Zelenski mayın 15-də Putini İstanbulda gözləyəcəyini deyib

V.Putin və V.Zelenski. Foto: Meydan TV

Ukrayna Prezidenti bu görüşə Rusiyanın atəşi dayandırmadığı halda belə hazır olduğunu bildirib

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də İstanbulda Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlara hazır olduğunu bildirib.

Bu haqda mayın 11-də səhər saatlarında sosial şəbəkələrdə məlumat verən Ukrayna Prezidenti öncə bu görüşün baş tutmasının əsas şərti kimi tam atəşkəsin elan olunmalı olduğunu bildirib.

Zelenski qeyd edib ki, “tam və uzunmüddətli” atəşkəs mayın 12-də başlamalıdır. Bu, “diplomatiya üçün lazımi zəmin” yaradacaq.

“Qətlləri uzatmağın mənası yoxdur”, – deyə Ukrayna Prezidenti vurğulayıb.

O, həmçinin Rusiya Prezidenti Vladimir Putini mayın 15-də Türkiyədə gözləyəcəyini bildirib.

“Ümid edirəm ki, ruslar bu dəfə gələ bilməyəcəklərinə səbəblər axtarmayacaqlar”, – Ukrayna dövlət başçısı qeyd edib.

Bu gün, mayın 12-də isə Amerikanın “Axios” xəbər saytı öz mənbələrinə istinadən yazıb ki, Rusiya atəşi dayandırmasa belə, Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də Türkiyədə Rusiya ilə danışıqlara qatılacaq.

Ukrayna Prezidentinin atəşkəs tələbi ilə bağlı bəyanatlarından bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp Kiyevi Rusiya ilə Türkiyədə danışıqlara dərhal razılaşmağa çağırmışdı.

“Prezident Putin Ukrayna ilə atəşkəs sazişi bağlamaq istəmir. Bunun əvəzinə o, qan tökülməsinə son qoymaq üçün cümə axşamı Türkiyədə görüş təklif edir. Ukrayna bununla dərhal razılaşmalıdır”, – Tramp özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

“Ən azı onlar razılığın mümkün olub-olmadığını müəyyən edə biləcəklər və əgər mümkün deyilsə, o zaman Avropa liderləri və ABŞ hər şeyin nə yerdə olduğunu bilib, ona uyğun hərəkət edəcəklər”, – Tramp əlavə edib.

Ön tarixçə

Ukrayna müttəfiqləri – Fransa, Almaniya, Böyük Britaniya, Polşa ilə birlikdə mayın 10-da qeyd-şərtsiz 30 günlük atəşkəs rejimi təklifini irəli sürdülər. ABŞ da analoji təkliflə çıxış edirdi.

Bundan əlavə, Ukrayna, ABŞ və Aİ müharibəni dayandırmaq üçün Rusiyaya təqdim ediləcək 22 şərtdən ibarət siyahı hazırladılar. İmtina cavabı alacaqları təqdirdə Ukraynanın tərəfdaşları Rusiya Federasiyasına qarşı sanksiyaları sərtləşdirəcəklərini bildirdilər.

Mayın 11-nə keçən gecə Putin atəşkəs təklifinə toxunmadan, mayın 15-də Türkiyədə Ukrayna ilə birbaşa danışıqların “ilkin şərt olmadan” bərpa olunmasını təklif etdi.

Bunun ardınca bir sıra ölkələr, o cümlədən Ukrayna, Fransa, Almaniya və Polşa ilk növbədə atəşkəsə ehtiyac olduğunu vurğuladılar. Bu fikri ABŞ-nin xüsusi elçisi Keyt Kelloq da dilə gətirdi.

Türkiyə də sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu bildirdi.

Ana səhifəXəbərlərZelenski mayın 15-də Putini İstanbulda gözləyəcəyini deyib