Rövşən Hacıbəyli
MEDİA-nın növbəti müsabiqəsini də onlar qiymətləndirəcək
MEDİA Agentliyi növbəti müsabiqələrini elan edib. Qəzetlərə və onlayn media subyektlərinə gələn ilin 6 ayı üçün pul veriləcək. Ənənəvi, Vüqar Səfərovun vaxtından qalan müsabiqədir, şərtlər də həmindir. Yeni heç nə yoxdur. Vüqarın müsabiqəsindən fərqli bircə o var ki, adını şuradan Agentliyə dəyişən qurum öz kriteriyalarına cavab verən icazəli jurnalistika formalaşdırıb. Onun reyestrində adı olmayan mətbuata dövlət büdcəsindən ayrılan ənamdan (başqa ad da qoymaq olar) pay vermir…
Dövlətin mətbuata 10 ili aşan bu dəstəyi də Əzrayılın bala verməsinə bənzəyir. Mətbuat yox ola-ola gedir. Bu dəstək olmayan çağlarda, yəni əsrin başlanğıcında ölkədə öz gücünə yaşayan xeyli mətbuat vardı. İndi 10 ili aşan dəstəkdən sonra qəzet köşklərində bir müstəqil mətbuat nümunəsi gözə dəymir. Qəzet köşkü adına quraşdırılan yeni nəsil köşklərin mini-market kimi fəaliyyəti bir ayrı mövzudur. Mətbuata dövlət dəstəyindən sonra qəzetlərin əsas satış silahı olan əldə yayım bir sinif kimi ləğv edildi. Tanınmış, qəzetlərin dostu “Qaya” yayım firması küncə sıxışdırıldı. Vüqar Səfərovun adına bağlı olan “Azərmətbuatyayım” sanki onunla birlikdə həbs edilib, heç yerdə görünmür. “Azadlıq” qəzetinin 60 min manatdan çox satış pulunu mənimsəyən Mirkazım Kazımovun “Qasid”i də onun günündə. Mirkazım Kazımov isə bu il o biri dünyaya köçdü, “Azadlıq” qəzetindən halallıq almadan…
Görünür, MEDİA-ya gəmiçilikdən gətirilən, adını da unutduğum gəncə özündən qabaqkılar dərs olmayıb. Həmin cığırla gedir. Yenə Vüqarın vaxtındakı istiqamətlər üzrə pul paylanacaq, düzdür, bir-iki əlavə də var: “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə (vətən müharibəsi sözünü niyə dırnaqda yazdıqlarını anlamadım) qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması”; “işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” və s. Agentliyin qəzetlərə verdiyi istiqamətlərdən biri də “fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi”dir. Bu bəndin üzərində dayanmağa ehtiyac var. “Fikir, söz, məlumat azadlığı”nı tanıyan agentlik bununla yanaşı, maliyyə verdiyi mətbuata 19 istiqamət üzrə yazmağı şərt qoyur (bu 19 istiqamətdən biri ilə bağlı həftədə bir dəfə yazmaq onlayn media subyektləri qarşısında da şərt kimi qoyulur), hər şeyin üstündən çalın-çarpaz xətt çəkir. Sən, qəzet olaraq, Agentliyin göstərişinə əməl etməlisən, istəməsən belə. Çünki “pulu kim verirsə, musiqini də o sifariş edir” məşhur məsəl burada lap yerinə düşür. Bu halda xaric oxuyanların (çalanlar da demək olar) işi qalır Tanrıya. Şərtə baxın: “Müsabiqədə qalib elan olunan qəzet redaksiyaları Agentlik tərəfindən maliyyə yardımı göstərilən hər nömrədə (həftədə bir nömrəsinə maliyyə yardımı göstərilən qəzetlər həftədə bir dəfə, həftədə beş nömrəsinə maliyyə yardımı göstərilən qəzetlər isə həftədə beş dəfə olmaqla) aşağıdakı sahələrdən hər hansı biri üzrə ən azı 500 (beş yüz) sözdən ibarət məqalənin hazırlanaraq dərc olunmasını təmin edirlər”.
Məsələn, sən qəzet olaraq həftədə 5 dəfə çıxırsansa, 5 dəfə azərbaycançılıq ideyasının təbliğindən, ya Müzəffər Ali Baş Komandandan, ya da “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması”ndan yazmalısan. Eyni mövzuları illərdir yazmaq, daha doğrusu, köhnə yazdığının tarixini dəyişib yenidən qəzetə, sayta yerləşdirmək sizə asan gəlməsin. Çünki sən bilirsən ki, “…nömrələrin qiymətləndirilməsi Agentlik tərəfindən cəlb edilmiş müstəqil ekspertlər – müvafiq sahədə zəngin bilik və təcrübəyə, ictimai nüfuza malik və peşəkar, Müsabiqənin nəticəsində marağı olmayan şəxslər tərəfindən həyata keçirilir”. Yox, həmin “müstəqil ekspertlər”i sən yaxşı tanıyırsan, onlar da sənin yazılarını birinci cümlədən tanıyır; illərlə oxuduqlarına görə…
Əziz oxucu, tutaq , o qəzetin idarəçisi sənsən, öhdəlik götürmüsən ki, “insan hüquq və azadlıqlarının müdafiəsi…” istiqamətindən yazacaqsan. Oturub düşünəcəksən, insan hüquq və azadlıqlarının müdafiəsində dayanan hüquq müdafiəçisi Akif Qurbanov, Ələsgər Məmmədli, Ruslan İzzətli, Ülvi Həsənli, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova və başqa günahsız jurnalistlər, fəallar bir ildən artıqdır həbsdədir, axı məntiqlə həm də onlardan yazmalısan. Ancaq yaza bilmirsən, qoyulan şərtlər səni vicdanının əleyhinə getməyə, yazmağa məcbur edir; “fikir, söz və məlumat azadlığın…” tanınsa da, həm də vicdanın varsa…
500 sözü aşdım, dayanmaq gərəkdir, bunun sabahı da var, yəni növbəti müsabiqə…