Dövlət ittihamçısı qətimkan tədbirinin dəyişdirilməsinə əsas görmür
Xalq artisti, müğənni Ağadadaş Ağayevə qarşı xuliqanlıqla bağlı cinayət işi üzrə zərərçəkmiş qismində tanınan şəxslər ittihamın ağırlaşmasını tələb edirlər. Onlar Ağadadaş Ağayevə qarşı qəsdən adam öldürməyə cəhdlə bağlı ittiham irəli sürülməsini istəyirlər. Məlum olub ki, istintaq dövründə də bu tələblə çıxış ediblər. İndi də məhkəmədə eyni tələbi səsləndiriblər.
Ağadadaş Ağayevin işinə Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyilə baxılır. Noyabrın 14-də məhkəmənin hazırlıq iclası keçirilib.
Xalq artistinin işi üzrə iki nəfər zərərçəkmiş qismində tanınıb – Nurəddin Cəlilov və Nəzakət Paşayeva.
Nurəddin Cəlilov “Medera Hospital”ın gözətçisi, Nəzakət Paşayeva da klinikanın işçisidir.
Müğənni onlara balta ataraq xəsarət yetirməklə, təhqir etməklə, xuliqanlıq etməkdə ittiham olunur.
Məhkəmədə təqsirləndirilən müğənninin anket məlumatları dəqiqləşdirilərkən o bildirib ki, xuliqanlıq ittihamını qəbul etmir. Belə bir ölkədə yaşadığına görə xoşbəxt olduğunu deyən Xalq artisti ittihamla razılaşmasa da, işin gedişindən də narazı deyil:
“Xoşbəxtəm belə ölkədə yaşayıram. Hüquqi dövlətdir. Hüquqlarımız burada sona qədər qorunur. Dövlətçilikdə olan prosesləri həmişə izləyirəm, incələyirəm. Bu gün də bizim işimizdə hüququn aliliyi gedişatdan hiss olunur. Ona görə də artıq danışmaq istəmirəm. Hüquq Allahın ədalətindən sonra Konstitusiyamızda, qanunlarda öz əksini tapıb. Mən də bir vətəndaş kimi, ilk dəfə də olsa, qanun qarşısında sizinlə birlikdə üz-üzə dayanmışam”.
Daha sonra zərərçəkmişlərin nümayəndələri vəsatətlər qaldıraraq, cinayət işinə məhkəmədə baxılmasına xitam verilməsi və işin prokurora qaytarılması, ittihamın ağırlaşdırılması, Ağadadaş Ağayev haqqında qətimkan tədbirinin dəyişdirilərək, onun həbs olunması barədə vəsatətlər qaldırıblar.
Nurəddin Cəlilovun nümayəndəsi Rəna Məmmədovanın vəsatəti işin istintaqa qaytarılması və Ağadadaş Ağayevə qarşı Cinayət Məcəlləsinin 29.120.2.2 və 29.120.2.4 (xuliqanlıq niyyətilə və ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) maddələrilə ittiham irəli sürülməsi barədə olub:
“İstintaqın sonunda zərərçəkmiş Nurəddin Cəlilov işlə tanış olanda narazı qaldı. Vəsatət verdi ki, ittiham ağırlaşdırılsın. Çünki Cinayət Məcəlləsinin 221.3 maddəsilə – xuliqanlıq ittihamı ilə razılaşmırdı. İşdə ağırlaşdırıcı hallar var. Balta ilə hücum olunub. Qəsdən adam öldürməyə cəhddən söhbət gedir. İstintaq orqanı vəsatəti rədd etdi. Bunu zərərçəkmişin hüquqlarının pozulması kimi qiymətləndiririk. Xahiş edirik, heç olmasa, indi məhkəmə işi prosessual nəzarəti həyata keçirən prokurorluğa geri qaytarsın, ittiham ağırlaşdırılsın. Burada qəsdən adam öldürməyə cəhddən söhbət gedir”.
Vəkil Rəna Məmmədova həmçinin Ağadadaş Ağayevin həbs olunması barədə vəsatət qaldırıb.
Zərərçəkmiş Nəzakət Paşayevanın nümayəndəsi Gülşən Salmanova da hər iki vəsatəti müdafiə edib: “Balta atıbsa, deməli, həyatına qəsd eləyib…”.
Hər iki zərərçəkmiş də nümayəndələrinin dediklərilə razılaşıb.
Prokuror isə bildirib ki, zərərçəkmiş tərəfin qaldırdığı məsələ məhkəmənin hazırlıq iclasının predmeti deyil:
“Məhkəmə baxışında araşdırılanda ağırlaşdırıcı hal ortaya çıxsa, müzakirə olunar, zərurət yaranarsa, istintaqa qaytarıla bilər. Hazırda Ağadadaş Ağayev barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsinə isə əsas yoxdur”.
Məhkəmə vəsatətləri təmin etməyib.
Xalq artistinin işi üzrə məhkəmə baxışı noyabrın 28-nə təyin olunub.
Ağadadaş Ağayevə qarşı Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə ittiham olunur. Bu maddənin sanksiyasında 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Nurəddin Cəlilov iddia edir ki, iyulun 22-də səhər saat 7 radələrində gözətçi işlədiyi klinikaya müraciət edən Ağadadaş Ağayev onu söyüb, balta ilə hədələyib. Onun sözlərinə görə, müğənni baltanı ona tərəf atanda orada çalışan Nəzakət Paşayevanın ayağına dəyib.
68 yaşlı müğənni isə əksinə, gözətçinin onu təhqir etdiyini, yerə yıxıb döydüyünü bildirir.
Hadisəni klinikanın müşahidə kameraları qeydə alıb. Həmin görüntülər hadisədən sonra sosial şəbəkələrdə də yayılmışdı.