Zamin Zəkinin həbs müddəti 3 ay azaldılıb

Zamin Zəki. Foto: şəxsi Facebook səhifəsi

İyulun 1-də Bakı Apellyasiya Məhkəməsində “QHT işi” üzrə təqsirləndirilən sosial işçi Zamin Zəkinin hökmdən verilən şikayətinə baxılıb.

Prosesə Emin Əliyev sədrlik edib.

Məhkəmənin qərarı ilə Zamin Zəkinin həbs müddəti 3 ay azaldılıb.

Bu ilin mart ayında Zamin Zəki məhkəmənin qərarı ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Dövlət ittihamçısı Zəkinin 8 il həbs olunmasını tələb etmişdi.

“QHT işi” üzrə həbslər 2025-ci ilin martından başlayıb

“QHT işi” çərçivəsində həbslər 2025-ci ilin martında başlayıb. O zaman hüquq müdafiəçisi Bəşir Süleymanlı və Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) həbs olunub.

Apreldə isə daha üç nəfər – Asəf Əhmədov, Zamin Zəki və Əhməd Məmmədzadə – eyni qərarla həbs edilib.

İstintaq zamanı bir sıra fəal şəxslərə isə həbs əvəzinə alternativ qətimkan tədbirləri seçilib. Bunlar arasında “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, ABŞ-nin Alman Marşall Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimli və başqaları var.

Habelə, ölkədən kənarda yaşayan Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə haqqında həbsli axtarış qərarı verilib.

Ana səhifəSiyasətZamin Zəkinin həbs müddəti 3 ay azaldılıb