Zahid Oruc: “Qərbi azərbaycanlılarla ermənilərin qayıdışını eyni tutmaq olmaz”

Foto: president.az

Rauf Mirqədirov İlham Əliyevin çıxışını siyasi konyuktura adlandırdı

“Ermənistandan olan qaçqınların, hətta məcburi köçkünlərin geri qaytarılması çox problemlidir. Əgər belə bir konsepsiyanın hazırlanması tapşırığı verilibsə, bu məsələ Ermənistanla Azərbaycan arasında sülh sazişinin tərkib hissəsi olmalıdır”.

Bunu siyasi şərhçi Rauf Mirqədirov Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə səsləndirdiyi fikirləri şərh edərkən deyib.

İlham Əliyev bildirmişdi ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq, bəlkə də, tez idi: “Ancaq, məncə, bu gün biz vaxt itirməməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Bizim tarixi yaşayış yerlərinin bir çoxu, mütləq əksəriyyəti indi bomboşdur. Azərbaycanlıların yaşadıqları yerlərin əksəriyyətində heç kim yaşamır. Ermənistanda bütövlükdə indi depopulyasiya dövrü hökm sürür. İnsanlar oradan gedir. Bizim kəndlərimiz dağıdılır. Biz buna dözə bilmərik. Ona görə biz Qayıdış Konsepsiyası üzərində işləməliyik”.

“Bakıda, Sumqayıtda və Gəncədə yaşayan ermənilərin də qayıdışı gündəmə gələcək”

Rauf Mirqədirov deyir ki, əgər sülh sazişinə bu məsələ daxil edilmirsə, o zaman əlavə danışıqlar başlanmalıdır:

“Bu danışıqların nəticəsində bütövlükdə qaçqınların qaytarılması istiqamətində müəyyən razılıq əldə oluna bilər. Amma Azərbaycan tərəfi nəzərə almalıdır ki, bu halda söhbət yalnız qərbi azərbaycanlıların qaytarılmasından yox, həm də Bakıda, Sumqayıtda və Gəncədə yaşayan ermənilərin də qayıdışı gündəmə gələcək”.

Amma Rauf Mirqədirov həmin qaçqınların əksəriyyətinin müstəqil dövlətlərin vətəndaşları olduqlarını vurğulayaraq əlavə edib ki, onların qayıtması prosesi asan deyil:

Foto: Rauf Mirqədirovun şəxsi arxivindən

“Çünki onların müxtəlif ölkələrdə daimi yaşayış və iş yerləri var. Bu adamların artıq ikinci nəsli anadan olubsa, formal şəkildə belə saziş imzalamaq mümkündür. Amma bu ideyanı gerçəkləşdirmək sıfra bərabərdir. Adi bir misal, dövlət başçısı ilə görüşdə ağızdolusu danışan adamların heç biri Bakıdakı güzərananı qoyub Ermənistana qayıtmayacaq. Nəzərə alın ki, onların hamısı şəhərdə yaşayır, Ermənistanda isə azərbaycanlılar kənd yerlərində məskunlaşmışdılar. Gəlin, səmimi olaq, bəli, ölkə başçısı düz deyir, o kəndlərin bir hissəsi boşdur, lap tutalım, qayıtmaq prosesi baş tutdu, onlara torpaq da verdilər ki, gəlin yaşayın. Ağzı köpüklənə-köpüklənə prezidentə mədhiyyə deyən bu adamlar Bakıdakı isti yerlərini, vəzifələrini, deputat mandatlarını qoyub, Ermənistandakı kəndə qayıdarlarmı? Gedib kənd təsərrüfatıyla məşğul olarlarmı? İnanmıram, çünki sosial şərait onların indiki həyatına uyğun deyil. Amma ermənilər Bakıda, Gəncədə, Sumqayıtda şəhərin mərkəzində yaşayırdılar və konpensasiya almaq naminə məmnuniyyətlə gələrdilər”.

“Siyasi konyukturadır, real perspektivi sıfra bərabərdir”

Mirqədirovun sözlərinə görə, 1998-ci ildə eks-prezident Heydər Əliyev konyuktur maraqlardan çıxış edərək və Konstitusiya normalarını kobud şəkildə pozaraq Ermənistandan olan qaçqınlara toplum şəklində Azərbaycan vətəndaşlığını verdi:

“Ən azından onların qaçqın statusunu saxlayıb, sosial və digər istiqamətlərdə heç olmasa lokal səviyyədə addımlar atmaq olardı. Amma Heydər Əliyev buna getmədi, çünki ona seçkilərdə səs lazım idi”.

