Müəllim: “Hərdən bizə elə gəlir ki, 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində məktubları zibil qutusuna atırlar”
“Sağlamlıqları məhdud olan müəllimlərə maaşlarının 25 faizi həcmində əlavə əmək haqqı ödənilməlidir. Ətraf rayonlarda, Bakıda bu, icra olunur. Ancaq Biləsuvar Rayon Təhsil Şöbəsində ikinci qrup əlillərə bu qanun icra olunmur”.
İxtiyar Ağayev Biləsuvar rayonunun İsmətli kəndində yaşayır. Rayonun Aranlı kənd ümumi orta məktəbində müəllim işləyir. Deyir, 2009-cu ildən ikinci tip ağır gedişli şəkərli diabet xəstəsi kimi ona ikinci qrup əlillik təyin olunub. İllərdir ki, sağlamlığının məhdudluğuna görə maaşının 25 faiz əlavəsini ala bilmir.
Qanundan xəbər tutanda müraciət etdik
İxtiyar müəllim sözünə davam edir:
“Tək mən deyiləm, rayonda mənim kimi xeyli əlil var ki, əmək fəaliyyəti ilə məşğul olub maaş alır, ancaq onlara maaşlarının 25 faizi əlavə olaraq ödənilmir. Düzü, biz əvvəl belə bir qanunun olduğunu bilmirdik. Xəbər tutanda başladıq aidiyyəti qurumlara müraciət etməyə. Əvvəl şifahi qaydada müraciət edirdik, 2 ildir ki, rəsmiləşdirmişik. Ancaq yenə nəticəsi yoxdur”.
Əlillər 2016-cı ildən bugünədək yazılı şəkildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqına (ATİAHİ) və aidiyyəti üzrə başqa qurumlara, həmçinin ölkənin prezidentinə müraciət ediblər. ATİAHİ də özünün Biləsuvar rayon şöbəsinə və rayonun təhsil şöbəsinə məktub göndərərək qeyd edib ki, İxtiyar Ağayevin əmək haqqı 25 faiz artırılmalıdır.
Məktublar əldən-ələ gəzsə də…
Biləsuvar rayon Təhsil Şöbəsindən Meydan TV-yə bildirilib ki, İxtiyar Ağayev Təhsil Şöbəsinə və Təhsil Nazirliyinə müraciət edib, Nazirliyin Maliyyə Şöbəsi də müəllim-əlilin əmək haqqına əlavənin ödənilməsi ilə bağlı məktubunu 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə göndərib.
Müəllim-əlil deyir, məktubları ünvan-ünvan, əl-əl gəzir, ancaq problem həllini tapmır.
“Məktublarımızı bir-birlərinə ötürə-ötürə qalıblar. Halbuki, çox sadə işdir. Sağlamlığı məhdud olan müəllimin maaşının üzərinə 25 faiz əlavə nədir ki? Buna görə illərdir bizi süründürürlər. Hərdən bizə elə gəlir ki, 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində məktubları zibil qutusuna atırlar. Əlillərə ikinci sort adamlar kimi baxırlar”.
13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzindən Meydan TV-yə cavab verilməyib.
Maaşa əlavə əlillik təyin olunan gündən hesablanmalıdır
Hüquqşünas Vaqif Alıyev deyir ki, Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli 185 saylı Qərarına əsasən, müəssisədə çalışan II qrup əlillərin əmək haqqı digər işçilərə nisbətən 20-25 faiz artırılmalıdır. Əks halda, vətəndaş məhkəməyə müraciət edə bilər:
“Əgər bu adama əlillik 2009-cu ildə təyin olunubsa və əmək fəaliyyətində olubsa , ona əmək haqqının əlavəsi də həmin ildən hesablanmalıdır”, – hüquqşünas bildirilib.
İsmətli kənd orta məktəbinin müəllimi Fətağa Əliyev də ikinci qrup əlildir. O da eyni tələblə hökumətə müraciət edib, rəsmi qurumlar onun da məktublarını eyni qaydada bir-birlərinə ötürürlər.