Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Ermənistanın Rusiyaya verdiyi etiraz notasına da münasibət bildirib
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yanvarın 16-da keçirdiyi brifinqdə bildirib ki, AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdırmaq üçün səfərbər olmaq lazımdır.
“Bilirəm ki, təkcə yaxınlarını itirməsi səbəbindən faciənin iştirakçısı olanlar deyil, hər bir Azərbaycan vətəndaşı həqiqəti bilmək istəyir. Deyə bilərəm ki, ölkəmizin bu həqiqətə ehtiyac az deyil. Məncə, İndi biz həqiqəti tapmaq üçün səyləri birləşdirmək üçün hər şeyi etməliyik. Prezidentlərimiz iki dəfə telefon danışığı aparıblar. Xarici işlər nazirlərimiz danışıblar. İstintaq orqanlarının sıx əməkdaşlığı da önəmlidir. Rusiya XİN başçısı Sergey Lavrov bugünlərdə illik mətbuat konfransında qeyd etdiyi kimi, baş vermiş hadisə bütün fakt və faktorlar nəzərə alınaraq hərtərəfli araşdırılır”, – Zaxarova deyib.
Rusiya XİN sözçüsü deyib ki, sosial şəbəkələr, KİV və s. vasitəsilə prosesə yanlış istiqamət verilir.
“Bəlkə də istintaqı başqa istiqamətə yönəltmək, insanlar arasında nifaq salmaq, onları bir-birinə qarşı qoymaq üçün bunu edirlər. Bunun ən son nümunələrindən biri də Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovun Azərbaycan diplomatlarına yazdığı iddia edilən məktubdur. Bununla da Azərbaycanla Rusiya arasında müttəfiqlik münasibətlərinə zərbə vurmağa çalışırlar”.
AZAL-ın Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.
İlkin məlumatlara görə, təyyarə fiziki və texniki müdaxilə nəticəsində qəzaya uğrayıb.
“Rossiya 1” telekanalının “Vesti nedeli” proqramında yayımlanan süjetdə “Zəngəzur dəhlizi” ifadəsindən istifadə edilməsinə görə, Ermənistanın Rusiyaya etiraz notası verməsinə münasibət bildirən Zaxarova qeyd edib ki, burada söhbət jurnalistin sözlərindən gedir:
“Mövqeyimiz rəsmi Yerevana yaxşı məlumdur. Bu mövqenin məğzini biz dəfələrlə brifinqlərimizdə bəyan etmişik. Biz ardıcıl olaraq 2020 və 2021-ci illərdə imzalanmış üçtərəfli bəyanatlar əsasında Cənubi Qafqaz regionunda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların kompleks şəkildə blokdan çıxarılmasından danışırıq. Hər şeydən öncə burada söhbət 2020-ci il noyabrın 9-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatdan gedir. Həmin bəyanatda hər şey (o cümlədən “Zəngəzur dəhlizi” ilə bağlı müddəa-red.) dəqiq şəkildə qeyd olunub. Mən həmin bəyanatın bu hissəsini dəfələrlə səsləndirmişəm, bunu indi bir daha edəcəyəm”.
Zaxarova xatırladıb ki, bəyanata əsasən, regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılması, Ermənistanın Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verdiyi, bu marşrut üzrə nəqliyyat əlaqəsinə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları Xidmətinin həyata keçirdiyi qeyd olunub.
“Rossiya 1” telekanlının “Vesti nedeli” proqramında Zəngəzur dəhlizi ilə bağlı fikirlərin səsləndirilməsinə görə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin yanvarın 12-də Ermənistan XİN-ə çağırılıb, ona rəsmi Yerevanın etiraz notası təqdim edilib.