Zelenskidən müsahibə ala bilmədiyini deyən teleaparıcı ABŞ-ı günahlandırır

Ukrayna Prezidenti Vladimir Zelenski. Videodan skrinşot

“Cəhdlərimizin qarşısı ABŞ hökuməti tərəfindən alındı”

Amerikalı teleaparıcı Taker Karlson bir ildən çoxdur ki, Ukrayna Prezidenti Volodimir Zelenskidən müsahibə götürmək istədiyini, lakin ABŞ hökumətinin buna mane olduğunu deyib.

Aparıcı iddia edib ki, danışıqların nəticəsiz olmasının səbəbkarı ABŞ-nin Kiyevdəki səfirliyidir.

“Bir çox amerikalının “NBC News” və “The New York Times”ın təqdim etdiyindən başqa baxışa, nöqteyi-nəzərə əlçatanlığı yoxdur. Zelenskidən müsahibə almaq üçün müxtəlif tərəflərdən yanaşdıq. Onun ətrafında olan xeyli sayda insanlarla görüşdük, nahar etdik, danışdıq. Cəhdlərimizin qarşısı ABŞ hökuməti tərəfindən alındı. ABŞ-nin Kiyevdəki səfirliyi Zelenski hakimiyyətinə “CNN”nə danışa biləcəyini, lakin bizə müsaibə verə bilməyəcəyini deyib” – Karlson bildirib.

Teleaparıcı deyib ki, komandası Zelenski ilə danışa bilmədiyi üçün o, Moskvaya gələrək, xarici işlər naziri Serqey Lavrovdan müsahibə götürüb.

Karlson deyib ki, Lavrovdan Rusiya ilə ABŞ arasında münasibətlərin münaqişəyə çevrilə biləcəyi ilə bağlı soruşub.

“Həmçinin Rusiyanı Şərqdəki təsir dairələrindən geri qaytarmaq və yenidən Qərbə yönləndirmək üçün bir yolun olub-olmadığını soruşdum. Donald Trampın ABŞ Prezidenti seçiləndən sonra Ukraynada müharibənin bitməsi ilə əlaqəsi ətrafında müzakirə apardıq”, – Taker Karlson deyib.

Teleaparıcı 2024-cü ilin fevralında Rusiya Prezidenti Vladimir Putindən müsahibə alıb.

İki saata yaxın davam edən müsahibə teleaparıcının saytında və sosial şəbəkədə dərc olunub.

Rusiyanın müstəqil mediası yazıb ki, Karlson Putinə heç bir kəskin və aktual sual verməyib.

Teleaparıcının özünün dediyinə görə isə Putin ona “Böyük Yekaterina və qədim Rusiya haqqında otuz dəqiqəlik mühazirə” verib.

Ana səhifəDünyaZelenskidən müsahibə ala bilmədiyini deyən teleaparıcı ABŞ-ı günahlandırır