Zümrüd Yağmur: “Baş prokuror və QHT-lər oyunbazlığa son qoysunlar”

Elə bilməsinlər ki, Zümrüd və digər qadınlar ona inanacaq.

Zakir Qaralov. Foto: RP


Zakir Qaralov Fuad Qəhrəmanlının məsələsinə baxıldığını deyib

Baş prokurorluq AXCP-nin keçmiş sədr müavini Fuad Qəhrəmanlı haqqında müraciətə baxır.

Bunu jurnalistlərə Baş prokuror Zakir Qaralov deyib.

O bildirib ki, qadın və uşaqların hüquqlarını müdafiə edən bəzi qeyri-hökumət təşkilatları Baş Prokurorluğa Fuad Qəhrəmanlının öz ailə üzvlərinə qarşı törətdiyi işgəncələr, iztirablar, ağır xəsarətlər yetirilməsi ilə bağlı onun cinayət məsuliyyətinə cəlb olunması üçün müraciət ediblər:

“Sözsüz ki, biz ilk növbədə zərərçəkmişlərin, həm həyat yoldaşının, həm də azyaşlı qızının rəsmi mövqeyini öyrənməliyik. Bundan sonra qanun çərçivəsində qərar qəbul olunacaq”.


“AXCP rəhbərliyinin də bundan xəbəri olub”

Bundan başqa Zakir Qaralov həmin partiyanın rəhbərliyinin də bundan xəbəri olduğunu və vaxtında heç bir tədbir görməyərək, məlumat vermədiyini deyib:

“Xüsusilə onu vurğulamaq istərdim ki, bu gün özünü müxalifət adlandıran, özlərini vətəndaşların hüquqlarının müdafiəsi kimi cəmiyyətə təqdim edən şəxslər öz ailələrində bu cür qanunsuz, vəhşi hərəkətlər etdiklərinə görə cəza almalıdırlar”, – Zakir Qaralov deyib.

Fuad Qəhrəmanlının qızı, hazırda Niderlandda təhsil alan gənc fəal Selcan Yağmur açıqlama yayaraq atasından, onun soyadından imtina etdiyini bildirmişdi. Anası, yazar Zümrüd Yağmurun təxəllüsü ilə çıxış edən Selcan buna səbəb kimi atasının ailəsinə göstərdiyi şiddətdən danışıb.

Gənc fəalın yazdıqları Azərbaycanda gündəmin əsas müzakirə mövzusu olub. İctimai fəallar və gənclər Selcan Yağmura dəstək nümayiş etdiriblər və Fuad Qəhrəmanlının istefasını istəyiblər.


Fuad Qəhrəmanlı

yaranmış vəziyyətlə əlaqədar olaraq AXCP sədrinin müavini postundan istefa verdiyini bildirib.

Zakir Qaralovun dediklərinə Meydan TV Fuad Qəhrəmanlının özündən şərh ala bilməyib.


“14 yaşlı qızım küçədə döyüləndə, həmin QHT-lər hardaydı?”

Yazıçı-publisist Zümrüd Yağmur isə Meydan TV-ə deyib ki, qızı Selcan Yağmurun açıqlamasından sonra hər kəs öz oyununu oynayır:

“Hətta Selcan döyüləndə, bizi yada salmayanlar indi xeyirxahımıza çevriliblər.

Bütün bunlar rəzil və iyrənc mənzərələrdir. Mən hüquqlarımı qorumaq istəyənlərə bir sual vermək istəyirəm: 14 yaşlı qızım Sanay küçədə döyüləndə, həmin QHT-lər hardaydı? Azərbaycan hakimiyyəti cinayət tərkibi olan döyülmə faktını 15 günlük cəzayla ört-basdır etməyə çalışdı, bəs indi prokurorluğa müraciət edən QHT-lər o zaman hardaydı?”

Zümrüd Yağmur hesab edir ki, indi qaldırılan məsələdə insan haqları yoxdur, hərənin öz çirkin oyunu var.

