Zelenski: “Ukrayna işğal olunmuş əraziləri qaytarmaq üçün əks-hücum əməliyyatına başlamağa hazırdır”

V.Putin və V.Zelenski. Foto: Meydan TV

“Düzünü desəm, bu, müxtəlif yollarla həyata keçirilə bilər”

Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 3-də dərc olunan müsahibəsində bildirib ki, Ukrayna Rusiyanın işğal etdiyi əraziləri geri qaytarmaq üçün çoxdan gözlənilən əks-hücum əməliyyatına başlamağa hazırdır.

Biz uğur qazanacağımıza çox inanırıq”, – deyə Zelenski “Wall Street Journal”-a bildirib.

“Reuters” yazır ki, prezident bu əməliyyatın nə qədər vaxt aparacağını bilmədiyini desə də, əsas məsələ, hazır olduqlarını dilə gətirib:

Bu, nə qədər zaman alar, bilmirəm. Düzünü desəm, bu, müxtəlif yollarla həyata keçirilə bilər. Əsas məsələ, biz buna hazırıq və edəcəyik”.

Kiyev ümid edir ki, əraziləri geri almaq üçün əks-hücum Rusiyanın 15 ay əvvəl Ukraynaya hücumundan bəri davam edən müharibənin dinamikasını dəyişəcək.

Zelenski keçən ay Ukraynanın əks hücuma başlamazdan əvvəl daha çox Qərb zirehli texnikasının gəlməsini gözləməli olduğunu söyləmişdi. O, Ukraynanın öz planlarında uğur qazanması üçün əsas olanın daha çox hərbi yardım və silah olduğunu bildirmişdi. O həmçinin, Qərbin dəstəyini saxlamaq üçün diplomatik səy göstərirdi.

Rusiya şərq, cənub və cənub-şərqdə Ukrayna ərazilərinin bir hissəsini tutub.

Bu da Ukraynanın bəzi bölgələrdə qurudan və havadan edəcəyi əks-hücumun qaçılmaz ola biləcəyinə dair gözləntiləri artırıb. Son bir neçə həftə ərzində Ukraynanın Rusiyanın silah-sursat anbarlarına və logistika marşrutlarına zərbələri artıb.

Ukrayna ordusunun iyunun 3-də açıqlanan gündəlik hesabatında bildirilir ki, hazırda şərqdəki Donetsk bölgəsindəki Mariinka döyüşlərin mərkəzidir. Xəbərdə deyilir ki, Ukrayna qüvvələri oradakı rus hərbçilərinin bütün hücumlarını dəf edib.

Ana səhifəDünyaZelenski: “Ukrayna işğal olunmuş əraziləri qaytarmaq üçün əks-hücum əməliyyatına başlamağa hazırdır”