“Məsələ ondadır ki, vətəndaşlıq fərdi kateqoriya olduğundan toplum şəklində vermək olmaz. Hətta ailə başçısı bütün ailə adından belə müraciət etmək hüququna malik deyil, fərdi müraciət tələb olunur. Həmin dövrdə müxtəlif beynəlxalq konfranslarda qaçqınların problemi qaldırılanda, ermənilər dedilər ki, Azərbaycanda qaçqın yoxdur, çünki onlara vətəndaşlıq vermisiniz. Bax, indi bu məsələni prezidentlə görüşdə qaldıranlar, az qala o vaxt insan haqlarından danışırdılar, onları başa düşürəm, vəzifə, deputat mandatı almaq niyyətindəydilər. İndi də siyasi konyukturadır, real perspektivi sıfra bərabərdir”, – deyə Mirqədirov fikrini tamamlayıb.

“Söhbət dinc qayıdışdan gedir”

24 dekabr görüşündə iştirak edən deputat, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Meydan TV-yə deyib ki, II Qarabağ müharibəsindəki qələbə dövlətin və xalqın qarşısında yeni strateji üfüqlər açıb:

“Əlbəttə, prezidentin dediyi kimi, əgər ərazilər işğal altından olanda, bu idealı dövlət siyasəti baxımından önə qoysaydıq, bu, xarici aləmdə Azərbaycanın əleyhinə müxtəlif qruplaşmalara, koalisiyalara, yersiz hücumlara və bir sıra hallarda təzyiqlərə səbəb olacaqdı. Həmçinin Ermənistanın arqumentlərini gücləndirirərdi, onun müdafiəsində iştirakına şərait yaradardı. Ancaq məsələnin başqa tərəfi odur ki, tarixi torpaq anlayışı heç bir xalqın həyatında, kənara qoyulmur.  Bu, həmişə mədəni, psixoloji, ədəbiyyat hadisəsi kimi qorunub saxlanılır. Bəli, “dövlət bu yöndə hansı addım atmalıdır” sualına baxış hər zaman fərqlənə bilər. Məgər, yunanlar Konstantinopol adından imtina ediblərmi? Amma İstanbul bu gün türk şəhəri olaraq dünyaya sənaye, iqtisadiyyat, mədəniyyət və siyasət baxımından özünü təqdim edib. Belə olduğu təqdirdə, cənab prezidentin qələbədən sonra yeni hədəfləri qarşıya qoyması və bunu da ötkəmlik, yüksək siyasi iradəylə gündəliyə gətirməsi əsla müxtəlif qütblərə müharibə elan etmək mənasına gəlmir. Məhz ona görə də ölkə başçısı televiziyalara verdiyi müsahibədə dedi ki, gücümüzü müxtəlif istiqamətlərə yönəltmək və avantüralara getmək niyyətində deyilik”.

“Burada söhbət dinc qayıdışdan gedir. Bu, 90-cı illərdə milləti birləşdirən azərbaycançılıq ideyasından sonra yeni ideoloji siyasi konseptdir. Məsələ ondadır ki, biz hansı coğrafiyalarda yaşamışıqsa, onun mədəni sərvətini, toponomikasını, tarixini, ənənələrini, irsini saxlamalıyıq. 90-cı illərdə Bütöv Azərbaycan ideyasından mitinqlərdə və mətbuada danışanlar, hərçənd ki, bunu ciddi doktorinaya çevirmədilər. Amma indi onların fərqli davranışlar sərgiməsi təəccüb doğurur. Məsələ ondadır ki, 24 dekabr görüşü cəmiyyətdə ruh yüksəkliyi yaradıb, passionar enerjiyə müsbət təsir edib. İndi bunu yaradıcı istiqamətlərdə göstərmək lazımdır. Məsələn, bizim mərkəzimiz bu yöndə 370 səhifəlik kitab təqdim etdi, qarşıda 5 cildlik hədəfimiz var”, – deyə Zahid Oruc qeyd edib.

“İrəvan və Göyçə Azərbaycan ordusunun strateji müşahidəsi altındadır”

“Bəs Ermənistan olan qaçqınlar, elə həmin görüşdə iştirak edənlər Bakıdan həmin boşalmış kəndlərə qayıdarlarmı?” sualına Zahid Oruc belə cavab verib:

