Zəlzələdən zərərçəkmişlər: Prezident gələndə yaxın düşə bilmirik ki, dərdimizi deyək

“Gələni aparırlar Saray nənə üçün tikilmiş evə, Saray nənənin də küçədən xəbəri yox, elə bilir hamının evi düzəlib”

Source: Specify Source


Sakinlər deyirlər qəzalı vəziyyətə düşən evlərii hər an dağıla bilər

“Mərkəzi küçələrdəki evləri düzəldiblər, o yerlərdə evlər göz qabağındadır, tikilməli olanı yerdən söküb, təzədən tikiblər, təmir olunmalını təmir ediblər. Bir az kənardakı evlərə isə eləcə baxış keçirib, gediblər”.

Şamaxı şəhəri, Sarıtorpaq küçəsi 2 saylı ünvanda yaşayan Almaz Zahidova Meydan TV-yə danışır ki, bu ilin fevralında baş verən zəlzələ zamanı evi qəzalı vəziyyətə düşüb. Hamı kimi onun da evinə Fövqəladə Hallar Komissiyası tərəfindən baxış keçirilib. Almaz Zahidova deyir, ev özülündən qəzalı vəziyyətə düşsə də, təmir siyahısına qeyd ediblər. Ancaq heç təmir üçün də gələn olmayıb.


“Ev dağılsa, canımızı xilas edə bilməyəcəyik”

“Evimizi təxminən 15 il əvvəl tikmişik. Ancaq zəlzələ çox güclü olduğundan evi yerindən tərpətdi. Divarları yarıq-yarıqdır. Gəlib evi təmir siyahısına alanda dedik ki, bu ev təmirlik deyil, özüldən təzədən tikilməlidir. İş orasındadır ki, sonradan heç təmir üçün də gəlmədilər. Hər an dağılmaq təhlükəsi var. Evdə övladlarımla birlikdə yaşayıram. Uşaqlar var, ev dağılsa, nə uşaqların, nə də öz canımızı xilas edə biləcəyik”, – Almaz Zahidova deyir.

Zahidovlar ailəsi yerli icra hakimiyyətinə və aidiyyəti üzrə başqa qurumlara müraciət ediblər. Ancaq hələ də problemin həllinə nail ola bilməyiblər. Almaz Zahidova deyir, Fövqəladə Hallar Komissiyası və yerli icra hakimiyyəti yalnız göz qarşısında olan tikililəri təmir-bərpa edib.

reg_shamaxi_almaz_zahidovan__n_evi_divar_arali_4.jpg
“Hər an dağılmaq təhlükəsi var”


“Prezident gələndə yaxın düşə bilmirik”

Şamaxının başqa sakini Xanım Şükürova da yaşadığı evin zəlzələdən qəzalı vəziyyətə düşdüyünü və ötən 10 aya yaxın müddətdə aidiyyəti qurumların ailəylə maraqlanmadığını deyir:

“İcra hakimiyyətini də, Fövqəladə Hallar Komissiyasını da maraqlandıran yalnız prezident və vitse-prezidentə göstərmək üçün bir neçə ev oldu. Ayrı-ayrı vaxtlarda Şamaxıya gələn prezident də, vitse-prezident də onlara göstərilən evlərlə kifayətləndilər. Bir demədilər ki, keçim qonşu küçədəki evlərə baxım, kəndlərdəki evlərə baxım… Şamaxıdakı evlər təkcə Saray nənənin evindən ibarət deyil axı… Gələni aparırlar Saray nənə üçün tikilmiş evə, Saray nənənin də küçədən xəbəri yox, elə bilir hamının evi düzəlib. 10 aya yaxın vaxt keçir, necə ki, 10 ay əvvəl gəlib evi siyahıya alıb gediblər, ondan sonra maraqlanan olmayıb. Prezident gələndə adamları salırlar evlərə, deyirlər, heç kim gözə görünməsin. Prezidentə yaxınlaşa bilmirik ki, deyək, gəl, bizim də evimizə bax…”


“251 ev tikilib, 257 ev isə tikilməkdədir”

Rəsmi qurumlarsa belə demir. Bu yaxınlarda Fövqəladə Hallar Nazirliyinin (FHN) zəlzələ bölgəsi üzrə ezam olunmuş nümayəndəsi Həsən Qasımzadə jurnalistlərə bildirib ki, zəlzələnin zərər vurduğu evlərə nazirliyin mütəxəssislərindən ibarət 36 qrup tərəfindən baxış keçirilib. 847 fərdi yaşayış evi qəzalı hesab edilib. 251 evin tikintisi başa çatıb, 257 evin tikintisi davam edir. Bərpaya ehtiyacı olan 2192 evdən 1339-da bərpa işlərinə başlanılıb. 449 evdə bərpa işləri yekunlaşdırılıb.

FHN rəsmisi bildirib ki, zəlzələ baş verən rayonlarda inşa edilən evlərin keyfiyyəti ciddi nəzarətdə saxlanılır.

reg_shamaxi_almaz_zahidovanin_evi_5.jpg
“Uşaqlar var, ev dağılsa, nə uşaqların, nə də öz canımızı xilas edə biləcəyik”

Bu il fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda, Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə, İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib. Zəlzələ zamanı Şamaxı, Ağsu və İsmayıllıda dağıntılar qeydə alınıb. Ən çox zərər isə Şamaxı şəhərindəki evlərə dəyib.

Zəlzələdən bir gün sonra prezident İlham Əliyev Şamaxıya səfər edib, zəlzələdən zərərçəkmiş sakinlərlə görüşüb, onlara evlərinin bərpa ediləcəyini, bərpası mümkün olmayan evlərin isə yenidən tikiləcəyini bildirib. Aidiyyəti qurumlara isə tapşırıqlarını verib. Bundan bir neçə ay sonra isə Birinci vitse-prezident Mehriban Əliyeva da Şamaxıda olub, vəziyyətlə maraqlanıb.

reg_shamaxi_almaz_zahidovanin_evi_1.jpg
“Ancaq heç təmir üçün də gələn olmayıb”
Ana səhifəBölgəZəlzələdən zərərçəkmişlər: Prezident gələndə yaxın düşə bilmirik ki, dərdimizi deyək