olan şeydir. Amma biz görmüşük ki, köşklərdə qəzet oxuyanlar çalışırdı, onlar özləri yaxşı yazılar olan qəzetləri təklif edirdilər, çünki fəal oxucuydular. Bu gün onlar yoxdur, əvəzində hakimiyyətin marağına cavab verən, istədiyini yazan mətbuat var. Nikbinliyə o zaman əsas olar ki, sistem dəyişsin, nə qədər ki, indiki sistem var, onun münasibəti artıq ortadadır. Bu sistemin münasibəti qrant və rüşvət şəklindədir, belə olanda gələcəkdən və inkişafdan danışmaq çox çətindir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  22 July 2019
Featured in:  
Shortlink:   http://mtv.re/yrcmw5

Most Viewed