Zelenski: “Rusiyanın humanitar dəhlizə hücumu “açıq terror”dur”

Vladimir Zelenski. Mənbə: home for heroes/shutterstock

“Biz döyüşürük və mübarizəni dayandırmayacağıq”

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hərbi müdaxiləsini “təcrübəli terrorçuların açıq hücumu” adlandırıb.

O, son müraciətində iki gün ərzində təxminən 100 min insanın ölkə şəhərlərindən evakuasiya edildiyini bildirib.

Prezident deyib ki, Rusiya qüvvələri Mariupol şəhərində humanitar dəhlizi hədəfə alıb.

Zelenski mühasirədə olan liman şəhərinə ərzaq, su və dərman yüklənmiş avtomobil karvanı göndərildiyini deyib.

O qeyd edib ki, yardımın qarşısını almaq üçün Rusiya qüvvələri humanitar dəhlizə hücum ediblər: “Son iki gündə biz humanitar dəhlizlər vasitəsilə artıq 100 minə yaxın insanı təxliyə etmişik. Bununla belə, Mariupol, Volnovakha tamamilə blokadada qalır. Biz humanitar dəhliz təşkil etmək üçün hər şeyi etsək də, rus qoşunları atəşi dayandırmadı. Amma buna baxmayaraq, Mariupola yemək, su və dərman göndərdik”.

Prezident bu missiyanı yerinə yetirməyə hazır olan bütün sürücülərə, cəsur insanlara təşəkkür edib və bunu çox əhəmiyyətli iş adlandırıb: “İşğalçılar həmin dəhliz olan yerə tankla hücum etdilər. Onlar bunu qəsdən etdilər. Şəhəri girov saxlamaq, sui-istifadə edib daim bombalamaq, mərmi atmaq əmrləri var”.

“Onlar bu gün Donetsk vilayətində Dövlət Fövqəladə Hallar Xidmətinin Baş İdarəsinin binasını dağıdıblar. Evakuasiya gözləyən insanların görüş yeri həmin binanın yanında idi. Bu, “təcrübəli terrorçuların açıq terror” əməliyyatıdır”, – deyə o bildirib.

Zelenski əlavə edib: “Dünya bunu bilməlidir ki, biz hamımız terror dövləti ilə məşğuluq. Nə olursa-olsun, biz Mariupol əhalisinə humanitar yardımı çatdırmağa çalışacağıq”.

Volodimir Zelenski bildirib ki, Rusiya qüvvələri şəhərlərdəki rabitəni bloklayıblar deyə məlumat almaq da çətinləşib.

Onun sözlərinə görə, dövlət Mariupol sakinlərinə kömək etmək üçün hər şeyi edir: “Biz döyüşürük, mübarizəni dayandırmayacağıq. Əgər Mariupolda insanlarla danışmaq, onlara yazmaq imkanınız varsa, onlara xatırladın ki, Ukrayna ürəkdən onlarladır və şəhərdəki işgəncələri dayandırmaq üçün hər şeyi edir”.

Rusiya tərəf dəfələrlə açıqlamalarında sivil əhalinin olduğu ərazilərə atəş açmadığını bildirir.

Ukrayna isə xəstəxanaların, doğum evlərinin, yaşayış binalarının hədəf alındığını söyləyir.

Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı hücuma başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Ana səhifəDünyaZelenski: “Rusiyanın humanitar dəhlizə hücumu “açıq terror”dur”