“Onlar düşünməsin ki, məni və qızlarımı oyunlarına alət edəcəklər. QHT-lərə də deyirəm ki, indiyə qədər Gəncə, Tərtər, Nardaran hadisələri olub, bu gün yüzlərlə insanı şərləyib həbs edənlər haqda niyə Baş prokurorluğa müraciət etmirdilər? Niyə adı “Azərbaycanın gestaposu” səviyyəsinə qaldırılan “Bandotdel”lə bağlı hər hansı araşdrıma aparıb Zakir Qaralova təqdim etməyiblər? Təbii ki, bütün bunların olmadığı mühitdə 18 yaşlı qızın haqlı etirazına guya həssaslıq göstərilməsi və humanizm donu geyindirilməsi İlham Əliyevin BMT-nin tribunasından Azərbaycanda insan haqları, sərbəst toplaşmaq, internet azadlıqlarının olması barədə danışması kimi absurd bir şeydir”.

Zümrüd-Yağmur-İntiqam-Əliyev.jpg
Zümrüd Yağmur


“Bunlar riyakar göz yaşlarıdır”

Yazıçı-publisist həmin QHT-lərə və Baş prokuror Zakir Qaralova müraciət də edib:

“Sizin kimi ədalətsiz olan, 30 ildir ölkəni məhvə sürükləyənlərin ədalətinə sığınmaq qədər aşağı enməmişəm. Mənim bir savaşım var, Azərbaycan insanının, qadının da, kişisinin də, gəncinin də azad yaşaya bilmək haqqı. Cənab Zakir Qaralov, sual edirəm, əgər polisə, məhkəməyə edilən “ailədə şiddət görürəm” şikayətinə “get ərinlə həll et” cavabı olmasaydı, bu mənzərələr ortalığa çıxardımı? Azərbaycan qadınının normal iş yeri olsaydı, bu gün hazırkı mənzərələr olardımı? Bunlar heç timsahın da göz yaşları deyil, riyakar göz yaşlarıdır. Elə bilməsinlər ki, Zümrüd və digər qadınlar ona inanacaq. Mənim belə vaxtım və niyyətim yoxdur. Yaxşı olar ki, bu rəzalətə son versinlər. Çünki mənə müraciət etməlidirlər. Mən də onların ədalətin inanmadığım üçün media vasitəsilə deyirəm. Əgər onlar ədalətlidirlərsə, gedib 20 il həbs cəzası alan Taleh Bağırzadənin haqqını qorusunlar. Hüseyn Abbas çarmıxa çəkiləndə, niyə səsləri çıxmadı? Ədalətsizin ədalətinə inanmaq kimi sadəlöhv düşüncə tərzinə malik deyiləm. Baş prokuror və QHT-lər, 10 milyonun haqqını yeyib, Zümrüdün haqqına çıxmaq kimi oyunbazlığa son qoysunlar”, – Zümrüd Yağmur deyib.


“Baş Prokurorluq mətbuatda yayılan büdcə pullarının mənimsənilməsini də araşdırsın”

Araşdırmaçı jurnalist Xədicə İsmayıl Baş Prokurorluğun bu məsələdə fürsətçilik etdiyini düşünür:

“Baş Prokurorluq bu məsələdə fürsətçilik edir, qanun onlara araşdrımağa imkan vermir. Çünki hadisələr 4-5 il əvvəl, Fuad Qəhrəmanlının həbsindən əvvəl baş verib. Onların cəlbetmə müddəti keçib. Əgər buna hüquqi savadları çatmırsa, deməli, fürsətçilik edirlər. Həm də ailə üzvlərindən heç biri rəsmi şikayətçi olmayıb. Buna siyasi fürsətçilik deyirlər. Bu bəyanatla gənc qızın ailə şiddətinə qarşı çıxmasını siyasi intriqa qismində müzakirə olunmasını davam etdirmək istəyirlər. Əslində, prokurorluq bu addımı ilə ailədə şiddətə qarşı etiraz edənlərə daha çox ziyan vuracaq”.

Xədicə İsmayıl foto azadliq.org
Xədicə İsmayıl

Xədicə İsmayıl deyib ki, Baş Prokurorluq mətbuatda yayılan başqa məlumatları da araşdırsın, məsələn, büdcə pullarının mənimsənilməsini, Qarabağ qazilərin şiddətə məruz qalmasını.

“2003-cü ilin oktyabrında “Azadlıq meydanı”nda Mahirə Muradovanın gözünü kim çıxardıb? Bununla bağlı Avropa Məhkəməsinin qərarı var, niyə araşdırmırlar?! Baş Prokurorluğun araşdırılmalı olduğu yüzlərlə iş var, zəhmət çəkib bunlarla məşğul olsun”.

Ana səhifəSiyasətZümrüd Yağmur: “Baş prokuror və QHT-lər oyunbazlığa son qoysunlar”