Zelenskidən Orbana cavab: “Ümid edirik ki, Əsədə də zəng edib mühazirəsini dinləməz”

V.Zelenski. Foto: Meydan TV

“Rusiya-Ukrayna müharibəsi ilə bağlı Ukraynasız müzakirələr aparıla bilməz”

Macarıstanın Baş naziri Viktor Orbanın dekabrın 11-də “X” hesabındakı açıqlaması Ukrayna Prezidenti Volodimir Zelenski ilə qarşılıqlı söz atışmasına səbəb olub. Orban yazıb ki, o, Ukraynadakı vəziyyəti Rusiya Prezidenti Vladimir Putinlə müzakirə edib.

“Bu səhər Prezident Putinlə bir saatlıq telefon danışığım oldu. Rusiya-Ukrayna müharibəsinin ən təhlükəli həftələridir. Biz atəşkəs və sülh danışıqları üçün mümkün olan bütün diplomatik addımları atırıq”, – deyə o yazıb.

Ukrayna Prezidenti Volodimir Zelenskinin bu tvitə cavabı gecikməyib.

“Hamımız ümid edirik ki, Viktor Orban heç olmasa hazırda Moskvada olan Əsədə zəng edərək onun bir saatlıq mühazirələrini dinləməyəcək”, – deyə Zelenski qeyd edib.

Ukrayna lideri bildirib ki, real sülh və zəmanətli təhlükəsizliyə nail olmaq üçün Amerikanın qətiyyəti, Avropanın birliyi və bütün tərəfdaşların BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə sarsılmaz sadiqliyi vacibdir.

O, Orbanı Avropa Birliyi hesabına öz şəxsi imic və maraqlarını güdməkdə qınayıb:

“Heç kim birlik hesabına şəxsi imicini yüksəltməməlidir, hər kəs ümumi uğura diqqət etməlidir. Avropada birlik həmişə buna nail olmaq üçün əsas olub. Rusiyanın Ukraynaya qarşı apardığı müharibə ilə bağlı Ukraynasız müzakirələr aparıla bilməz”.

“Mən Donald Trampa və real sülh üçün düzgün və güclü həll yolları axtardığımız bir çox Avropa liderlərinə minnətdaram”, – deyə Ukrayna lideri vurğulayıb.

Zelenskinin bu tvitinə isə Orban belə cavab verib:

“Macarıstanın AB sədrliyinin sonunda biz sülh üçün yeni səylər göstərdik. Biz Milad bayramında atəşkəs və genişmiqyaslı məhbus mübadiləsi təklif etdik. Prezident Zelenskinin bu gün bunu açıq şəkildə rədd etməsi və istisna etməsi təəssüf doğurur. Biz əlimizdən gələni etdik!”

Müharibənin xronikası

2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib. 600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən 27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib. Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Ukrayna və Qərb ölkələri isə referendumu saxta adlandırıb.

Ana səhifəDünyaZelenskidən Orbana cavab: “Ümid edirik ki, Əsədə də zəng edib mühazirəsini dinləməz”