Zurabişvili Avropa İttifaqını Gürcüstana təzyiq etməyə çağırır

Gürcüstan və Avropa İttifaqı. Foto: tanitost/shutterstock

Salome yeni seçkilərin keçirilməsini tələb edir

Gürcüstan Prezidenti Salome Zurabişvili Avropa İttifaqını (Aİ) etirazçıları daha çox dəstəkləməyə və blokla danışıqlardan imtina edən “Gürcü Arzusu” Partiyasına yeni seçkilərin keçirilməsi üçün təzyiq göstərməyə çağırıb.

Zurabişvili dekabrın 18-də Strasburqda Avropa Parlamentinin plenar iclasında çıxış edib.

Salome Zurabişvili. Foto: Reuters

Siyasətçi bu il oktyabrın 26-da Gürcüstanda keçirilən seçkilər zamanı mümkün pozuntuları xatırladıb:

“Bir sıra rayonlarda və bəzi ərazilərdə baş verən zorakılıqları şəxsən özüm gördüm, daxili işlər nazirinə (Gürcüstan Vaxtanq Qomelauri – red.) zəng vurdum və onunla əlaqə saxlaya bilmədim. İndiyə kimi o, hələ də geri zəng etməyib”.

“Müəyyən mənada özümüzü 1921-ci ilə (Qırmızı Ordunun Tiflisə daxil olduğu vaxta – red.) qayıtmış kimi hiss edirik. Çünki baş verənlər bu gün gürcü xalqının cəsarət və qətiyyətlə reaksiya verməsini izah edir ” , – Zurabişvili bildirib.

Əlavə edib ki, gürcülər baş verənləri öz azadlıqlarından, gələcəklərindən və müəyyən mənada müstəqilliklərindən məhrumetmə kimi qəbul edirlər.

Zurabişvili Avropa və Qərbi Gürcüstanın demokratik qüvvələrinə, ədalətə və siyasi məhbusların azadlığına davamlı siyasi dəstək verməyə və yeni seçkilərin keçirilməsi çağırışlarını qəti şəkildə dəstəkləməyə çağırıb.

O əmindir ki, Gürcüstanda baş verənlər təkcə Tbilisinin demokratiya və siyasi seçiminə deyil, həm də Avropaya və onun strateji maraqlarına aiddir.

“Əgər Gürcüstan Rusiyanın nəzarətinə keçərsə, bu, Qara dənizin təhlükəsizliyindən tutmuş əlaqəyə (Avropa birliyindəki hərəkətlər) və Ermənistanın Avropa gələcəyinə qədər hər şeyə təsir edəcək. Risklər yüksək olacaq”, – Zurabişvili deyib.

Gürcüstan dövlət başçısının sözlərinə görə, Avropa hərəkətə keçmək üçün rıçaq tapmalıdır.

Avropa Parlamentinin Prezidenti Roberta Metsola Zurabişviliyə müraciət edərək öz növbəsində etiraf edib ki, Tbilisinin “Avropa ailəmizə qoşulmaq yolunda” irəliləyişi hazırda təhlükə altındadır.

Roberta Metsola

Metsola həmçinin müxalifət nümayəndələri və dinc etirazçılara qarşı iddia edilən təzyiqlərə görə Gürcüstan hökumətini qınayıb.

“Biz Gürcü xalqının Avropa hədəflərini tam dəstəkləyirik,” – Metsola deyib.

Gürcüstanda isə etirazlar davam edir.

Nümayişlərin 19-cu günü parlament binası qarşısına toplaşan fəallar Şota Rustaveli prospekti ərazisində yenidən yolları bağlayıblar.

Gürcüstan və Aİ bayraqları daşıyan nümayişçilər hökuməti təkrar parlament seçkiləri təşkil etməyə çağırıblar.

Nümayişçilər həmçinin etirazların ilk günlərində baş verən iğtişaşlar zamanı saxlanılanların azad edilməsini tələb ediblər.

Gürcüstanda siyasi böhran

Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib və Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim “Gürcü Arzusu” Partiyası 54 faiz səslə qalib gəlib.

Lakin müxalifət səsvermənin rəsmi nəticələrini qəbul etməkdən imtina edib və çoxsaylı qanun pozuntularını əsas gətirərək etiraz aksiyalarına çağırıb.

Polis dəfələrlə etirazçıları dağıdıb.

Noyabrın 28-də Baş nazir İrakli Kobaxidze 2028-ci ilə qədər Aİ-yə üzvlük danışıqlarından imtina edəcəyini elan etdikdən sonra etirazlar daha da kütləviləşib.

Avropa İttifaqı və ABŞ hakim partiyanın qərarını pisləyib və Gürcüstanla əməkdaşlığı kəskin şəkildə azaldıb.

Müxalifət Aİ-ni “Gürcü Arzusu” Partiyasının hökumətinin legitimliyini tanımamağa çağırıb.

Zurabişvili Gürcüstan Konstitusiya Məhkəməsinə parlament seçkilərinin nəticələrinin ləğvi ilə bağlı iddia qaldırsa da, məhkəmə iddiasını qəbul etməyib.

Zurabişvili bəyan edib ki, ölkədə yeni parlament seçkiləri təyin olunana qədər vəzifəsini tərk etməyəcək.

Bu arada, dekabrın 14-də Gürcüstan parlamentinin Seçkilər Kollegiyası “Gürcü Arzusu” Partiyasının deputatı, keçmiş futbolçu Mixail Kavelaşvilini ölkə Prezidenti elan edib.

Ana səhifəDünyaZurabişvili Avropa İttifaqını Gürcüstana təzyiq etməyə çağırır