Rəhbər Məmmədov

Source: Foto: Meydan tv

Caption: Rəhbər Məmmədov

“2 min pul aldılar, mərmidən qəzalı vəziyyətə düşən evimi bərpa etmədilər”

Ağdam Rayon İcra Hakimiyyəti isə Çəmənli sakininin iddialarını rədd edir

“Aprel döyüşlərində evimə ciddi zərər dəydi. Ev tam yararsız vəziyyətə düşdü. Məndən 2000 manat aldılar ki, evimi təmir-bərpa eləsinlər. İki ildən çox vaxt keçib, pul da getdi, ev də bərpa olmadı. İndi deyirlər, sübut elə ki, pul vermisən, get, əlin hara qədər çatır, şikayət elə” .

Bunu Meydan TV-yə Ağdamın təmas xəttinə yaxın Çəmənli kəndində yaşayan Rəhbər Məmmədov deyir. Onun sözlərinə görə, məlum hadisələrdən 3 ildən çox vaxt keçsə də, çoxsaylı müraciətlərinə baxmayaraq, evi hələ də qəzalı vəziyyətdə qalıb.

“Dedilər, bu işlər elə-belə görülmür”

Rəhbər Məmmədov iddia edir ki, təmir-bərpaya görə kəndin icra nümayəndəliyinə 2 min manat da verib:

“O vaxt kənddəki evlərin təmir-bərpasına başlayanda dedim, mənim də evim mərmidən silkələnib, divarları aralanıb, şiferlərinə, divarlarına güllə dəyib. Dedi, bu işlər elə-belə görülmür, gətir 2 min manat ver, sənin də evini siyahıya alaq, yerində ev tikək. Mən də qohumlardan pul topladım, icra nümayəndəsinə verdim, sonra da arxasınca düşdüm ki, gəl, evi tik...”

Rəhbər Məmmədovun sözlərinə görə, iki ildən çoxdur Ağdam Rayon İcra Hakimiyyətinə gedib-gəlir, ancaq müsbət nəticəsi olmayıb:

“Başçının birinci müavini deyir, evlər tikilib, proses bitib, get, hara istəyirsən şikayət elə. Pul vermisən, verməyəydin, tək adamsan, qoca kişisən, neynirsən təzə evi, get, başını saxla...”

“Deyirlər, mərmiylə əlaqəsi yoxdur”

Rəhbər Məmmədov iddia edir ki, aidiyyəti qurumların rəhbərləri aprel döyüşləri zamanı qəzalı vəziyyətə düşən evlər üçün ayrılmış vəsaitləri xərcləməkdə “simiclik” ediblər:

“Kənddə çox ev yararsız hala düşüb. Ancaq o vaxt gəlib, baxış keçirib akt yazıblar ki, evin qəzalı vəziyyətə düşməsinin mərmiylə əlaqəsi yoxdur. Rəsmi belə yazıblar, şifahi isə deyirlər ki, “prezidentin pul ayırması elə-belə şeydir, əslində, pul-filan ayrılmayıb. Ayrılıbsa da, gəlib əlimizə çatmayıb ki, sizin evləri təmir-bərpa edək”.

Rəhbər Məmmədovun özünün bu işləri görməsi üçün vəsaiti yoxdur. Təqaüdçüdür, son artımdan sonra 200 manat civarında təqaüd alır. Qəzalı evin içərisində səksəkə içərisində yaşayır:

“İki otaqdır, ikisinin də tavanı dağılıb, divarları aralanıb. Yayda çarpayını atıb həyətdə yatıram. Qışda yenə otağa yığışıram. Erməni evin böyrünə bir dənə də mərmi atsa, damın altında qalacam. Onsuz da cəbhə xəttində yaşamağın özü bir zülmdür. Üstəlik, məmurların bizi incitməsi vəziyyətimizi daha dözülməz edir”.

Çəmənli sakini mərmidən qəzalı vəziyyətə düşən evində bərpa işlərinin aparılmasını tələb edir.

Rəsmi qurum: “Vətəndaşlar pul qoparmağa çalışır”

Ağdam Rayon İcra Hakimiyyətindən bildirilib ki, rayon ərazisində Ermənistan hərbi birləşmələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində qəzalı vəziyyətə düşən evlərin bərpası davam edir. İcra Hakimiyyətində yaradılan komissiya tərəfindən rayonun Əfətli, Qaradağlı, Zəngişalı Çəmənli, Sarıcalı, Əhmədağalı və Qərvənd kənd ərazi nümayəndəliklərində - ümumilikdə 18 kənddə 80-ə yaxın ev yenidən tikilir:

"Evləri qəzalı vəziyyətə düşən sakinlərə dövlət tərəfindən yardım göstərilir. Yenidən qurulan evlərin çoxunda işlər başa çatıb. Tikinti işlərinə yerli sakinlər cəlb olunub. Onlar həm öz evini tikir, həm də çalışdıqlarının müqabilində əmək haqqı alırlar. Fərdi yaşayış evlərin tikintisi ilə yanaşı bütün evlərin qaz, işıq, su və rabitə xətləri yenidən qurulur. Bunların hamısı dövlət vəsaiti hesabına aparılır və bu işlərə görə heç bir vətəndaşdan bir manat pul alınmayıb. Deyilənlərin heç bir əsası yoxdur. Çəmənli sakininin evinə dəfələrlə baxış keçirilib və mərminin bu tikiliyə zərər vurması müəyyən edilməyib. Belə vəziyyətlərdə vətəndaşlar hər yolla pul qoparmağa çalışırlar, bunun başqa adıyoxdur”.

Ermənilərin yaşayış məntəqələrini ağır artilleriyalardan atəşə tutması nəticəsində mülki əhaliyə dəyən ziyanın aradan qaldırılması üçün prezident İlham Əliyev 19 yaşayış məntəqəsində 139 ailənin yaşadığı 121 fərdi yaşayış evinin bərpasına 3 milyon manat ayırıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/nhfuau

Most Viewed