"
Yerli məhkəmələrdə ədalət təmin olunmasa, Avropa Məhkəməsinə müraciət edəcəyəm”
“Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsində hər yağış yağanda illərlə göz yumduğunuz, bəslədiyiniz ‘‘Məmmədoğulları’’ ASC-dən gələn çirkab kanalizasiya suları yaşadığımız ərazidə aşıb-daşır. Bu çirkab suları yaşadığımız evlərin altına dolur. Dəfələrlə sizə məktubla müraciət etsək də, hər zaman müxtəlif bəhanə ilə ''bu yaxınlarda həll ediləcək'' kimi yalanlarınızı eşitməkdən bezmişik”.
Bu fikirlər icimai fəal Zaur Əkbər “Facebook” səhifəsi vasitəsilə Binəqədi Rayonu İcra Hakimiyyətinə müraciətində yer alıb.
Müraciətdə bildirilib ki, kanalın yaratdığı fəlakət insanların, xüsusilə də uşaqların həyatı üçün böyük bir təhlükə mənbəyinə çevrilib: “Ərazidə evlərin bir çoxu nəmlikdən çat verib. Bəzi uşaqlar nəmlikdən allergiya və revmatizm kimi xəstəlik tapıb. Bilirəm, sizə deyilən, yazılan heç bir müraciətin mənası yoxdur. Ona görə də İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev başda olmaqla bu işə məsul olan şəxslərin hamısını ailə üzvlərilə ilə birlikdə həmin əraziyə gəlib, yaşamağa dəvət edirəm”.
Zaur Əkbər məhkəməyə müraciət edəcəyini də vurğulayıb: “Problem ən qısa zamanda həllini tapmasa, şəxsən Binəqədi Rayon İcra Hakimiyyətini və “Məmmədoğullar Servis”i məhkəməyə verəcəyəm. Yerli məhkəmələrdə ədalət təmin olunmadığı halda isə ədalətin ali carçısı olan Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyəm”.
Qeyd olunan küçənin sakinləri Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cınab Əli Nağıyevə də müraciət ediblər.
Onlar bildirib ki, yaşadıqları ərazidə illərdir ‘‘Məmmədoğulları’’ ASC-nin servis ərazisindən başlayan kanalizasiya və çirkab suları yaşadığımız ərazinin yaxınlığından keçməkdədir:
“Bununla bağlı bir neçə dəfə müvafiq orqanlara, o cümlədən də Binəqədi Rayon İcra Hakimiyyətinə xəbərdarlıq edilsə də, təssüflər olsun ki, hələ bu günə qədər heç bir tədbir görülməyib. Problemin tez-tez bir sıra media saytlarında ictimailəşdirilməsindən sonra Binəqədi Rayon İcra Hakimiyyətindən heç kim bu məsələnin həll olunmasına səy göstərməyib. Əvəzində isə Binəqədi RİH problemin həll olunması üçün "Azərsu" MMC qarşısında qaldırıldığını vurğulamaqla məsuliyyəti öz üzərindən atmaqla bitmiş hesab edib. İyul ayında Binəqədi Rayon İcra Hakimiyyətinı getdik, bizə bildirildi ki, bu günlərdə kanalın ləğv olunması ilə bağlı layihə mütləq şəkildə icraya başlayacaq. Amma o vaxtdan bu yana 5 aydan artıq zaman keçməsinə baxmayaraq, heç bir addım atılmayıb. Yaşadığımız ərazidə xeyli sayda azayaşlı uşaqlar vardır, amma kanalın yaratdığı dözülməz üfunət və aşırı rütubət onlarda allergiya və revmatizm kimi xəstəliklərin meydana gəlməsinə səbəb olub. Üstəlik də, pandemiya dövründə onların sağlamlığı gələcəkdə arzuolunmaz nəticələrə çıxara bilər ki, bu da ərazidə müxtəlif cür infeksion xəstəliklərin yayılmasına səbəb ola bilər. Bundan əlavə, hər yağış yağanda kanaldan su daşaraq ətrafdakı evlərin həyətinə dolur, əhalinin gündəlik gediş-gəliş üçün istifadə etdiyi yolu su tamamilə basır. Sakinlərin ətrafa yayılan çirkab sularda çəkmə ilə gəzməsi böyük bir narahatçılığa səbəb olub. Ona görə də, bu kanalın birdəfəlik ləğv edilməsi sakinlər üçün əsas məsələyə çevrilib”.
Müraciəti sakinlər Əlişir Əzizov, Eldəniz Rəsulov, Bənövşə Salahova, Famil Əliyev, Binnət Zülfüqarov, Şəfəq Məmmədova, Nuranə Əkbərova, Qarabağ qazisi Yusif Məmmədov və digər sakinlər imzalayıb.