Azərbaycan Talışları İctimai Şurası Qurbanovla bağlı bəyanat yayıb
2020-ci ilin iyulunda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həbs etdiyi bloger Aslan Qurbanov 7 il azadlıqdan məhrum edilib.
Aprelin 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.
Məlumatı Azadlıq Radiosu yayıb.
Hökmə əsasən, Qurbanov CM-in 281 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (kütləvi informasiya vasitələrindən istifadə olunmaqla milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə təqsirli bilinib.
İddia olunur ki, bloger "Facebook", "Instagram" kimi sosial media platformalarındakı hesablardan dövlət əleyhinə təbliğat aparıb, milli ayrı-seçkilik ehtiva edən paylaşımları olub.
Qurbanov talışların hüquqlarının pozulması, onların ayrıseçkiliyə məruz qalması haqda həqiqətəuyğun olmayan materialların yayımında suçlanır. Amma o, özünü təqsirli bilmir.
Bloger heç vaxt Azərbaycan dövlətinə zərbə vurmaq niyyətində olmadığını vurğulayıb.
Bloger həbs olunandan məhkəməsi başlanana qədər DTX-nın istintaq təcridxanasında saxlanılıb.
Məhkəmə prosesinin əvvəlində isə onun DTX-dan Bakı İstintaq Təcridxanasına köçürülməsi haqda vəsatət qaldırılıb və təmin edilib.
Azərbaycan Talışları İctimai Şurası Qurbanovun həbsi ilə bağlı bəyanatında bildirib ki, o, "Instagram"da, əsasən, tanınmiş talış müğənnilərinin mahnılarını, talış yazarların şeir və hekayələrini paylaşırdı, talış əsilli qəhrəmanların təbliğatını aparırdı: "O, talış mədəniyyətini, ədəbiyyatını təbliğ edirdi. Bunu ayrı-seçkilik, dövlətçiliyə qarşı addım kimi dəyərləndirmək düzgün deyil".