“Söhbət ondan gedir ki, kommunikasiyalar açılsın, insanların Yerevana, Zəngəzura, Göyçəyə qayıtsın. Bəli, şübhəm yoxdur ki, o insan ora dönəcək. İndiki halda söhbət ata-babarımızın uyuduğu torpaqlara dönüşdən gedir. Şübhə etmirəm ki, Ermənistan 7 rayonu viran etdiyi kimi azərbaycanlıların yaşadığı ərazilərdə də durum eynidir. Faktiki olaraq, turistlərin getdiyi həmin mənzərələrdən yaydıqları video-fotolardan çıxarış etmək mümkündür. Ən başlıcası, dövlətin bu işi millətlə birgə strateji planda həyata keçirməsidir. Bu yöndə strateji bir sənəd hazırlanır. Ondan sonra partiyaları, müxtəlif təşkilatları, beynin mərkəzlərini araya gətirmək lazımdır. Məsələ yanız qərb-şərq istiqamətində hücum planının hazırlanmasından getmir. Məqsəd ilk növbədə cəmiyyəti, xalqı tarixi keçmişinə bağlamaq, onun gənclərin həyatında özünə yer etməsinə təsir göstərməkdir. Bunun üçün görülməli çox işlər var, söhbət yalnız film çəkmək, dərslik hazırlamaqdan və ya əsər yazmaqdan getmir”.

Zahid Oruc. Foto: Meydan TV

“Biz 90-cı illərdə Qarabağ uğrunda savaşı xalq savaşına necə çevirdiksə, Qərbi Azərbaycan idealı da belə olmalıdır. Prezidentin obrazlı ifadəsi var: necə ki, vaxtilə Ağdama binokldan baxırdıq, 12-13 sentyabrdan sonra İrəvan və Göyçə Azərbaycan ordusunun strateji müşahidəsi altındadır. O zaman bizim o ərazilərə dinc qayıdışımıza şübhə etmirəm”, – deputat bildirib.

“Xankəndidə, Xocavənddə olan bir ovuc erməni Azərbaycan qanunlarına hörmətlərini ifadə etməlidirlər”

“Əgər Azərbaycan qərbi azərbaycanlıların qayıtması məsələsini beynəlxalq səviyyədə qaldırırsa, sabah Ermənistan da Gəncədən, Bakıdan, Sumqayıtdan gedən ermənilərin qayıtmasını gündəmə gətirəcək. Bəs bu, necə olacaq?” sualına gəlincə isə Zahid Oruc deyib ki, bu məsələlər arasında fərqlilik var:

“Birinci növbədə Xankəndidə, Xocavənddə olan bir ovuc erməni Azərbaycan  qanunlarına hörmətlərini ifadə etməlidirlər və bundan sonra vətəndaşlıq qazanmalıdırlar. Onunla paralel xalqımıza qarşı cinayətlərdə iştirak etməyən şəxslərdən bəhs edirik. Reinteqrasiya baş verdikdən sonra ikinci planda dediyiniz məsələyə baxıla bilər. Ancaq bu da yenə cəmiyyətin müzakirəsinə çıxarılmalıdır. Çünki həmin ermənilərin vaxtilə dəyişib, yaxud satıb getdiyi mənzili ilə bağlı təzminat davası açması mümkün deyil. Hər bir halda ermənilərin geri qayıdışını və burada yaşamaq istəyini min illər Qərbi Azərbaycanda yaşayanların geri qayıdışı ilə eyni tutmaq olmaz. Söhbət aborigen xalqın öz hisslərini dinc və sülh vasitəsilə həyata keçirməkdən gedir. Belə olduğu təqdirdə, bizim qarşı tərəfin iddialarına daha hüquqi cavablarımız var. Amma bir daha o situasiyada sülhdən, müqavilədən, birgə yaşayışın Qarabağda və ətraf ərazilərdə deyil, daha geniş ölçülərdə, ərazilərdə tapılmasından asılıdır”.

Deputat bildirib ki, Cənubi Qafqazda sayı sürətlə artan azərbaycanlılardır:

“Əlbəttə, bir sıra xarici dairələr istərdi ki, azərbaycanlıların sayı elə 3 milyonu keçməsin. Buna nail ola bilmədilər. Şükür olsun artmışıq və onlar da ordumuzun sayını təşkil etdilər. İndi isə Qərbi Azərbaycan idealını dövlətin daha geniş planda milli sənədinə çevirmək İlham Əliyevin tarixi liderliyindən irəli gəldi, qələbə bu şəraiti doğurdu”.

Tarixçə

1988-ci ildə Ermənistan SSRİ-nin Azərbaycan SSRİ-yə qarşı ərazi iddasından sonra Ermənistanda yaşayan azərbaycanlılar deportasiya olunub.

Nəticədə Ermənistandan Azərbaycana 200 mindən çox azərbaycanlı köçməyə məcbur olub. Beləliklə, Ermənistandan olan azərbaycanlılar qaçqın adlandırılıb.

1998-ci ildə Vətəndaşlıq qanunu qəbul ediləndən sonra onların qaçqınlıq statusu ləğv edilib.

Ana səhifəSiyasətZahid Oruc: “Qərbi azərbaycanlılarla ermənilərin qayıdışını eyni tutmaq olmaz”