Zelenski “Qremmi” mərasimində videomüraciət edib

Vladimir Zelenski. Foto: home for heroes/shutterstock

“Uşaqlarımız göydə uçan ulduzları yox, raketləri çəkirlər”

Las-Veqasda keçirilən 64-cü “Qremmi” musiqi mükafatının təqdimat mərasimində Ukrayna Prezidenti Vlolodimir Zelenskinin videomüraciəti nümayiş olunub.

Zelenskinin müraciətinin son 48 saat ərzində Kiyevdəki bunkerində qeydə alındığı deyilir.

Müraciətdən öncə Con Ledcen “Free” mahnısını ukraynalı sənətçi Lyubov Yakimçukla birgə ifa edib.

Daha sonra Ukrayna prezidentinin çıxışı yayımlanıb.

Zelenski deyib ki, hərbi münaqişə başlayandan 400-dən çox uşaq yaralanıb, 153-ü isə həlak olub: “Uşaqlarımız göydə uçan ulduzları yox, raketləri çəkirlər. Valideynlər səhəri sığınacaqlarda sağ-salamat açdıqlarına görə xoşbəxtdirlər. Doğmalarımızla təkrar bir yerdə olacağımızı bilmirik. Müharibə bizə kimin sağ qalacağına, kiminsə əbədiyyətə qovuşacağına dair seçim vermir”.

Prezident deyib ki, ukraynalı musiqiçiləri indi kostyum əvəzinə zireh geyiniblər. Onlar yaralılar üçün xəstəxanalarda çıxış edirlər: “Biz yaşamaq, sevmək, oxumaq, azadlığımız uğrunda mübarizə aparırıq. Biz öz torpaqlarımızda bombalarıyla dəhşətli sükut gətirən Rusiyayla mübarizə aparırıq. Səssizliyi musiqinizlə doldurun. Hekayəmizi danışın. Sosial şəbəkələrdə və televiziyada müharibə haqqında həqiqəti söyləyin. Bütün mümkün vasitələrlə bizə dəstək olun. Susmayın. Bu halda qələbə gələcək”.

“Müharibənin dağıtdığı Çerniqov, Xarkov, Volnovaxa, Mariupol və digər şəhərlərimiz əfsanəyə çevrilib. Amma bir arzum var ki, bu şəhərlər yaşasınlar və azad olsunlar”, – Zelenski deyib.

Ukrayna prezidentinin bir neçə gün öncə Los-Ancelesdə keçirilən “Oskar”ın təqdimat mərasiminə videomüraciətlə qoşulmaq istədiyi bildirilir.

Lakin təşkilatçılar bununla bağlı hər hansı açıqlamadan imtina ediblər.

“Oskar”ın təqdimatında Rusiyanın Ukraynaya qarşı başlatdığı hərbi əməliyyatlarla bağlı danışılmayıb.

Yalnız Ukraynada həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Həmçinin ianı edilməsinə çağırış edilib.

Ötən gün keçirilən “Qremmi” mükafatının qalibləri açıqlanıb.

“İlin ən yaxşı mahnısı” mükafatına Bruno Mars və Anderson Paakın birgə ifa etdiyi “Leave The Door Open” layiq görülüb.

Olivia Rodriqo “Ən yaxşı yeni ifaçı” olub.

“İlin albomu” nominasiyasında isə “”We Are” (Con Batist) mükafatlandırılıb.

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Həmin tarixdən etibarən Avropa İttifaqı ölkələri, həmçinin Böyük Britaniya, ABŞ, Kanada və digər ölkələr Rusiyaya müxtəlif sanksiyalar tətbiq edir.

Maliyyə sanksiyaları əsasən oliqarxlara, yüksək rütbəli hərbçilərin hesablarına, dövlət məmurlarına, prezidentə, onun köməkçisinə, nazirlərə qoyulan qadağalardır.

Bütün bu sanksiyaların səbəbi Rusiyanın Ukraynaya hərbi müdaxilə etməsidir.

Məqsəd müharibənin maliyyələşdirilməsinin dayandırılmasıdır. Həmçinin bir sıra beynəlxalq musiqi, film şirkətləri, o cümlədən, teatrlar, kinostudiyalar Rusiya və sənətçiləri ilə əməkdaşlığı dayandırıb.

Ana səhifəMədəniyyətZelenski “Qremmi” mərasimində videomüraciət edib