Zəlzələ dərsləri

Rövşən Hacıbəyli

Foto: Meydan.tv

Taleyimiz həm də öz əlimizdədir

Türkiyədə baş verən zəlzələ, az da olsa, Bakı sakinlərinə narahatlıq yaşatdı. Yaşadığı binanın zəlzələyə davamlı olub-olmaması çoxunu qayğılandırdı. AzTV-lər, saytlar belə bu məsələyə ötəri, qaydaların imkan verdiyi qədər toxundular və dayandılar. Tikinti maqnatı sayılan “şərurlu İsfəndiyar” isə Bakı sakinlərini, daha doğrusu, tikib satdığı binaların sakinlərini arxayın salan açıqlama verdi:

“Türkiyədəki zəlzələ burada olarsa, insanlar evində çayını rahat içə bilər”.

 Onun təkcə Yeni Yasamalda tikinti və şəhərsalma standartlarına uyğun gəlməyən binalarının duruşu isə bu sözün əksini deyir. Bir-birinə bitişik, günəş işığı düşməyən, həyətində normal şəraiti, maşın saxlamaq üçün yeri olmayan bu evlərin tikinti normalarına uyğunluğu da sual altındadır…

2000-ci il noyabrın 25-də Bakıda olan zəlzələdən sonra çoxu həyət evinə üstünlük verməyə başladı. Zəlzələ çoxmərtəbəli binalara marağı azaltdı. Bakı ətrafında torpağın qiyməti qalxdı. Ancaq zamanla hər şey unuduldu, seysmik zonada yerləşməsinə baxmayaraq, neft pullarının ölkəyə axınıyla paytaxtda göydələn tikintisi bumu başladı. Büdcədən çırpışdırdıqları pullar hesabına oliqarx-məmurlar çoxmərtəbəli bina tikintisinə girişdilər. Bakının ümumi mənzərəsini pozan plansız, pərakəndə şəkildə hündürmərtəbəli binalar yağışdan sonra çıxan göbələk kimi artdı. Bütün sənədləşməsi rüşvətlə həll olunan bu binaların təhlükəsiz olmasına, zəlzələyə davam gətirməsinə, bəlkə, “şərurlu İsfəndiyar”dan başqa kimsə cəsarət göstərib qarantiya verə bilməz…

Yaşadığımız bina 1989-cu ildə istifadəyə verilib. Leninqrad layihəli 9 mərtəbəli binadır. Tikintisi sovet hakimiyyətinin dağılan vaxtlarına düşsə də, deyilənə görə, keyfiyyətə əməl olunub. O vaxt evləri sakinlərə yaşamağa hazır şəkildə  təhvil verirdilər. İmkanı olanlar yenidən mənzilinə əl gəzdirib köçürdü, imkansızlarsa eləcə köçüb yaşayırdı. Həyətimizdə 1 və 2 saylı binalardır. “Televiziyanın binası” kimi tanınan bina AzTV-nin əməkdaşları üçün tikilib, 10 mərtəbələdir, bizim yaşadığımızsa 9 mərtəbəlidir. Beton konstruksiyalı binalardır. İki bina ümumilikdə 18 blokludur. Binadakı mənzillərin çoxu dəfələrlə əldən-ələ keçib, yəni satılıb. Hər gələn yeni sahib mənzilində hansısa yenilik edib. Bu yenilik təkcə hamam-tualetin birləşdirilməsi, ya ayrılması, mətbəxin yerinin dəyişdirilməsi ilə bitməyib, otaqlara da əl gəzdirənlər olub. Bütün bu işlər isə binanın divarlarının dəyişdirilməsi hesabına aparılıb. 1989-cu ildən üzü bəri hər il hansısa mənzildə və ya mənzillərdə təmir aparılıb. Bu binalardan maşın-maşın beton daşınıb. Əsas yükdaşıyıcı divarlar beton, arakəsmələr gipsalit adlanan materialdandı. Kimlərsə gipsaliti söküb divarı kərpiclə əvəzləyib, kimlərsə mənzilində yükdaşıyıcı divarı da dağıdaraq dizaynda dəyişiklik edib. Bu işlər bu gün də davam edir; aradan 34 il keçsə də. Yenə kimsə mənzilini satır, kimsə yeni aldığı mənzildə təmir işlərinə başlayır. Bu illər ərzində yeni köçənlərdən tək-tək adam olar ki, təmir eləməsin, çoxu dərhal təmirə başlayır. Yenə divardağıdan aparatlar işə düşür, yenə kisə-kisə beton liftlə blokun ağzına daşınır. Hələ indiyə qədər hansısa dövlət qurumundan kiminsə təmir gedən evə baş çəkdiyini görməmişəm. Yalnız binadan kimsə qonşusunun balkonu böyütməsiylə bağlı çuğulluq edib polisə, ya JEK-ə xəbər verəndə gəlirlər. Onda da gəlib pullarını alıb gedirlər, iş bununla bitir, ya da mənzil yiyəsi pul verməsə, tikintini dayandırırlar. Başqa yol yoxdur. Beləcə nəhəng bina sökülüb kisə-kisə daşınır…

Yeni tikililərdə bu işə qismən nəzarət var, ancaq onlarda da tikintinin standartlara uyğun aparılıb-aparılmadığı bilinmir. Tanış tikinti mütəxəssisi deyir ki, tikintiyə icazə verən qurumlara təqdim olunan sənədlərdə çox vaxt hər şey qaydasında, normativlərə uyğun olur. Gerçəkdə isə bu qaydalara əməl edilmir. Armaturun ölçüsündə, sementin markasında, karkasın qurulmasında, betonun tökülməsi ardıcıllığında qaydalar gözlənilmir. Məsələn, çoxmərtəbəli binalarda bir mərtəbənin betonu töküləndən 28 gün (bəzi binalarda 40 gün) sonra növbəti mərtəbənin beton işi görülməlidir. Reallıqda isə biz bir ay ərzində binanın bir neçə mərtəbə qalxdığını görürük. Binanın armaturlarının ölçüsü sütunlararası və mərtəbələrarası məsafədən, sütunların ölçüsündən, eyni zamanda binanın hündürlüyündən asılı olaraq dəyişir. Bu halda diametri 12 və 24 millimetr olan armaturlardan istifadə edilir. İşlədilən armaturların da standarta uyğunluğu əsas şərtlərdəndir…

Son söz əvəzi

İndi bir çoxu binanın özülü töküləndən mənzil növbəsinə yazılır. O adamların tikintini izləmək imkanı olsa da, çox güman, maraqlanmırlar. İş işdən keçəndən sonra heç olmasa sizin betonun keyfiyyətini öyrənmək imkanınız var. Bunun üçün SKLEROMETR (bərklik, sərtlik dərəcəsini müəyyən edən cihaz) adlı cihazdan yararlanmaq olar. Tikinti sahəsində çalışan dostlarınızın köməyi ilə onu asanlıqla əldə edib yaşadığınız binada sementin markasını, yəni betonun standarta uyğun olub-olmadığını müəyyən edə bilərsiniz. Ola bilər, bina sahibi sizə sənəd təqdim eləsin və orada hər şey qaydasında olsun, yuxarıda yazdıq, sənədlərdə çox vaxt problem olmur; rüşvətlə alındığına görə. Problem tikintidə olur…

Heç kim fəlakətdən sığortalanmayıb, ancaq önləyici tədbirlərin ziyanı yoxdur. Nə qədər gec deyil, özünüz öz qayğınıza qalın, ayağınızın altı titrəyəndə gec olur.

Çalışın salamat qalın!

Ana səhifəMənim FikrimcəZəlzələ dərsləri