Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 25-də Azərbaycana işgüzar səfər edib. Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyev ilə əvvəl təkbətək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.
Bu, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından sonra Zelenskinin Azərbaycana ilk səfəri olub. Son dörd il ərzində bu, iki lider arasında yeddinci görüşdür.
Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivlərini, xüsusilə enerji, kənd təsərrüfatı, təhlükəsizlik, humanitar və iqtisadi sahələrdə əməkdaşlıq imkanlarını müzakirə ediblər. Hökumətlərarası Komissiyanın fəaliyyəti və qarşılıqlı iqtisadi əlaqələrin inkişafı da gündəm mövzusu olub.
Görüşdən sonra liderlər mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan-Ukrayna münasibətlərinin “çox güclü siyasi təməli” var.
“Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir”, – Əliyev deyib.
Onun sözlərinə görə, enerji əməkdaşlığı əsas istiqamətlərdən biri olaraq qalır. Əliyev qeyd edib ki, SOCAR uzun illərdir Ukraynada fəaliyyət göstərir və bu sahədə yeni layihələr, eləcə də qarşılıqlı investisiya imkanları mövcuddur.
“Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Amma ümid edirəm ki, növbəti illərdə bu rəqəm daha da böyüyəcək”, – Azərbaycan Prezidenti bildirib.
Əliyev həmçinin hərbi-texniki əməkdaşlıq və birgə istehsal perspektivlərinin də müzakirə olunduğunu vurğulayıb.
“Həm Azərbaycanda, həm Ukraynada hərbi sənaye kompleksi inkişaf edir. Burada birgə istehsalla bağlı çox gözəl imkanlar var”, – o deyib.
Ukrayna Prezidenti Volodimir Zelenski isə bildirib ki, səfər çərçivəsində altı sənəd imzalanıb. Səfərdən əvvəl Ukraynanın dövlət xəbər agentliyi Ukrinform beş sənəd üzərində iş aparıldığını bildirsə də, görüşdən sonra həm Ukrayna Prezident Ofisi, həm də Ukrinform altı sənədin imzalandığını açıqlayıb.
Sənədlərin tam siyahısı hələ açıqlanmasa da, liderlərin çıxışlarından görünür ki, əsas istiqamətlər müdafiə sənayesi, təhlükəsizlik, enerji və sənaye əməkdaşlığıdır.
“Bu gün istiqamət nömrə bir təhlükəsizlikdir”, – Zelenski deyib.
Onun sözlərinə görə, Ukrayna müharibə dövründə qazandığı müdafiə təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır.
“Ukrayna müharibə şəraitində öz müqavimət gücünü nümayiş etdirib və biz ekspert biliklərimizi bölüşmək istərdik”, – Zelenski bildirib.
Ukrayna Prezident Ofisinin məlumatına görə, Zelenski Azərbaycanda fəaliyyət göstərən ukraynalı ekspert heyəti ilə də görüşüb. Ukraynalı ekspertlər Azərbaycanın hava məkanının, kritik infrastrukturunun və mülki obyektlərinin hava hücumlarından müdafiəsi istiqamətində azərbaycanlı həmkarları ilə işləyirlər. Tərəflər antidron texnologiyaları və müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanlarını da müzakirə ediblər.
Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımı da xüsusi qeyd edib.
“Bu çox ağır dövrdə biz Azərbaycandan 11 yardım paketi almışıq. Biz bu yardıma görə öz təşəkkürümüzü bildiririk”, – Zelenski deyib.
Onun sözlərinə görə, 500-dən çox ukraynalı uşaq Azərbaycanda reabilitasiya proqramlarında iştirak edib.
“Bizim uşaqlarımıza göstərilən dəstəyə görə xüsusi təşəkkür edirəm”, – o bildirib.
Səfər çərçivəsində Azərbaycan Ukraynanın İrpen şəhərinə humanitar yardım kimi beş elektrik sərnişin avtobusu təqdim edib.
Səfərin diqqət çəkən siyasi məqamlarından biri də Zelenskinin Rusiya ilə mümkün danışıqlarla bağlı açıqlaması olub.
“Əgər Rusiya tərəfi də diplomatiya yolunu seçərsə, biz danışıqları Azərbaycanda aparmaq istərdik”, – Zelenski bildirib.
O qeyd edib ki, bundan əvvəl Türkiyədə və İsveçrədə müxtəlif formatlarda danışıqlar keçirilib və Azərbaycan gələcəkdə belə platformalardan biri ola bilər.
Yeri gəlmişkən, Qəbələ görüşü Azərbaycan-Rusiya münasibətlərində həssas bir vaxta təsadüf edib. Səfərdən cəmi 10 gün əvvəl, aprelin 15-də Azərbaycan Xarici İşlər Nazirliyi və Rusiya Xarici İşlər Nazirliyi 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında baş vermiş AZAL təyyarə qəzası ilə bağlı birgə bəyanat yayaraq kompensasiya məsələsində razılığa gəlindiyini açıqlamışdı.
Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu 2022-ci il fevralın 24-də başlayıb. Bundan əvvəl, 2014-cü ildə Krımın ilhaqı baş vermişdi.
Müharibədən sonra Qərb ölkələri və bir sıra digər dövlətlər Rusiyaya qarşı sanksiyaları genişləndiriblər. Azərbaycan bu sanksiyalara qoşulmasa da, rəsmi Bakı Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini və humanitar yardım göstərdiyini dəfələrlə bəyan edib.