Yunis Səfərovun işi Gəncə məhkəməsindən alındı

E.Vəliyevin qardaşı, respublikanın hərbi prokuroru Xanlar Vəliyevlə məhkəmə sədrinin bacısı qudadır.

Yunis Səfərov, Foto: Meydan TV


Meydan TV-nin üzə çıxardığı faktı əsas gətirən vəkillərin vəsatəti təmin olunub

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin işi üzrə məhkəmə prosesi yenidən başlayacaq. Meydan TV-nin əldə etdiyi məlumata görə, bu iş Gəncə Ağır Cinayətlər Məhkəməsindən alınaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinə verilib. Martın 18-nə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə yenidən bu iş üzrə yeni hazırlıq iclası təyin edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsində Y.Səfərov və digərlərinin işi üzrə bir neçə dəfə məhkəmə iclası keçirilmişdi. İşə məhkəmənin sədri Natiq Əliyev və iki hakimi – Məhəmməd Bağırovla Nural Əliyev baxırdı. Məhkəmə prosesi davam etdiyi bir vaxtda Meydan TV üzə çıxardı ki, məhkəmə prosesinə sədrlik edən Natiq Əliyev sabiq icra başçısı ilə qohumdur. E.Vəliyevin qardaşı, respublikanın hərbi prokuroru Xanlar Vəliyevlə məhkəmə sədrinin bacısı qudadır. Yəni N.Əliyevin bacısı qızı X.Vəliyevin gəlinidir. Məclislərdə E.Vəliyevlə N.Əliyev mütəmadi görüşürlər, aralarında çox yaxşı münasibət var.

Fevralın 17-də keçirilən son məhkəmə iclasında vəkillər Meydan TV-nin bu məlumatını əsas gətirib, Y.Səfərov və digərlərinin işinin Gəncə Ağır Cinayətlər Məhkəməsindən alınıb, Bakı Ağır Cinayətlər Məhkəməsinə verilməsi barədə vəsatət qaldırmışdılar. Vəsatət təmin olunub.

2018-ci il iyulun 3-də Gəncədə sabiq icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazov güllələnib. Sui-qəsdi törətməkdə şübhəli bilinən Yunis Səfərov həbs olunub. Bir neçə gün sonra Y.Səfərovun üzərində zorakılıq əlamətləri olan fotoları yayılıb, onun polis idarəsində işgəncəyə məruz qalması barədə iddialar səslənib. Ardınca iyulun 10-da Gəncədə etiraz aksiyası keçirilib. Aksiyada iki polis polkovniki qətlə yetirilib.

Bundan sonra 80-ə yaxın adam həbs edilib. Daha bir neçə nəfər isə tutularkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qətlə yetirilib. Öldürülənlər arasında polis polkovniklərini xəncərlə qətlə yetirməkdə şübhəli bilinən Rəşad Böyükkişiyev də var.

Həbs olunanların işi bir neçə qrupa bölünərək məhkəməyə göndərilib. Onlara 6 ildən 20 ilə qədər həbs cəzası verilib. Sonradan apelyasiya məhkəməsi hökmləri dəyişib, cəzaları azaldıb. Həbs olunanlardan təxminən on nəfər artıq azadlığa buraxılıb.

Yunis Səfərov və onunla eyni qrupda olan daha 11 nəfərin məhkəməsi isə yeni başlayıb. Bu qrupdakı 12 nəfərdən ikisi artıq həyatda yoxdur. Anar Bağırov və Ağa Sərxani də tutularkən öldürülənlərdəndir. Amma onların adı təqsirləndirilən şəxs qismində cinayət işinin materiallarına əlavə olunub.

Ana səhifəSiyasətYunis Səfərovun işi Gəncə məhkəməsindən alındı